Hökumət vətəndaşı işlə təmin etmək istəyir, amma belə də yox...

İqtisadiyyat

28.08.2020 - 21:04

Aztəminatlı ailələr üçün sosial bağlar: bu yanaşma ilə məşğulluq problemini həll etmək olarmı?

 

Son illərdə dövlət, xüsusən kənd yerlərində özünüməşğulluğa cəlb edilən vətəndaşların sayını artırmağa çalışır. Beləliklə, “Sosial bağlar” layihəsi çərçivəsində aztəminatlı vətəndaşlar meyvə bağları salmaq üçün torpaq sahəsi ala bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) layihədə iştirak etmək istəyənlərin müraciətlərini sentyabrın 1-dək qəbul edir. Layihə bu mərhələdə yoxsulluq meyarlarına cavab verən 250 ailəni əhatə edə bilər.

 

Bu günə qədər ölkənin 16 bölgəsində sosial bağlar salınıb: Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax və Zaqatala.

 

"Xidmət-iş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya açıqlamasında, proqramın sona qədər düşünülmədiyini və bunun niyə yalnız 16 rayonda həyata keçirilməsinin aydın olmadığını deyib: “Digər rayonlarda bu işlə məşğul ola biləcək ailələr yoxdur? Bəs niyə yalnız 250 ailədən danışırıq? Bunlar çox təvazökar rəqəmlərdir. Tələb olunan ehtiyac meyarlarına baxsanız, bəlli olacaq ki, lüks deyil, sadə, köhnə bir maşınınz varsa, artıq aztəminatlı ailə sayıla bilməzsiniz. Bu, tamamilə yanlış yanaşmadır”.

 

“Meyvə bağı yetişdirmək asan məsələ deyil və ağacların normal bir məhsul verməyə başlaması üçün bir neçə il, daha doğrusu, 5-6 ilə yaxın vaxt lazımdır. Bu müddət ərzində ailələr nə etməlidir? Bu müddət ərzində çox şey dəyişə bilər. Torpaq sahələri götürmüş insanlar üçün tez bir zamanda məhsul verən kələm və ya kartof əkmək daha sərfəlidir. Ancaq problem ondadır ki, planlaşdırma olmaması səbəbindən bütün fermerlər eyni məhsulu əkməyə başlayır. Nəticədə, bazarda tələbatdan artıq məhsul yaranır ki, kəndlilər eyni kələmi çox aşağı qiymətə satmalı olurlar. Yoxsul vətəndaşlara bağ salınması üçün boş sahələr yox, hazır bağlar verilməlidir”, - İsmayılov bildirib.

 

AYNA-nın digər müsahibi, iqtisadçı-ekspert Fuad Əlizadə isə “Sosial bağlar”ın yaxşı bir təşəbbüs olduğunu düşünür: “Ehtiyac meyarı mahiyyətcə eynidir - bir şəxsin qazancı 190 manatdan azdırsa, deməli, o, ehtiyacı olan şəxsdir. Bu layihənin sayəsində daha çox insanı məşğulluğa cəlb etmək mümkün olacaq. Məşğulluğa bu yanaşmanı klassik adlandırmaq olmaz. Bu yanaşma qeyri-ənənəvi olsa da, maraqlıdır və effektiv ola bilər. Ancaq nəzarət etmək lazımdır ki, torpaq sahələrinin paylanması prosesi ədalətli və şəffaf olsun. Kənd yerlərində kənd təsərrüfatı heyvanlarını paylamaqla daha çox insanı özünəməşğulluğa cəlb etmək istəyirlər. Heyvanların sağlam olması, fermerlərin onlara lazımi qayğı göstərmələri və kənd təsərrüfatı bitkilərinin əkini ilə məşğul olanların aqrotexniki tədbirlərlə məşğul olması da vacibdir”.

 

Başqa bir iqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya deyib edir ki, hökumətin işsizliklə mübarizə istiqamətində atdığı addımlara kompleks şəkildə baxmaq lazımdır: “Dövlət çox sayda işsizlə yalnız iqtisadi yolla mübarizə apara bilməz, baxmayaraq ki, işsizliyin ən yaxşı müalicəsi bazar iqtisadiyyatının liberallaşdırılmasıdır. Orta və kiçik müəssisələrin açılması və uğurlu fəaliyyət göstərməsi üçün şərait yaratmaq lazımdır. Dövlət onlara güzəştlər və aşağı vergilərlə dəstək verməlidir. Ancaq bu, belə deyil. Nəticədə, iqtisadçının fikrincə, sosial iş yerləri yaratmaqla tam başqa bir yol seçildi. Bu işlər az maaşlıdır, amma əsas məqsəd mümkün qədər çox insanı işlə təmin etməkdir. Yəni məqsəd keyfiyyət deyil, kəmiyyətdir”.

 

“Məsələn, pambıqçılığı götürün. Bu sahə insanları 200 min iş yeri ilə təmin edir, ancaq, yalnız dövlət dəstəyi sayəsində mövcuddur. Yeni yaradılan ictimai işlərə gəlincə, bu cür işlər büdcə üçün bir yükdür – insanlar heç bir şey istehsal etmir, amma nə iləsə məşğul olurlar. Burada mənfəətdən danışmağa belə, dəyməz. Hökumət aşağı gəlirli olmasına baxmayaraq, bir çox insanı müxtəlif layihələrə cəlb etməyə çalışır. Təəssüf ki, məşğulluq sahəsində heç bir ciddi irəliləyiş yoxdur”, - ekspert bildirib.

 

“Sosial bağlar” haqqında danışırıqsa, Cəfərlinin fikrincə, sahələri qəbul edənlər inkişaf üçün başqa kömək də alacaqlar: “Lakin bu işi dövlət yox, biznes görməlidir. Dövlət yalnız çoxillik kreditlər, kənd təsərrüfatı sektorunun inkişafı üçün elmi laboratoriyaların yaradılması ilə kömək etməlidir. Belə məşğulluq problemi həll etmir və bir gün çoxlu problemlərə səbəb ola bilər. Bu cür işlər səmərəli deyil, iqtisadiyyatın inkişafına təkan vermir. Bu, 2000-ci illərdə Yunanıstandakı vəziyyəti xatırladır. O vaxt orada Sosialist Partiyası hakimiyyətə gəldi və bir çox iş dövlət tərəfindən subsidiya edildi. Bəli, bildiyiniz kimi, iqtisadi böhran baş verdi və Yunanıstan yalnız Avropa İttifaqının dəstəyi sayəsində ayaqda dura bildi. Azərbaycanın çətin vaxtında bu yükünü çəkəcək bir ölkəsi yoxdur. Odur ki, məşğulluq problemini həll etmək üçün fərqli bir yanaşma lazımdır”.

Müəllif: Elya Belskaya