“Həsrət körpüsü” ətrafından Bakıya yönələn təhdid: Tehran rejiminin dərdi nədir?

Aktual

27.03.2023 - 18:27

Ağrı Qaradağlı: “İranın fars-molla rejimi terrorçu bir rejim olduğu üçün hansısa terror-təxribatlar həyata keçirə bilərlər, amma birbaşa hərbi müdaxilə inandırıcı deyil”

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra cənub qonşumuz İranın siyasətində dəyişiklik müşahidə edirik. Tehran rejiminin Bakıya qarşı aqressiv siyasəti bu günlərdə pik həddinə çatıb. “Qırmızı xətləri” keçən İranın molla rejimi Azərbaycana demək olar ki, hər gün təhdidlər yağdırmaqdadır. Ötən il Araz çayı vadisində keçirdiyi genişmiqyaslı iki hərbi təlim, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı terror hücumu, onun ardınca Azərbaycan hava sərhədlərində hərbi təyyarələrlə manevrlər etməsi İranın təhdidlərində dozanı artırdığını göstərir. Bununla yanaşı, bu günlərdə İran İnqilab Keçikçiləri Korpusu (SEPAH) generalları Xudafərin körpüsü yaxınlığında məxfi toplantı keçiriblər. Eyni zamanda, Azərbaycanın cənub sərhədlərinə və Naxçıvanla sərhədə xeyli hərbi texnika cəmləşdirib.   

Tehran rejiminin addımları İranın Azərbaycana qarşı hərbi müdaxiləyə başlama ehtimallarını gücləndirir. Ekspertlər bildirirlər ki, İranın hərbi hazırlıqları, sərhədlərə qoşun cəmləşdirməsi sıradan hadisə deyil.

Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı deyib ki, Azərbaycan müstəqillik qazandıqdan bu yana qonşularının hamısı ilə səmimi qonşuluq siyasəti, dost siyasəti həyata keçirmək istəyib:

- Təəssüflər olsun ki, Azərbaycanın üç qonşusu – Rusiya, İran və Ermənistan eyni siyasəti həyata keçirməyib. İranın molla-fars rejimi heç zaman Azərbaycana qonşu, dost kimi yanaşmayıb. Bunun səbəbləri çoxdur. Əsas səbəb isə Azərbaycandakı insanların böyük çoxluğunun milli kimliyinin türk olmasıdır. İran hər zaman türk düşmənçiliyi siyasətini həyata keçirib, bu gün də həmin siyasət davam etməkdədir.

Fars generallarının gəlib Azərbaycan sərhədinə, “həsrət körpüsü” sayılan Xudafərin körpüsü yaxınlığında toplanması, oraya hərbi texnika, silah-sursat cəmləşdirməsi, Bakıya hədə-qorxu gəlmələri, təhdid yağdırmaları türk düşmənçiliyinin bir daha nümayişidir. Onlar öz gücsüzlüklərini, zəifliklərini əzələ nümayişi ilə ört-basdır etməyə çalışırlar. Bu gün İran ordusu o gücdə deyil ki, hansısa ölkəni təhdid etsin. Xüsusilə də öz əhalisinin yarısını Azərbaycan türkləri təşkil edən İranın molla rejimi Azərbaycan türklərinin yeganə müstəqil dövlətinə qarşı təhdiddən başqa nəsə edə bilməz.

- Belə başa düşdüm ki, İran daxilindəki Azərbaycan türklərinin mövqeyindən çəkindiyi üçün hücum edə bilməz?

- İranda 40 milyon Azərbaycan türkü yaşayır, bu, bəllidir. Əlbəttə, onların yarısı molla rejiminə xidmət edə bilər, rejimin adamı ola bilər. Amma 17-20 milyonu rejimə qarşıdır, Azərbaycan sevdalısıdır. 20 milyonluq türkün ayağa qalxmasını, etirazını Tehran rejimi gözə alıb Azərbaycana açıq müdaxilə edə biləməz. Əgər Tehran hansısa addım atarsa, öz daxilində böyük qarşıdurma yaranacaq ki, bu, rejimin birdəfəlik sonu olar.

- Sizcə, İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycanla bağlı siyasətində niyə aqressiv meylləri artırdı?

- Azərbaycanın Vətən müharibəsindəki qələbəsini İran həzm edə bilmir. Xüsusilə də müharibədən sonra Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsi Tehran rejimini əsəbləşdirdi. Məlumdur ki, İran rejimi Zəngəzur dəhlizi məsələsini ilk gündən qəbul etmir. Hətta İran rəsmiləri açıq şəkildə dəfələrlə bəyan edib ki, bu dəhlizin açıqlmasına imkan verməyəcəklər. Rəsmi Tehran iddia edir ki, guya Zəngəzur dəhlizi İranın ticarət əlaqələrini kəsəcək. Bu, kökündən yanlış yanaşma olsa da, Tehran rejimi məntiqdən anlamadığı üçün məsələlərə məntiqsiz yanaşma ortaya qoyur.

Ümumiyyətlə isə hesab edirəm ki, Tehran rejimi üçün Zəngəzur dəhlizi məsələsi də bəhanələrdən biridir. Yenə deyirəm, İranın türk düşmənçiliyi tarixən məlumdur. Azərbaycana qarşı İranın düşmən münasibəti son 30 ildə özünü daha qabarıq göstərib. İndiki vəziyyəti İran özü üçün fürsət bilir. O mənada ki, Azərbaycanın qardaş ölkəsində - Türkiyədə daxili siyasətdə bir qədər qarışıqlıq mövcuddur. Üstəlik, güclü zəlzələ Türkiyədə sarsıntılara səbəb oldu. İran düşünür ki, türkiyənin başının qarışmasından istifadə edib Azərbaycana qarşı hərbi təxribat törətsin. Belə bir məlumatlar mövcuddur. Hətta İran Ermənistanla birlikdə Azərbaycan ərazilərinə təcavüz etmək niyyətində olduğu barədə etibarlı mənbələrin məlumatları var. Amma molla rejimi bir şeyi unudur ki, bu əməllərə qarşı Güney Azərbaycan türkləri sakit dayanmayacaq. Azərbaycan Ordusu da bunun qarşısını almaq üçün artıq kifayətə qədər gücə və hazırlığa malikdir. 44 günlük müharibə də Azərbaycan Ordusunun keçmişdəki kimi zəif deyil, güclü hərbi imkanlara malik olduğunu sübut etdi.

- İran Azərbaycana hərbi müdaxilə edərsə, beynəlxalq aləmin buna reaksiyası necə ola bilər?

- Birincisi, yenə deyirəm ki, İran o cəsarətdə və gücdə deyil ki, Azərbaycana hərbi müdaxilə etsin. İran sadəcə olaraq Ermənistandan maşa kimi istifadə edə, onlara kömək edə və Ermənistan vasitəsilə bölgədə gərginliyin artmasına nail ola bilər. Tehran rejimi Azərbaycanın Ermənistandan qat-qat güclü olduğunu anlayır və Azərbaycan Ordusunun İrəvana qədər gedə biləcəyini başa düşür. İran anlayır ki, Ermənistana nə qədər yardım etsə də bunun bir mənası olmayacaq. İkincisi, İran dediyim kimi, daxilindəki Güney Azərbaycan türkləri faktorunu bir kənara qoya bilməz. İranın təhdidləri gövdə göstərisindən başqa bir şey deyil. Düzdür, İranın fars-molla rejimi terrorçu bir rejim olduğu üçün hansısa terror-təxribatlar həyata keçirə bilərlər, amma birbaşa hərbi müdaxilə inandırıcı deyil.

Təsəvvür edək ki, İran məntiqsizliyini tam gücü ilə işə saldı və Azərbaycana hərbi müdaxilə qərarı verdi. Əvvəla, tək və ya Ermənistanla birlikdə İran Azərbaycana müdaxilə etsə, Qərb buna biganə yanaşmayacaq. İkincisi, ən yaxın müttəfiq, qardaş Türkiyə və dost Pakistan, İsrail amilini unutmaq olmaz. Bu birlik, dostluq çox böyük gücdür ki, İran bundan qorxur. Tehran rejimi nə qədər ideoloji cəhətdən məntiqsiz olsa da, siyasi cəhətdən hesablamamış addım atmaz.

Müəllif: Anar Bayramoğlu