“Hər tərəfdən yollarımızı bağlayıblar, heç bir iş görmək olmur” – <font color=red> SOSİAL MƏNZƏRƏ</font>

Cəmiyyət

09.09.2020 - 13:17

Respondentlər pandemiya səbəbindən özlərinin və ya yaxınlarının üzləşdikləri çətinliklərdən danışıblar

 

Pandemiya səbəbi ilə Azərbaycanda elan edilən uzunmüddətli və sərt karantin rejimi əhalinin böyük qismini işsiz qoyub. AYNA-nın sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi sorğuda iştirak edənlər pandemiya səbəbindən özlərinin və ya yaxınlarının üzləşdikləri çətinliklərdən danışıblar. Beləliklə:

 

Bəsti Məhərrəmova: “Bacım evlidir və 3 uşağı var. Həyat yoldaşı internetklub işlədirdi. Bircə dəfə 250 manat pul verdilər, sonra heç nə vermədilər. Maddi cəhətdən sürünürlər, keçən dəfə öyrəndim ki, içməyə çayları yoxdur, o qədər borcu var ki, maşın, kredit, bank, mebel, bunlardan əlavə, internetklubun kirayəhaqqının 50%-ni də istəyir sahibi. Yenə borc-xərclə verirlər ki, işləri əllərindən çıxmasın, yaxşı yerdədir deyə. Bacım dırnaq ustasıdır, az-çox işləyir, iş çox zəifdir”.

 

Liam Əliyev: “Pandemiyanın bütün insanlarda olduğu kimi mənim həyatımda da böyük təsirləri oldu. Amma xaricdə yaşadığım üçün ölkədəki müvafiq təbəqədən daha az təsirləndiyimi düşünürəm. İşim təhsil sahəsində olduğu üçün elə pandemiya başladığı andan işimi itirdim. Elan olunan sözdə qısamüddətli, əslində isə uzunmüddətli karantin dövründə hesabımda az-az yığılan vəsaitlə keçindim (bizim ölkədə bu, mümkün olmazdı). Dövlətdən, yəni yaşadığım ölkədəki Azərbaycan səfirliyindən heç bir maddi dəstək, sosial yardım almamışam”.

 

Gülnarə Cəfərova: “Nə yaxşı ki borcum, kreditim, faizim yox idi. Heç bir dövlət dəstəyi ala bilmədim. Daimi və özüməməxsus işim dayandı deyə, məcbur qalıb başqa və qətiyyən sevmədiyim iş tapdım. Hələlik həmin işdəyəm. Karantin bitər-bitməz, əyləncə sektoru öz axarına düşər-düşməz indiki məcburi işdən çıxacam”.

 

Ceyhun Əhəd: “Mən karantin başlayan vaxtdan gəlir yerimi itirdim.  Heç bir dövlət dəstəyi görmədim. Bank və mağaza kreditim var, onları isə beş aydır gecikdirə-gecikdirə az bir hissəsini ödəyirəm. Onu da necə ödəyirəm? İllərdir aldığım hər hansı bir əşyanı satmaqla. Notbuk, fotoaparat, səsgücləndirici, telefon və sair… Onlar da bitdi. İndidən sonra necə olacağı barədə heç bir fikrim yoxdur. Dövlətin köməyi bir qırağa qalsın, haqsız yerə cərimələr də xərclərimə əlavə olunub. Hər tərəfdən yollarımızı bağlayıblar, heç bir iş görmək olmur”.

Müəllif: Bünyamin