“Hakimiyyət bir neçə yüksək çinli məmuru yola salmaqla “beşinci kolon”u bitmiş saydı”

Siyasət

21.11.2022 - 14:22

Qorxmaz İbrahimli: “Xaricdən Azərbaycana qarşı təzyiqlərinin qarşısını almaq istəyiriksə, daxildə milli birliyə və həmrəyliyə nail olmalıyıq”

Rusiyanın Baş naziri Mixail Mişustin ötən həftə Azərbaycanda səfərdə olub. Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya hökumətinin başçısı Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Əli Əsədovla görüşüb.

Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə Mişustinin Bakı səfəri ciddi müzakirələrə səbəb olub. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artdığı və Ukrayna cəbhəsində Moskvanın öz mövqelərini itirdiyi bir zamanda Kremlin postsovet ölkələrinə nəzarəti artırmağa çalışdığı və son səfərin də məhz bundan qaynaqlandığı iddia olunur.

Mişustinin Bakıda olduğu dönəmdə Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul etməsi, Azərbaycanın Avropa ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğuna dair bəyanatı da diqqətdən yayınmır. Bu, öz növbəsində ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcəyini söyləməyə əsas yaradır.

Aydınlar Partiyası sədrinin birinci müavini, politoloq Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində Azərbaycanda və regionda baş verən son olaylar barəsində danışıb.

- Rusiyanın Baş naziri Mixail Mişustinin Bakıya səfəri ciddi müzakirə mövzusudur. Regional konfliktlərin artdığı bir şəraitdə Mişustinin Bakıya səfərini müxtəlif aspektlərdən şərh edirlər. Rusiya Baş nazirinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

- Göründüyü kimi, Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfəri qəfil baş verdi. Hansı ki, adətən bu cür səfərlər barədə bir neçə həftə öncədən müəyyən məlumatlar yayılır. Bu dəfə isə bu baş vermədi. Bu da öz növbəsində haqlı sualların meydana çıxmasına səbəb olur. Azərbaycanın siyasi və ictimai elitası bu səfərin proqramı barədə məlumatsızdır. Yalnız səfərlə bağlı rəsmi məqamlar verilib ki, bu da yetərli sayıla bilməz. Bu səbəbdən mövqeyimizi ehtimallar üzərində qurmağa məcburuq.

Hesab edirəm ki, Mişustinin səfəri Azərbaycan-Fransa, Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətləri zəminində ortaya çıxan bir səfərdir. Bu səfərdən müsbət nəticələr gözləmirəm. Nəinki Mişustinin, Rusiya rəsmilərinin Azərbaycana səfərlərindən ciddi nəticələr gözləməyə dəyməz. Çünki Rusiya hər zaman postsovet məkanını, habelə Azərbaycanı təzyiq altında saxlmağa çalışıb. Baxmayaraq ki, Sovet İttifaqının süqutunun üzərindən 30 ildən vaxt keçir, Moskva hələ də imperialist siyasətində əl çəkə bilmir.

Məlumdur ki, Azərbaycanın əsas tələbi Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdən çıxarılmasıdır. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatda da bu məqam öz əksini tapıb. Lakin Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Təbii ki, Moskva istəsəydi, çoxdan buna nail olardı. Görünən odur ki, onlar bunu istəmirlər və belə bir ölkənin hökumət başçısının Azərbaycana səfəri də xeyrimizə yönələ bilməz.

- “Birinci kanal”da ölkəmiz əleyhinə təbliğatın ardınca Xankəndidə Moskvanın dəstəyilə təşkil olunan aksiya Azərbaycanla Rusiya arasında münasibətləri yenidən gərginləşdirib. Sizcə, Rusiya postsovet məkanında nəyə nail olmaq istəyir?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatda razılıq əldə olunsa da, buna riayət olunmur. Çünki qeyd etdiyim kimi, Rusiya bu dəhlizin açılmasında maraqlı deyil. Əgər maraqlı olsaydı, Ermənistanı buna təhrik edə bilərdi. Rusiya qoşunları 1993-cü ildə Azərbaycandan çıxarıldıqdan sonra Moskva ölkəmizə əsas təsirini itirmişdi. Kremlin Azərbaycana yalnız siyasi təsir rıçağı var idi.

Lakin artıq iki ildir ki, Rusiyanın Azərbaycana həm də hərbi təsir imkanları mövcuddur. Mövcud hakimiyyətin apardığı yanlış siyasətin nəticəsidir ki, hökumətin daxilində olan “beşinci kolon”u tamamilə zərərsizləşdirmək mümkün olmayıb. Yalnız bu qüvvələrin başında duran bir neçə yüksək çinli məmuru yola salmaqla bu işi bitmiş saydılar. Ancaq bu gün də hökumətin daxilində “beşinci kolon” fəaliyyətini davam etdirir. Bunu etiraf etmək lazımdır.

Son parlament seçkilərində Milli Məclisin bu qüvvələrdən təmizlənəcəyi gözlənilsə də, bu, həyata keçmədi. Bu gün də onlar ali qanunverici orqanda əhəmiyyətli təsir imkanlarına malikdirlər. Məhz elə bu səbəbdən Rusiya və İrana qarşı mübarizədə asılı duruma düşmüşük. Zamanında Azərbaycanda siyasi müxalifətin formalaşmasına imkan verilməməsi və Rusiyadan yönələn təzyiqləri neytrallaşdırmaq üçün “bufer zona”nın formalaşmaması da burada qeyd olunası əsas məqamlardandır. Əgər biz şimaldan və cənubdan gözlənilən təzyiqləri zərərsizləşdirmək istəyiriksə, ilk növbədə “beşinci kolon”u tamamilə sıradan çıxarmalıyıq. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycana qarşı təzyiqlərini həm də bu qüvvələrin dəstəyilə həyata keçirməyə müvəffəq olur.

- Azərbaycanla İran arasında da münasibətlər kəskinləşib. İranda başlanan kütləvi etirazlardan sonra molla rejiminin ölkəmizi hədəfə almasını və Ermənistana dəstəyi artırmasını doğuran səbəblər nədir?

- Azərbaycanla İran arasında heç zaman xoş münasibətlər olmayıb. Baxmayaraq ki, diplomatik normalara görə, bəzən bu görüntü yaradılıb, əslində isə heç zaman münasibətlər xoş olmayıb. Hətta vaxtilə mərhum Prezident Heydər Əliyevin İrana səfəri zamanı Azərbaycan bayrağındakı yaşıl rəngi dəyişməyə çalışmışdılar. Bu təzyiq siyasəti hər zaman davam edib. İşğal dövründə Ermənistana yardım ediblər, onlara dəstək göstəriblər. İran Azərbaycanda öz “emissar ordusunu” formalaşdırıb və onların əli ilə ölkəmizə qarşı ciddi siyasi təsir aləti əldə edib. Onlar bu gün də həmin qüvvələrdən Azərbaycana qarşı məharətlə istifadə edirlər.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə molla rejimi təşviş keçirməyə başladı. Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr fars rejiminin aqressiyasını daha da artırdı. Prezident İlham Əliyevin İrana ünvanladığı siyasi mesajlar bir dövlət  olaraq bizim prinsipial mövqeyimizi ortaya qoyur. Unutmaq lazım deyil ki, İranda onmilyonlarla türk yaşayır və fars rejiminin Azərbaycana qarşı təzyiqləri mümkün deyil. Bunu onlar da başa düşürlər. Anlayırlar ki, belə bir addım atsalar, ciddi nəticələri ilə üz-üzə qalacaqlar. İran daxilində yaşayan türklər ortaya qəti iradə qoyublar və Prezident İlham Əliyevin fotolarını nümayiş etdirirlər. Bu, çox ciddi mesajdır. İran çıxılmaz durumdadır və Azərbaycana qarşı təzyiqlərinin arxasında da məhz bu amil dayanır. Lakin bir daha deyirəm ki, bu məkrli siyasət faydasızdır və yekunda molla rejiminin öz əleyhinə yönələcək.

- Göründüyü kimi, region həssas bir mərhələyə qədəm qoyub. Beynəlxalq münasibətlər sistemində də böhran yaşanır. Sizcə, belə bir həssas şəraitdə Azərbaycan hansı addımları atmalıdır?

- Mən bu suala qısa cavab vermək istəyirəm. Baxmayaraq ki, bu suala cavab vermək üçün geniş danışmaq, müxtəlif ehtimallar irəli sürmək mümkündür. Əgər biz Rusiya, İran, Fransa və digər dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin qarşısını almaq istəyiriksə, daxildə milli birliyə və həmrəyliyə nail olmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsində milli həmrəylik tarixi qələbənin əldə olunmasında müstəsna əhəmiyyət kəsb etdi, beynəlxalq təzyiqlərə qarşı da birləşməliyik. Bu əsnada hakim partiya müxalif siyasi qüvvələrlə əməkdaşlığı artırmalı, sağlam siyasi dialoqa nail olunmalıdır. Yalnız bu yolla ölkəmizi daxildən və xaricdən gözləyən təhlükə və təzyiqlərdən qorunmaq olar.

Müəllif: Azər Niftiyev