Namizədlərin heç biri birinci turda qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib
Gürcüstanın beş böyük şəhərində yerli özünüidarə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Çünki namizədlərin heç biri birinci turda qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK-dan bildirilib ki, Tiflis, Rustavi, Batumi, Kutaisi və Potidə nə hakim Gürcü Arzusu Partiyası, nə də müxalif siyasi qüvvələr 50 faizdən çox səs toplaya bilib.
"Gürcü Arzusu"nun namizədi, hazırkı paytaxt meri Kaxa Kaladze 45,5 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Melia 34,13 faiz səs toplayıb.
Seçkilərin ikinci turunun təxminən iki həftə ərzində olacağı qeyd olunub.
Bundan əvvəl Gürcüstan MSK yerli seçkilərin ilk nəticələrini açıqlayıb. Məlumata görə, ümumilikdə seçki bülletenlərinin 38,63 faizi sayılıb və nəticəyə görə, “Gürcü Arzusu” 48,56 faizlə liderdir. İkinci yerdə 31.23 faizlə keçmiş Prezident Mixail Saakaşvilinin müxalifət partiyası - Vahid Milli Hərəkat Partiyası gəlir.
Qeyd edək ki, ölkədəki seçki məntəqələri dünən yerli vaxtla saat 20:00-da bağlanıb. Gürcüstanın 64 şəhər və bölgəsinin sakinləri yerli özünüidarə orqanlarına rəhbər seçiblər. Paytaxt Tiflis meri postu uğrunda rekord sayda - 16 namizəd mübarizə aparır.