Gürcüstanın Baş nazirindən Poznerlə bağlı açıqlama

Dünya

01.04.2021 - 18:08

Qaribaşvili: “Pozner və onu müşayiət edən şəxslər ölkəyə tam qanuna uyğun daxil olublar”

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili rusiyalı jurnalist Vladimir Poznerin ölkəsinin sərhədini pozmadığını söyləyib. AYNA qonşu ölkənin “1TV” portalına istinadən xəbər verir ki, Qaribaşvili teleaparıcının Tbilisiyə səfərinin Gürcüstan qanunvericiliyinə uyğunluğunu qiymətləndirib.

 

Baş nazirin sözlərinə görə, Pozner və onu müşayiət edən şəxslər ölkəyə tam qanuna uyğun daxil olublar.

 

“Amma Poznerin koronavirusun yayılmasına qarşı mübarizə qaydalarını pozması qəbuledilməzdir və buna müvafiq dövlət qurumları dərhal reaksiya göstərdi”, - Qaribaşvili əlavə edib.

 

Qeyd edək ki, Gürcüstan polisi rusiyalı teleaparıcı və jurnalist V.Pozner və onunla gələn 30-a yaxın şəxsi Tbilisiyə səfəri zamanı karantin tədbirlərini pozduğuna görə cərimələyib. Ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, teleaparıcı və dostlarının cərimələnməsinin onun gəlişi səbəbindən baş verən etirazlarla heç bir əlaqəsi yoxdur. Jurnalist 87 yaşını qeyd etmək üçün pandemiya şəraitində kütləvi tədbir təşkil etdiyinə görə cəzalandırılıb.

 

Bununla yanaşı, ad günü məclisinin keçirildiyi otel də böyük məbləğdə cərimələnib. Pozner isə artıq Gürcüstanı tərk edib və Rusiyadadır.

 

Xatırladaq ki, bundan əvvəl Poznerin Tbilisiyə səfəri etiraza səbəb olub. Etirazçılar aparıcının əvvəllər Abxaziyanın heç vaxt Gürcüstanın bir hissəsi olmayacağı ilə bağlı açıqlamalarına görə aksiya keçiriblər. Aparıcının qaldığı otelə yumurta atılıb, otel binasının yaxınlığındakı asfaltın üstündə qırmızı boya ilə "Gürcüstandan çıx" yazısı yazılıb.

Müəllif: Ayna.az