“Gürcüstan Prezidentinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq hərəkətləri həyata keçiriləcək”
Gürcüstanın Baş Prokurorluğu ölkə Örezidenti Salome Zurabişvilini seçki saxtakarlığı ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə prokurorluğun yaydığı məlumatda qeyd olunub.
“Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərində mümkün saxtakarlığa dair sübutlar olmalıdır”, – prokurorluqdan bildirilib.
Qeyd olunub ki, prokurorluq bundan əlavə, Gürcüstan Prezidentinin səsləndirdiyi faktların öyrənilməsi üçün MSK-nın məlumatında göstərilən bütün zəruri istintaq hərəkətlərini həyata keçirəcək.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa oktyabrın 26-da keçirilən parlament seçkilərində Zurabişvilinin ittiham etdiyi saxtakarlıq ehtimalının araşdırılması xahişi ilə müraciət edib. Bildirilib ki, parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra Mərkəzi Seçki Komissiyası “xüsusi hücumların və əsassız tənqidlərin obyektinə” çevrilib.