“Gürcü Arzusu” çin oldu, amma: Ölkəni ağır siyasi proseslər gözləyir

Dünya

04.11.2020 - 16:55

Natiq Cəfərli: “Hər iki tərəf üçün optimal çıxış yolu mojaritar dairələrdə nəticələrin ləğv edilməsi və həmin dairələr üzrə yeni seçkilərin keçirilməsi olacaq”

 

Gürcüstanda deputat mandatı əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina edib. Bu barədə siyasi təşkilatlar birgə bəyanat imzalayıb. Sənəddə bildirilir ki, müxalifət seçkiləri legitim hesab etmir. Müxalif qüvvələr seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edirlər.

 

Bəyanata “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, “Avropalı Gürcüstan”, “Lelo”, “Aqmaşenebeli strategiyası”, “Vətənpərvərlər Alyansı”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb.

 

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstan Parlamentinə seçkilər keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bütün seçki məntəqələri üzrə səsvermənin nəticələrini açıqlayıb. Nəticələrə görə, “Gürcü Arzusu” Partiyası 48,15 faiz səslə seçkilərdə qalib gəlib. Vahid Milli Hərəkat Partiyası 27,14 faiz, Avropalı Gürcüstan Partiyası 3,78 faiz, “Lelo” 3,15 faiz, “Vətənpərvərlər Alyansı” 3,14 faiz, “Aqmaşenebeli strategiyası” 3,15 faiz, “Qirçi” 2,89 faiz, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,33 faiz, Leyboristlər Partiyası 1 faiz səs toplayıb.

 

Müxalif düşərgə mandatdan imtina etdiyinə görə, Gürcüstan Parlamentinin yetərsayı alınmır. Parlamentin formalaşması üçün minimum 76 deputat olmalıdır ki, hazırda bu yetərsay mümkünsüzdür. Çünki hakim “Gürcü Arzusu” Partiyası 75 mandata sahiblənib. Bununla yanaşı, müxalifət artıq seçkinin nəticəsinə etiraz olaraq paytaxt Tbilisidə etiraz aksiyalarına başlayıb.

 

Qonşu ölkədə baş verən siyasi gərginliklə bağlı fikirlərini AYNA ilə bölüşən Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli xatırladıb ki, Gürcüstanda seçkilər həm proporsional, həm də mojaritar qaydada keçirilib: “30 yer uğrunda mojaritar qaydada mübarizə aparılıb ki, həmin dairələrdə ciddi qanun pozuntularının baş verdiyi məlumdur. Bunu beynəlxalq təşkilatların müşahidəçiləri də təsdiqləyirlər. Proporsional qaydada isə bəzi prosedur qaydalarının pozuntusu barədə xəbərlər və hesabatlar var. Mənə elə gəlir ki, mojaritar qaydada seçki keçirilən dairələrin tamamına yaxını ləğv ediləcək. Yenidən seçki keçirmək İvanişvili komandasına, yəni, hakim “Gürcü Arzusu”na sərf etmir. Yenidən seçkilər məğlubiyyətə bərabər haldır”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Gümanlar içərisində o da var ki, parlamentdə yetərsayın alınması üçün qalib partiya baryeri aşan bir neçə xırda partiya ilə danışıqlara başlayacaq. Həmin xırda partiyaların bəzilərinə nazir portfeli verməklə yetərsayın alınmasına nail olacaqlar. Amma ola da bilsin ki, seçkinin legitimliyinə xələl gəlməsin deyə, mojaritar qaydada seçki keçirilən dairələrin tamamına yaxınının nəticələri ləğv olunsun. İlkin məlumatlara görə, müxalifət mojaritar qaydada seçki keçirilən 20 dairənin nəticəsini tanımır. Əgər 20 dairənin ləğvi ilə müxalifət razılaşarsa, bu, siyasi böhranı aradan qaldıracaq. Yenə də deyirəm, yetərsayı hakim partiya həll edə bilər. Amma seçkinin legitimliyinin qorunması üçün müxalifətin saxtakarlıq iddiası ilə çıxış etdiyi dairələrin nəticəsi ləğv oluna bilər”, - müsahibimiz bildirib.

 

Cəfərlinin fikrincə, ümumilikdə Gürcüstanda ağır proseslərin gedəcəyi gözlənilir: “Müxalifətin təşkil etdiyi aksiyaların davamlı şəkil alacağı ehtimalı var. Bu gün müxalifət Tbilisinin mərkəzində etiraz aksiyaları keçirir, hətta çadırlar quraşdırılıb. Düşünürəm ki, hər iki tərəf üçün optimal çıxış yolu mojaritar dairələrdə nəticələrin ləğv edilməsi və həmin dairələr üzrə yeni seçkilərin keçirilməsi olacaq. Bu, siyasi böhranın həllində mühüm rol oynaya bilər”.

 

ReAl funksionerinin sözlərinə görə, bu proseslər onu göstərdi ki, keçmiş Prezident Mixail Saakaşvilinin Gürcüstana qayıtması, Baş Nazir olması mümkünsüzdür: “Saakaşvilinin özü də anladı ki, artıq onun dövrü deyil. Amma onun rəhbəri olduğu partiya, siyasi tərəfdarları Gürcüstan siyasi səhnəsində mühüm rol ala bilər. Özünün önə çıxması isə indiki şəraitdə mümkünsüz görünür”.

 

“Gürcü Arzusu” Partiyasının hakimiyyətinə seçki ilə deyil, inqilabla son qoyulması məsələsinə toxunan həmsöhbətimiz qeyd edib ki, Gürcüstanda bir neçə önəmli oyunçu var: “Tək siyasi oyunçularla məsələ həll edilmir. Bu gün Gürcüstanda kilsənin proseslərə təsirləri danılmazdır. Çünki kilsə cəmiyyətdə çox böyük nüfuza sahibdir. Bu hadisələrdə kilsə hansı mövqe tutacaq - maraqlıdır. Kilsə seçicilər üzərində böyük təsirə malikdir. Fərqi yoxdur, iqtidarın və ya müxalifət tərəfdarları olsun, onların seçiminə kilsə təsir edə bilir. Zaman-zaman Gürcüstanın dini liderinin siyasi proseslərə müdaxilə etdiyinin şahidi olmuşuq. İndi kilsənin hansı tərəfi dəstəkləməsi də proseslərin istiqamətində rol oynayacaq. Kilsə “Gürcü Arzusu”nun hakimiyyətini dəstəkləyən bəyanatlar versə, indi başlayan aksiyalar səngiyəcək. Yox, əgər barışdırıcı mövqe tutacaqsa, hər iki tərəfi danışıqlar masasına oturdacaqsa, həll yolu da tapılacaq. Bu ehtimal kifayət qədər yüksəkdir. Bir məsələ də odur ki, Gürcüstanın həm Avropa İttifaqı, həm də ABŞ-la xüsusi münasibətləri var. Yəqin ki, Avropa Birliyinin, ABŞ-ın ümumi mövqeyinin də siyasi böhranın aradan qaldırılmasında rolu ola bilər”.

 

“Küçə hərəkatı ilə, aksiyalarla, inqilabi yolla Bidzina İvanişvilinin “Gürcü Arzusu”nun hakimiyyətdən gedəcəyini düşünmürəm. Seçkilərdə nə qədər saxtakarlıq da olsa, müəyyən problemlər də olsa, cəmiyyətdə hakim partiyanın kifayət qədər dayaqları var. Bu gün Gürcüstanın yarısı “Gürcü Arzusu”nu dəstəkləyir. Əgər müxalifət davamlı aksiyalar keçirərsə, iqtidar da dəstək mitinqləri keçirə bilər. Belə olan halda, küçədə iqtidar tərəfdarlarının sayı, heç də müxalifət tərəfdarlarından az olmayacaq. Bunun da sonu görünmür. Küçədə güc göstərməyə qalsa, “Gürcü Arzusu” mitinqlərə müxalifətdən də çox vətəndaş toplaya bilər”, - Cəfərli vurğulayıb.

 

Bu səbəbdən o düşünür ki, siyasi böhranların meydanlarda həlli məsələsi Gürcüstan üçün artıq keçmişdə qalmış üsuldur: “Seçkilərdə müəyyən pozuntular olsa da, artıq ölkədə demokratik seçki institutu pis-yaxşı formalaşıb. Bu baxımdan, böhranın siyasi həllini tapacağı ehtimalı çoxdur”.

 

Gürcüstandakı siyasi proseslərin Azərbaycana təsirlərinə gəldikdə isə ReAL yetkilisi deyib ki, Gürcüstan qonşu olmaqla yanaşı, bizim üçün vacib ölkədir: “Gürcüstan bizim iqtisadi və siyasi tərəfdaşımızdır. Orada baş verən hadisələr dolayısı ilə Azərbaycana da təsirsiz ötüşmür”.

Müəllif: Anar Bayramoğlu