Dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində işlər aparılır
Martın 4-ü gecə saatlarından Daşkəsən rayonu ərazisində başlayan güclü külək, qasırğa və çovğun ciddi fəsadlar törədib.
Daşkəsən Rayon İcra Hakimiyyətindən AYNA-ya verilən məlumata görə, qarla müşayiət olunan güclü qasırğa nəticəsində Daşkəsən şəhərində, Quşçu, Bayan, Gurbulaq, Əmirvar, Qabaqtəpə kəndlərində yaşayış və inzibati binaların dam örtüklərinə ziyan dəyib, ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb.
Güclü qasırğa şəhərin S.Vurğun küçəsi 13 nömrəli, İ.Qayıbov küçəsi 45 nömrəli çoxmərtəbəli yaşayış binalarının dam örtüklərini uçurub. Həmçinin elektrik dirəklərinin bir neçəsini aşırıb.
Rayon fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində işlər davam etdirilir.