Etirazlara səbəb işçilərin iş şəraitindən narazılığı olub
Finlandiyanın bir sıra həmkarlar ittifaqları sənaye və nəqliyyat sektorunda çalışan işçilərin tətillərinin başladığını elan ediblər. AYNA xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Bildirilib ki, etirazlara səbəb işçilərin iş şəraitindən narazılığı olub. UPM, “Metso”, “Nokia”, “Orion”, “Kone” kimi iri şirkətlərin əməkdaşları, həmçinin “Finnair” aviaşirkətinin pilotları da tətildə iştirak edirlər.
Qeyd olunub ki, tətil dalğası fevralın 14-dək davam edəcək.
Xatırladaq ki, 2024-cü ilin mayında Finlandiya Parlamenti hökumətin siyasi tətillərin məhdudlaşdırılması təklifini təsdiqləyib. Sənədə əsasən, ölkədə siyasi tətil 24 saatdan, digər tətillər isə iki həftədən çox davam edə bilməz.
Qanun 2023-cü ilin iyun ayının sonunda vəzifəyə başlayan Baş nazir Petteri Orponun hökumət proqramının əsas sütunlarından biri idi. Tətillərin formatına qoyulan məhdudiyyətlər aylardır həmkarlar ittifaqlarının etirazlarına səbəb olub və Finlandiya iqtisadiyyatına böyük itkilər verib.