“Eurovision” qalmaqalı: təşkilatçılar xalları dəyişməkdə ittiham olunurlar

Dünya

16.05.2022 - 06:23

Rumıniya ən yüksək qiymətin Moldova təmsilçisinə verildiyini iddia edir

“Eurovision” təşkilatçıları Rumıniyalı münsiflər heyətinin müsabiqə iştirakçılarına verdiyi balları dəyişib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Rumıniya nümayəndə heyətinin rəhbəri Yuliana Marçuk deyib.

Onun sözlərinə görə, Rumıniyadan olan münsiflər heyəti Moldova təmsilçilərinə ən yüksək qiyməti vermək qərarına gəlib, lakin yekun reytinq hesablanarkən səs nəzərə alınmayıb. Təşkilatçılar tərəfindən edilən dəyişikliklər nəticəsində Moldova Rumıniyadan bir xal da almayıb, maksimum xal isə Ukraynaya düşüb.

Səsvermənin elanından əvvəl Avropa Yayım Birliyi altı ölkənin münsiflər heyətinin fəaliyyətini “səhv səsvermə üsulları” səbəbi ilə dayandırıb. Bununla belə, hansı ölkələrin olduğu açıqlanmayıb. Münsiflər heyətinin elanı zamanı Rumıniya təmsilçisi Eda Markus efirə çıxmayıb, əvəzində Turindəki “Eurovision” müsabiqəsinin nümayəndəsi reytinqi açıqlayıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən “Eurovision-2022”nin finalında “Stefania” mahnısı ilə Kaluş Orkestri qalib olub. Ukraynalı musiqiçilər 631 bal toplayıblar.

Çıxışlarının sonunda qrup üzvlərindən biri Ukraynaya kömək istəyib. Rusiya tərəfi bunu siyasi bəyanatların qadağan olunması ilə bağlı müsabiqə qaydasının pozulması kimi qiymətləndirib.

Müəllif: Ayna.az