Ermənistandan Türkiyəyə qarşı hesablanmış reaksiya

Siyasət

22.08.2020 - 16:04

Aralıq dənizində Türkiyənin addımlarını tənqid edən Ermənistanın qazancı nədir?

 

Türkiyənin Şərqi Aralıq dənizində kəşfiyyat işləri dünya arenasında görünməmiş bir təşvişə səbəb oldu. Ankara, araşdırma gəmisi “Oruç Rəis” və 18-20 döyüş gəmisini bölgəyə göndərdikdən sonra, Yunanıstan Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirildi.

 

Dünya güc mərkəzləri - həm Vaşinqton, həm də Paris bu mövzuda açıqlama verdi. Xüsusilə, ABŞ Türkiyəni vəziyyəti gərginləşdirməməyə çağırdı, Fransa isə Türkiyəni sanksiyaların tətbiqinin mümkünlüyü ilə hədələdi.

 

Son zamanlar Amerikanın Türkiyə ilə kifayət qədər problemləri olduğunu nəzərə alsaq (S-400 hava hücumundan müdafiə sistemlərinin Rusiyadan tədarükü haqqında danışırıq) və Fransada erməni lobbisinin güclü olduğunu düşünsək, hər iki ölkədən belə münasibət gözlənilən idi.

 

Lakin diqqət çəkən məqam odur ki, Şərqi Aralıq dənizindəki əsas oyunçular arasındakı mübahisəyə Ermənistan da qarışdı. Ermənistan Xarici İşlər Nazirliyi, hətta, bir bəyanat yaydı ki, rəsmi İrəvan “Egey və Şərqi Aralıq dənizi bölgələrində Türkiyənin qanunsuz və təxribatçı hərəkətləri nəticəsində baş verən son hadisələri və dəniz səfərbərliyini yaxından izləyir. Şərqi Aralıq dənizində belə bir pozucu mövqe Türkiyənin qonşu bölgələrdə ardıcıl təcavüzkar və ekspansist siyasətini nümayiş etdirir”.

Михаил Нейжмаков: В 2018 году российско-азербайджанские отношения ...

Rusiyalı politoloq, Qloballaşma və Sosial Addımlar İnstitutunun (IGSO) Beynəlxalq Siyasətin Təhlili Mərkəzinin rəhbəri Mixail Neyjmakov mövzunu AYNA-ya şərh edərkən deyib ki, Ermənistan rəhbərliyinin reaksiyası nisbətən kəskin olsa da, mahiyyət etibarilə növbətçi bir reaksiyadır: “Mövzuyla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatının mahiyyətini - “Yunanıstan və Kiprə qeyd-şərtsiz dəstək” ifadəsini bu qurumun rəhbəri  Zöhrab Mnatsakanyan adıçəkilən dövlətlərdəki  həmkarları ilə telefon danışığı zamanı bildirmişdi”.

 

“Buna baxmayaraq, avqustun 19-a olan vəziyyət belədir ki, Ermənistanın rəhbər şəxsləri bu kampaniyaya aktiv formada hələ qoşulmayıblar. Eyni zamanda, Ermənistanın media ekspert cameəsinin bir sıra nümayəndələri ölkə rəhbərliyini bu kampaniyanın Ankaranı nə qədər qıcıqlandırdığını nəzərə alaraq, mövzunu daha fəal inkişaf etdirməyə çağırdılar”, - ekspert bildirib.

 

Onun fikrincə, İrəvanın bu taktikasının əsas səbəbi başadüşüləndir: “Əgər Ermənistanın yüksək vəzifəli məmurları ilk gündən Türkiyəni qınama kampaniyasında daha fəal iştirak etsəydilər, çətin ki, İrəvan münaqişəyə qarışan Yunanıstan, Kipr və ya Fransadan əlavə dividendlər ala bilərdi”.

 

“İndi Ermənistanın Türkiyə ilə gərgin münasibətləri olduğuna görə, Ankaranı qınaması gözlənilir. Artıq göstərilmiş xidmətin dəyəri nə olacaq ki? Nikol Paşinyan, kifayət qədər geniş yayılmış fikirlərin əksinə olaraq, olduqca ehtiyatlı bir praqmatikdir. Buna görə də Ermənistanın Türkiyənin hərəkətlərini qınamaq kampaniyasında iştirakı Ankaranın əleyhdarlarının rəsmi İrəvana yönəlik əlavə addımlarla qüvvətləndirilməyəcəksə, sonuncunun bu vəziyyətə reaksiyası əslində növbətçi xarakter daşımaqla qalacaq”, - Neyjmakov vurğulayıb.

Müəllif: Fed Bakinski