Nazir: “Sərhədin açılması məsələsi siyasi xarakter daşıyır və təkcə Ermənistanın mövqeyindən asılı deyil”
Ermənistan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə deyib.
“Biz Baş nazir Nikol Paşinyan ilə bu sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və keçid məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması məsələsi siyasi xarakter daşıyır və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında ortaq sərhəd olmasına baxmayaraq, diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirliklərinin rəhbərləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, onları tərəflər ratifikasiya etməyiblər. 2018-ci il martın 1-də İrəvan protokolların ləğv olunduğunu elan edib. 2021-ci ildə Türkiyə və Ermənistan nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər.