Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa, “B” planı işə düşəcək?

Siyasət

10.01.2022 - 13:26

Vitali Arkov: “Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almaqdan imtina etsələr, Ermənistan vətəndaşlığı ilə yaşamaq hüququnu saxlayacaqlar”

Konstantin Tasits: “Türkiyənin addımlarının arxasında Böyük Britaniyanın dayandığı söylənilir”

“Ermənistanın demarkasiyaya gedəcəyi təqdirdə, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyacağı birmənalı deyil. Çünki Ermənistanın siyasəti ondan ibarət idi ki, Artsax Ermənistanın tərkibində deyil, müstəqildir”.

Bunu NEWS.am-a müsahibəsində tanınmış erməni politoloq Stepan Danielyan deyib.

“Ermənistan-Azərbaycan sərhədinin tanınması o demək deyil ki, Ermənistan Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyır, lakin hökumət onu tanıya bilər. Baş nazirin son açıqlaması onun bunu etiraf etməyə hazır olduğunu göstərir. Təsadüfi deyil ki, Artsaxdan reaksiya gəldi. Əgər Ermənistan Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, o zaman sual yaranır: Rusiya sülhməramlılarının orada nə işi var? Belə olan halda qlobal geosiyasi dəyişiklik baş verəcək və Boltonun elan etdiyi proqram həyata keçəcək”, - deyə o bildirib.

Erməni siyasi şərhçi bunun İngiltərənin planı olduğunu iddia edib: “Ankara-London-Bakı xətti Rusiyanı bölgədən çıxarıb türk dünyası yaratmaq üçün işləməyə başlayacaq və bu proses türk dünyasını İran, Rusiya, daha sonra mümkünsə Çinlə toqquşmaya aparacaq. Yəni, bu, həm Ermənistanın Baş naziri, həm də Ermənistandakı bir çox insanlar üçün geosiyasi problemdir, sanki onlar dünya proqramlarının həyata keçirilməsi üçün Ermənistanı qurban verməyə hazırdırlar”.

Təbii olaraq bizi maraqlandırır ki, kiminsə türk xalqlarının ittifaqından Rusiya, İran və Çinə qarşı əvvəlcə gücləndirməyə, sonra isə istifadə etməyə çalışdığı versiyası nə dərəcədə aktualdır? Bu, sadəcə olaraq kiminsə fantaziyasıdır, yoxsa belə bir fərziyyə siyasət elmi dairələrində ciddi hesab olunur? Britaniya türk dövlətlərinə bu qədər güclü təsir göstərməyə, onları gələcək planlarına uyğun hərəkət etməyə məcbur etməyə qadirdirmi?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı politoloq, PolitRUS ekspert və analitik şəbəkənin yaradıcısı Vitali Arkov:

“İstisna etmək olmaz ki, Ermənistan Azərbaycanla sərhədin demarkasiyası prosesini bir neçə mərhələyə bölmək şərti ilə başlamağa razı olacaq - hər bir bölmə üzrə ətraflı müzakirə, ən az problemlidən başlayaraq və oradakı de-fakto vəziyyəti tanımaqla. Bu, İrəvana prosesi sabotaj etmək ittihamlarını dəf etməyə, əslində isə onu qeyri-müəyyən müddətə uzatmağa əsas verəcək.

“Artsax” (Qarabağ) məsələsi doğrudan da erməni xalqı üçün ağrılıdır. Ona görə də tam etiraf edirəm ki, İrəvan bu ərazinin onun tərəfindən rəsmən Azərbaycanın bir hissəsi kimi tanınması şərtinə əməl edə bilər, lakin müəyyən şərtlər daxilində. Məsələn, orada yaşayan erməni millətindən olan vətəndaşların ikili vətəndaşlıq hüququ olacaq və onlar Azərbaycan vətəndaşlığını almaqdan imtina etsələr (mən hesab edirəm ki, bu, kütləvi xarakter daşıyacaq), Ermənistan vətəndaşlığı ilə yaşamaq hüququnu saxlayacaqlar.

Onu da deyim ki, İrəvan Bakıdan hərbi hissələrin Qarabağ ərazisinə yerləşdirilməyəcəyinə və keçid dövründə (beş ildən və ya daha çox) həmin ərazidə yalnız azərbaycanlı həkimlərin və humanitar təşkilatların nümayəndələrinin öz vəzifələrini yerinə yetirəcəyinə dair zəmanət almaq istəyə bilər. Təbii ki, münaqişələrin qarşısını almaq üçün Rusiya sülhməramlılarının himayəsi altında.

Ümumiyyətlə, sülhməramlı kontingentin Qarabağda qalması məsələsi ağlı başında olan hər kəsə aydın olduğu üçün müzakirə olunmur: sülh müqaviləsi imzalamaqla belə, bir gecədə mehriban qonşuluğu bərpa etmək mümkün deyil. Üstəlik, Qarabağın özündə bu gün vaxtı ilə ərazini tərk etməyə məcbur olmuş azərbaycanlıların mülkləri erməni millətindən olan sakinlərin nəzarətinə keçib. Yəni azərbaycanlı qaçqınların Qarabağa qayıtması halında, itirilmiş əmlaka görə kompensasiyanın alınması məsələsi ilə bağlı ilkin qərar qəbul olunmasa, tamamilə proqnozlaşdırılan şəkildə yeni “qaynar nöqtə” yaranacaq.

Bundan çıxış edərək, vəziyyətin ən azı 10-15 illik konservasiyasını daha real görürəm: İrəvan de-yure Qarabağı Bakıya tabe kimi tanıyır, lakin de-fakto Ermənistan vətəndaşları orada yaşayır, sabitlik və təhlükəsizlik isə rus sülhməramlı qüvvələri tərəfindən təmin edilir.

Bundan əlavə, 2020-ci ilin payızında baş verən hadisələrdə Moskvanın rolunu da unutmaq olmaz: onun razılığı olmasaydı, o zaman Bakı çətin ki, öz ərazilərini geri qaytarardı. Hesab edirəm ki, o zaman qapalı ilkin məsləhətləşmələr zamanı, o cümlədən Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirməklə bağlı müəyyən razılaşmalar əldə olunub.

Stepan Danielyanın şərhində Böyük Britaniya mövzusu təsadüfi gündəmə gətirilməyib: bu gün Londonun Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda artan fəaliyyəti qeydə alınır. Və bu fəaliyyət Böyük Britaniyanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığı çərçivəsində deyil, öz “proqramı” əsasında həyata keçirilir. Dünya yenidən çoxqütblü olur və Böyük Britaniya sürətlə zəifləyən Avropa İttifaqını özündən kənarlaşdıraraq, orada öz təsirini maksimum dərəcədə bərpa etmək niyyətindədir. Ənənəvi olaraq, London Vaşinqtondan daha incə və ustalıqla hərəkət edir və buna görə də reputasiya və maliyyə itkiləri əhəmiyyətli dərəcədə azdır”.

Cənubi Qafqaz üzrə rusiyalı araşdırmaçı Konstantin Tasits:

“Doğrudan da, müəyyən politoloji dairələrdə müasir Türkiyənin addımlarının arxasında Böyük Britaniyanın dayanması fikri var. Bu konsepsiyanın tərəfdarları, bir qayda olaraq, tarixi analogiyalardan istifadə edirlər. Deyirlər ki, keçmişdə Britaniya İmperiyası Yaxın və Orta Şərqdəki birləşmələri üçün Osmanlı Türkiyəsindən istifadə edirdisə, indi Ankaranın fəaliyyəti, xüsusən də Türk Dövlətləri Təşkilatının yaradılması ilə bağlı addımları də eyni cür qəbul edilməlidir. Ancaq bu tezislərin lehinə hələ də heç bir aydın inandırıcı dəlil təqdim edilməyib.

Con Bolton britaniyalı deyil, amerikalı siyasətçisidir, keçmiş Prezident Trampın müşaviri olub, o zaman tutduğu vəzifədən qovulub. O, Amerika isteblişmentinin yalnız bir hissəsini, Respublikaçılar Partiyasının ən mühafizəkar dairələrini təmsil edir.

Qərbdə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı siyasətinin güclənməsindən narahatdırlar. Bir çox Qərb ekspertlərinin fikrincə, Ərdoğanın müstəqil xarici siyasəti Qərblə NATO-nun birliyini pozur”.

Müəllif: Rauf Orucov