Ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları cəlb ediblər. AYNA “Report”-a istinadən xəbər verir ki, sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər.
Ermənilər bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçiləri saxtakarlıqlarının iştirakçısına çeviriblər. Balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib.
Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, Kento Sudzuki “Şur” muğamını çalmağa səy göstərib: “Onun balabanda ifa etməsi yaxşı hadisədir. Ancaq o, bu nəfəs alətində mükəmməl ifa etmək üçün Azərbaycan musiqisini öyrənməlidir. Əks halda, ermənilər özünküləşdirdikləri Azərbaycan musiqisini ona öyrədəcəklər. Bu da yarımçıq olacaq. Başqa sözlə, balabandan çıxan nəfəs musiqiyə deyil, onun şarjına oxşayacaq. Kento Sudzukinin erməni mahnısı adı ilə bu ifası da yarımçıq musiqidir”.