“…Beynimin içində canlı insanlar var, onlar yaşayır, mən yazıram” - FOTOLAR

Mədəniyyət

23.05.2022 - 18:18

İlahə Səfərzadə: “Azadlığın bitdiyi yer yazıçının qələminin sındığı yerdir”

“Həyatda hər şey bildiyimiz kimi olmur, düşündüyümüzü gerçək hesab etməyimiz onun doğru olduğu anlamına gəlməz və hər kəsin doğruları fərqlidir. Bunlar bizim bildiklərimiz idi, kim bilir, bəlkə də bilmədiklərimiz”.

AYNA-nın həmsöhbəti bu fikrin müəllifi, yazıçı İlahə Səfərzadədir.

- İlahə Səfərzadə - övlad, ana, həyat yoldaşı, yazıçı...?

- Demək olar ki, ən əsasları sadaladınız. Birini də əlavə edim: filoloq.

- Yazan insanların çoxu “niyə yazırsan?” sualına belə cavab verir ki, “yazmaq da bir ehtiyacdır, rahatlıq tapmaq üçün yazıram”. Bəs İlahə xanım nə üçün yazır?

- İçimdən gəlir. Uşaqkən şeirlər yazardım. Gecənin yarısı beynimə gələn cümlələri durub yazmasam, yata bilmirdim. İndi isə roman və hekayələr yazıram. İndi də uşaqlığımdakı kimi içimdən gəlir. Bu, mənə sevinc və həyəcan verir. Çox vaxt öz obrazlarımın necə hərəkət edəcəyi özümə də maraqlı olur. Çünki onları sanki özüm idarə etmirəm. Mənə elə gəlir ki, beynimin içində canlı insanlar var. Onlar yaşayır, mən isə yazıram.

- Sizi yazmağa həvəsləndirən, ilhamlandıran səbəblər nələrdir?

- Dediyim kimi - bu, mənə həyəcan verir. Yazarkən aldığım zövqü başqa heç nədə tapmıram. Ən sevdiyim məşğuliyyətimdir. İlhamlandıran səbəblər isə hər dəfə fərqli olur. Daha çox insan münasibətləri, insanların yaşam tərzləri, uşaqlıq travmaları, sevgi münasibətləri, cinayətlərə səbəb olan gizli sirlər və s. məni həmişə özünə çəkir.

- Yazmaq yazıçıya şöhrət, pul qazandırır. Bu, bilinən və görünən tərəfidir. Görünməyən tərəfdə nələr var?

- Görünməyən tərəfdə çətinliklər var, həm də çox böyük çətinliklər. Mən düşünürəm ki, bəlkə də, yazıçıların keçirdikləri stress və həyəcan hissi başqa heç nədə yoxdur. Hər şey bir yana, təkcə öz yaratdıqları obrazların yerinə özlərini qoyub onların yaşadıqlarını anlayıb yazmağa çalışarkən, elə haradasa onların yaşadıqlarını yaşamış qədər oluruq. Qalanları da siz düşünün (gülür – A.N.).

- “Sənin azadlığın mənim azadlığımın başladığı yerdə bitir”. Yazıçının azadlığı harada bitir?

- Yazıçının azadlığı bitməməlidir. Əgər azadlığı bitirsə, ona yazıçı deyə bilmirəm. Əsl yazıçı insanları az da olsa düşünməyə vadar etməlidir. Məncə, azadlığın bitdiyi yer yazıçının qələminin sındığı yerdir.

- Gələcəyi düşünəndə qələmə almaqdan ehtiyat etdiyiniz situasiyalar olurmu?

- Xeyr, təbii ki, olmur. Heç vaxt özümə sədd çəkmək fikrim yoxdur ki, bunu yazmayım, düzgün olmaz. Hələlik içimdən gəldiyi kimi yazıram. Ümid edirəm, belə də davam edər.

- Yazmağa bir iş kimi yanaşaraq yazmaq, yazdığını sevdirmək olarmı?

- Yazmaq elədir ki, iş kimi yanaşanda keyfiyyət ölür. Mən həyəcan duymasam, yazmaram. Özümə deyirəm: beş nəfər də maraqla oxusa, mən həmin beş nəfər üçün yazacam.

- Bu gün yazanlar, sizcə, yazmaqla nə qazanırlar?

- "Nə qazanırlar?" deyərkən bunu maddi cəhətdən soruşursunuzsa, məncə, Azərbaycanda kitab yazmaqla çox pul qazanmaq mümkün deyil. Kiçik ölkədir və kitab oxuyan da nisbətən azdır. Biz sadəcə sevərək bir iş görürük. Van Qoq çəkdiklərindən heç nə qazanmayıb, səfalət və yoxsulluq içində olub. Amma içindən gələni edib. Demirəm, biz yazıçılar da səfalət içindəyik. Əlbəttə, xeyr. Öz yerimə deyim ki, çox zəngin olmasam da, normal həyat tərzimiz var. İçimdə bir ümidlə yazıram. Ölkələr yazıçısı, şairi, rəssamı, bəstəkarı ilə tanınır. Ölkəmə bir şey qazandırsam, özümü xoşbəxt hiss edəcəm.

 

- Bəzən Azərbaycanda yazanların çoxluğundan şikayətlənirlər. Deyirlər, əlinə hər qələm alan yazır. Siz necə düşünürsünüz? Ümumiyyətlə, yazanların çoxluğu bizi niyə narahat edir, etməlidir ki?

- Doğrusu, məni yazanların çoxluğu elə də çox narahat etmir. Misal üçün, desəydilər, narkotik istifadəçiləri çoxalıb, bəli, buna çox narahat olardım. Amma yazarların çoxluğu niyə narahat eləməlidir ki?! Onsuz da bu elədir ki, hamı ələkdən keçəcək, istedadı olanlar yaddaşlarda qalacaq, kitabları daim oxunacaq, digərləri isə təbii ki, ələkdə qalmayanlar olacaq.

- Bir də deyirlər ki, indiki gənclik dırnaq içərisində danışır, öz fikri yoxdur. Sizin müşahidələriniz nə deyir, biz oxuduqlarımızı nə dərəcədə analiz edə, mənimsəyə bilirik?

- Məncə, bu, uşaqlığımızdan başlayır. Valideynlərimiz həmişə bizi "sus, onu demə, bunu danışmaq olmaz" tərzində böyüdüblər və ona görə insanlar fikirlərini düzgün ifadə edə bilmirlər. İçində ayrı düşünür, danışarkən başqa bir şey deyirlər. Amma son illər müşahidə edirəm ki, cəsarətli gənclərimiz çoxalır. Artıq öz fikirlərini sərbəst ifadə etməyin nə demək olduğunu mənimsəməyə başlayırlar. Bu da məni sevindirir.

- Kimləri mütaliə edirsiniz?

- Həm dünya ədəbiyyatından, həm də Azərbaycan ədəbiyyatından çox rəngarəng kitab zövqüm var. Həmin vaxt ruh halıma hansı uyğun olsa, beynim hansına ehtiyac duysa, onu oxuyuram. Düşünmürəm ki, məhz bu 5-10 yazıçı ilə məhdudlaşım. Çalışıram, hər kəsdən ən azı bir əsər oxuyum. Xoşum gəlsə, bütün yaradıcılığını oxuyuram. Son zamanlar yeni yazarlar daha çox diqqətimi cəlb edir. "Yazı" jurnalında hekayələrə rast gəlirəm, çox istedadlı gənclərimiz var.

- Demək olar ki, əksər vaxtlarda oğlunuzu yanınızda görürük. Kitab təqdimatlarından, böyüklərin müzakirələrindən sıxılıb şikayətləndiyi hallar olurmu?  Deyilənə görə, əksər vaxtlarda oğullar analarını daha çox sevirlər, oğlunuzla münasibətiniz necədir?

- İnanın, körpəliyindən bəri yaşam tərzim bu olub. Hər yerə onunla getməli olmuşam. Təkcə yayda bir neçə aylıq rayona nənəsigilə göndərə bilirdim, onun xaricində getdiyim seminarlara, iş görüşmələrinə, kitab təqdimatları və imza günlərinə, hər yerə mənimlə gəlir. Təbii ki, arada sıxıldığı vaxtlar da olur, amma taleyi ilə barışıb, məni çox sevdiyi üçün deyir, “sən hara desən, mən oraya gedərəm”. Arada dalaşırıq, küsürük bir-birimizdən, amma on dəqiqə keçməmiş gəlib məndən üzr istəyir, ya da səhv məndə olubsa, mən ondan üzr istəyirəm, barışırıq.

- Oğlunuza hansı kitabları oxudursunuz və ya birlikdə oxuyursunuz?

- Oğluma öz yaşına uyğun kitablar alırıq, indi uşaqlar üçün müxtəlif üstün keyfiyyətlər təbliğ edən hekayə kitabları var, onları oxuyur. Ana dilindən başqa iki dil bilir: rus və türk. O dillərdə də çox maraqla, yaşına uyğun hekayə kitabları oxuyur. Ümumiyyətlə, oxumağa meyilli uşaqdır.

- İlahə xanım, icazənizlə, istəyirəm, bir qədər də başqa istiqamətlərdə suallarımı ünvanlayım. Daim fani olduğunu xatırlayaraq yaşamaq, yoxsa heç ölməyəcəkmiş kimi bu dünyadan beşəlli yapışmaq: sizcə, hansı bizi daha uğurlu insan edər?

- Təbii ki, fani olduğunu xatırlayaraq yaşamaq daha uğurlu edər. Heç ölməyəcəyikmiş kimi yaşamaqda stimul yoxdur, tənbəllik və hər şeyi ürəyinə salmaq var. Ona görə fani olduğunu hər an xatırlamaq lazımdır ki, çəkdiyin iztirabın da, duyduğun həzzin də, hətta həyatının da sabah bitəcəyinin fərqində olaraq hər anı dolu-dolu yaşayıb anı dəyərləndirməyi bacarasan.

- Deyəsən, daxildə, dərinlərdə bir çox insanın etiraf etməkdə çətinlik çəkdiyi bir şey də yaşamağın çətin olduğunu qəbullanmasıdır. Hər kəs də xoşbəxt olmağı arzulayır. İlahə xanım üçün xoşbəxtlik necə bir duyğudur?

- Mənim üçün xoşbəxt həyat anlayışı, ümumiyyətlə, yoxdur. Heç vaxt deyə bilmərəm ki, mən xoşbəxt insanam. Hər şey bir yana, ətrafımda baş verən pis hadisələrə tamamən biganə qalıb hər şeyə laqeyd olub necə deyim ki, mən xoşbəxtəm? İşlədiyim yerdə bir də görürsünüz, bir xadimə səhər yerləri süpürdüyü yerdə ağlaya-ağlaya mənə öz kimlərininsə səhvi ucbatından bədbəxt olmuş həyatını danışırsa, ölkəmdə hələ də şəhid analarının gözü yaşlıdırsa, biz necə məhz öz həyatımızı düşünüb "xoşbəxtəm" deyək ki?! Xoşbəxtlik tamamən nisbi anlayışdır və sadəcə xoşbəxt və bədbəxt anlar var. Özümü vicdan qarşısında tam rahat hiss edəndə bilirəm ki, bu an xoşbəxtəm, qalanı neytral haldır. Hər kəs cəhənnəm və cənnətini içində daşıyır.

- Keçmişə, gələcəyə və bu günə məktub yazmalı olsanız, özünüzə nəyi bərk-bərk tapşırardınız?

- Özümə tapşırardım ki, nə olar, özünün fərqində ol, heç kimin pis sözündən pis olma, heç kimin xoş sözündən də eqon göylərdə uçmasın, sən sadəcə özün ol. Çünki ancaq özün olsan, həm özünün, həm də ətrafındakıların sayğısını qazanarsan. Başqalarının düşüncələri ilə hərəkət etsən, ikinci əl bir xarakter olaraq ən azından mənim sənə sayğım olmayacaq. Keçmişə bağlı qalma, gələcəyin isə qayğısını çəkmə, hər şey öz axarını tapacaq, sən bu günü yaşa.

- Oxucularımıza son sözünüz.

- Sonları heç vaxt sevməmişəm. Oxuculara sözüm odur ki, onlar da özlərini çox sevsinlər. Hamısına sayğılar və sevgilər!

Müəllif: Aləmdə Nəsib