“Ermənilər inadlarından əl çəkməsələr, Qarabağda yaşamaq hüququnu da itirəcəklər”

Siyasət

19.10.2020 - 10:19

Zərdüşt Əlizadə: “Azərbaycan Laçın və Kəlbəcər yolunu ona görə bağlamır ki, ermənilər Qarabağdan çıxsınlar”

 

İşğalçı Ermənistan Qarabağ cəbhəsində sentyabrın 27-dən başlayan hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması üçün bir çox ölkə rəhbərlərinə müraciət etdi. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən düşmən, atəşkəsin tezliklə bərpası üçün demək olar ki, yalvardı. Nəhayət, oktyabrın 10-da Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin 11 saatdan çox davam edən müzakirəsində humanitar məqsədli atəşkəsə razılıq verildi. Amma bir neçə saat sonra Ermənistan tərəfindən Gəncə şəhərinə ballistik raket zərbəsi endirildi, mülki əhali terror aktına məruz qoyuldu. Ondan bir neçə gün keçdi və yenidən Gəncədə yaşayış məntəqələri raket atəşinə tutuldu, içlərində körpələr olan 14  sivil insan öldü, 40-dan çox şəxs yaralandı.

 

Yəni, faktiki olaraq düşmən ehtiyacı olduğu atəşkəsi mənfurcasına pozdu, əməliyyatlar yenidən vüsət aldı. Bu müddətdə Azərbaycan işğalda olan daha bir neçə kənd və şəhəri, yüksəklikləri azad etdi. Dünən yenidən humanitar məqsədli müvəqqəti atəşkəs elan  edilib. Amma ermənilər yenidən atəşkəsi pozurlar.

 

Hələ düşmən əvvəlki humanitar atəşkəs razılaşmasını pozduqdan və Azərbaycanı ittiham edəndən sonra Rusiya tərəfindən belə bir ideya ortaya atıldı ki, atəşkəsin kim tərəfindən pozulmasının müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağa beynəlxalq müşahidəçilər cəlb edilsin. Rusiya mətbuatında günlərdir ki, bu məsələ müzakirə predmetinə çevrilib. Eləcə də, Ermənistan mətbuatında rəsmi İrəvana yaxınlığı ilə seçilən politoloqlar sözügedən ideyanı dəstəkləyirlər. Azərbaycanlı analitiklər isə hesab edirlər ki, beynəlxalq müşahidəçi adı ilə Rusiya bölgəyə hərbçilərini yerləşdirmək istəyir ki, bu da Azərbaycanın əleyhinədir.

 

Polotoloq Zərdüşt Əlizadə beynəlxalq müşahidəçi ideyası və Qarabağ müharibəsi ilə bağlı fikirlərini AYNA ilə bölüşərkən maraqlı fikirlər səsləndirib. Analitik, beynəlxalq müşahidəçi ideyası ilə bağlı rəsmi Bakının mövqeyini xatırladıb:

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

- Prezidentin köməkçisi Hikmət Hacıyev bu barədə açıq bəyanat səsləndirdi. Açıq-aşkar dedi ki, bura Azərbaycan ərazisidir, heç bir sülhməramlıları, xarici müşahidəçiləri gözləmirik, buna ehtiyac yoxdur. Yəni, Azərbaycan buna icazə verməyəcək. Bunu rəsmi Bakının mövqeyi kimi qiymətləndirmək lazımdır.

 

- Buna görə Azərbaycana yəqin ki, təzyiqlər edilə bilər. Söhbət, ATƏT-in Minsk Qrupunun həmsədrləri, konkret olaraq Rusiya tərəfinin təzyiqindən gedir...

 

- Azərbaycana hərbi əməliyyatlar başlayan gündən təzyiqlər edilir. Müxtəlif bəyanatlar, çağırışlar olub. Amma Azərbaycan bu təzyiqlərin olacağını əvvəlcədən bilirdi, indi də təzyiqlərə tab gətirir. İndi Türkiyə prosesə tarazlaşdırıcı qüvvə kimi daxil olub. Hesab edirəm ki, Rusiyanın hədəsi, təhdidi Azərbaycanı mövqeyindən döndərə bilməz.

 

- Qarabağ ətrafında cərəyan edən prosesləri necə qiymətləndirirsiniz?

 

- Əslində, bu gün Ermənistan üçün çox ağır vəziyyət hökm sürür. Nikol Paşinyan son çıxışında erməni xalqına etiraf etdi ki, hərbi əməliyyatlar Ermənistanın xeyrinə deyil, itkilər böyükdür və bu, davam edəcək. Ermənistan hakimiyyətində normal təfəkkürə malik adam olmalıdır ki, erməni xalqına həqiqətləri söyləsin. Bildirsin ki, “ay erməni xalqı, biz səhv yoldayıq, dünyada qayda-qanun var, biz gərək daşı ətəyimizdən tökək, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət təklifi ilə razılaşaq”. Bu gün Ermənistanda bunu deyə biləcək dövlət təfəkküründə insan yoxdur. Ermənilərin son 30 ildəki ideologiyası onun üzərində qurulub ki, guya, bunlar “müzəffər xalq”dır, dünyanın qayda-qanunları bunlara şamil edilmir, “erməni dünyası”nın qanunlarına görə erməni xalqı nə istəyir, o da olmalıdır, erməni ordusu “qalib ordu”dur, “tarixi torpaqlarını türklərdən azad edib” və s. İndi xalqı inandırmağa çalışırlar ki, 1990-cı ildəki qələbələrini qorumaq üçün döyüşməlidirlər. Bu cür cəfəng təfəkkürlə yaşayan xalq etiraf edə bilməz ki, “bəli, mən yanlış düşünmüşəm, gəlin qonşularla, Azərbaycanla da, Türkiyə ilə də barışaq”. Yəni, etiraf edə bilmirlər ki, bugünədək apardıqları siyasət yanlışdır. Yenə də deyirəm, bunun üçün hakimiyyətdə sağlam dövlət təfəkkürünə malik siyasətçilər olmalıdır.

 

- Yəni, Paşinyan hakimiyyəti müqaviməti davam etdirəcək...?

 

- Düşünürəm ki, bəli. Onlar dirənəcəklər. Dağlıq Qarabağda 50 min erməni qalmışdı, indi 20-25 mini qaçıb gedib. Hazırda Dağlıq Qarabağda yalnız əlində silah tuta bilənlər, kimsəsizlər, qocalar, əlillər və s. qalıb. Azərbaycan addım-addım irəlilədikcə, öz torpaqlarını işğaldan azad etdikcə, Xankəndidən qaçanların sayı daha da çoxalacaq. Bu gün artıq bütün hərbçilər ailə üzvlərini Qarabağdan Ermənistana göndəriblər. Mən rus bloqerlərin Xankəndidən, Şuşadan hazırladıqları videoları izləmişəm. Şəhərlər demək olar ki, boşdur, orada təkcə döyüşənlər qalıb. Onların da yarısı həlak olacaq, imkan tapan qaçacaq. Azərbaycan Laçın və Kəlbəcər yolunu ona görə bağlamır ki, bunlar Qarabağdan çıxsınlar. Beləliklə məsələ həllini tapacaq. Sonra erməni xalqı papaqlarını qoyacaqlar qabaqlarına, düşünəcəklər, axı, niyə belə oldu?! Məğlubiyyətlərini anlayacaqlar, sonra Rusiyadan üz çevirəcəklər, Qərblə əməkdaşlığa başlamağa məcbur qalacaqlar. Ermənistan üçün Qərb kimdir? Türkiyə! Türkiyə ilə münasibətləri normallaşdıracaqlar. Bundan sonra Azərbaycanla da əlaqələr axarına düşəcək. 30 min kvadrat kilometrlik ərazidə, 1.5 milyon əhali ilə yaşayacaqlar. Vəssalam!

Sonuncu azərbaycanlı ailələrin qovulduğu gün

- Dediyiniz ssenari zaman baxımından nə qədər çəkə bilər: Bir həftə, bir ay, yoxsa bir il və ya illər?

 

- Konkret müddət demək bir qədər çətindir. Bu gün Azərbaycan Ordusu addım-addım irəliləyir, əraziləri azad edir. Məsələn, Qarabağın coğrafiyasını yaxşı bilən Qubad İbadoğlu hesablayıb yazmışdı ki, azad edilən ərazilərin faizi 5.5-dir. Onda hələ sonuncu azad olunan kəndlər, Füzuli şəhəri qeyd edilməmişdi. İndi azad edilən ərazilərin faizi daha çoxdur. Yəni, bu üsulla, addım-addım irəlilədikcə, proses uzun çəkməyəcək, illər lazım olmayacaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ermənistanın müqavimət gücü zəifləyib, tükənməyə doğru gedir. Silah ehtiyatları, maliyyə ehtiyatları azalıb. Bir qədər sonra Ermənistan böhrana girəcək. Bundan sonra müqavimət göstərməsi mümkün olmayacaq. Kəskin dönüş yaranacaq ki, bununla da ermənilər Qarabağı tərk edəcəklər. Hesab edirəm, bundan sonra 10-15 gün də müharibə davam etməlidir ki, məsələ birdəfəlik həll edilsin.

 

- Bəs, dirəniş göstərməsələr, hansısa razılığa gəlsələr?

 

- Ağılları olsa, indi Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyətinə razı olarlar. Yəni, rəsmi Bakının şərtlərini qəbul edərlər. 10-15 min erməni Qarabağda qalar, normal yaşayar. Müqaviməti davam etdirəcəkləri halda, artıq orada heç kəs qalmayacaq. Qarabağda yaşamaq hüquqlarını da itirəcəklər, o mənada ki, yaşamaq hüququ olan adam qalmayacaq. Necə ki, Qarabağ münaqişəsi başlayan zaman ermənilər Bakıda və digər yerlərdə böyük məqamlar itirdilər. Sərvətlərini, dostluğu itirdilər. Eyni zamanda, bu münaqişə ilə böyük layihələrdə iştirak hüququnu itirdilər. Neft, qaz xətləri oradan keçə bilərdi. Türkiyə və Azərbaycan kimi böyük bazarı itirdilər. Bunlar xırda məsələlər deyil. Ermənistan bir mənasız ideologiya uğrunda 30 ildir böyük itkilər verib, inkişafdan geri qalıb. Bilirsiniz, bizim də tariximizdə buna bənzər məqam olmuşdu. Təxminən bir illik hakimiyyətdə olan AXC Baykal gölündən üzü bu yana olan ərazilərə iddia edirdi. Xalq da Əbülfəz Elçibəyin bu ideyasının arxasınca qaçırdı. Sonda böyük itkimiz oldu, Qarabağ kimi taleyüklü problem yarandı. Etnik kimlik, ərazilər məsələsi gündəmə gətirildi və s. Nəyə lazımdır axı? Çoxmillətli ölkədə yaşayırsan, qur, yaşa, inkişaf et. Azərbaycanın hər yerində ermənilər yaxşı şəraitdə yaşayırdılar. Onların burada hüquqları pozulmurdu.

 

- Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın tərkibində problemsiz yaşayacaqlar...

 

- Niyə də problem olmalıdır ki?! Dinc insandırsa, iddiası yoxdursa, normal yaşamaq istəyirsə, problemsiz də yaşayacaq. Axı, Dağlıq Qarabağ erməniləri erməni olsalar da, Azərbaycanın vətəndaşlarıdır. Münaqişə başlayanda nə qədər ailələr dağıldı, nə qədər insan köçüb getdi, mülkləri burada qaldı. Təsəvvür edin, Azərbaycanda erməni ilə 300 min qarışıq nikah var idi, bu ailələr məhv oldu. İki qonşum erməni idi, normal da insanlar idilər. Birinin ürəyi partladı öldü, digəri köçdü. Uzağa getməyək, bizim gözəl jurnalistimiz Azər Mürsəliyevin arvadı - erməni Qalina Mürsəliyeva çox da savadlı qadın idi. Münaqişə başlayanda bu ailənin Bakıda yaşaması mümkün olmadı, başlarını götürüb Moskvaya getdilər. Yerevandan, Ermənistanın digər yerlərindən də azərbaycanlılar təhdid edildi, bəziləri təhdid edilməsə də, məcbur olub çıxıb gəldilər. Halbuki, münaqişədən əvvəl normal münasibətlərdə yaşayırdıq. Demək istədiyim odur ki, yenə də sülh şəraitində yaşamaq mümkündür. Sadəcə separatçıların başında dayananlar bunları anlamalıdırlar, o da çətin anlayacaqlar. Anlamayacaqlar, əhalisi pərən-pərən düşəcək, əsgəri öldürüləcək, Qarabağda yaşamaq hüququnu da birdəfəlik itirəcəklər.

 

- Ermənistan hakimiyyəti də, Qarabağ separatçılarının “rəhbəri” də dünyaya çağırış edir ki, qondarma qurumun “müstəqilliyi” tanınmalıdır. Bu çağırışların bir nəticəsi ola bilərmi?

 

- Bu çağırışlar mənasız, “müstəqilliyin” tanınması da boş söhbətdir. Birincisi, onlara ağası icazə verməz. Yəni, Rusiya “Qarabağ kartı”nı itirmək istəmir. Rusiyanın ideyasında “müstəqillik” məsələsi yoxdur. Münaqişə qalmalıdır ki, Rusiya əlində “Qarabağ kartı”nı saxlasın. Bir lətifə var: sual verilir ki, münaqişədə Rusiya Azərbaycanın, yoxsa Ermənistanın tərəfindədir? Cavab verilir ki, Rusiya münaqişənin tərəfindədir. Qondarma qurumun “müstəqilliyinin” tanınması o deməkdir ki, Azərbaycanla Ermənistan artıq münaqişədə yox, müharibədədir. Bu, o deməkdir ki, Azərbaycanın ərazisi zorla qoparılır. O zaman, Azərbaycan gərək Ermənistana hücum edə, İrəvanı vura, Mehrini, Zəngəzuru tuta. Yəni, bu, artıq regional müharibə deməkdir. Moskva da bilir ki, Azərbaycanın arxasında Türkiyə dayanır, yəni, dolayısı ilə NATO. Ona görə də, Rusiya Ermənistana deyir ki, “müstəqillik” məsələsini mən məsləhət görmürəm, vəssalam. Kremlin dediyi də Ermənistan üçün qanundur. Ermənistanın verdiyi bəyanatlar eyforiyadan irəli gəlir, fikirləşirlər ki, bu çağırışı edək, bəlkə prosesdə hansısa dönüş yarandı. Fransanı çağırır ki, “sən qondarma qurumun “müstəqilliyini” tanı”. Rəsmi Paris dəli olub ki, belə bir avantüraya əl atsın?! Şüarlar səsləndirirlər ki, “Qarabağı xilas edin”. Nə olub, nə baş verib? Adam balası kimi yaşa da. Özlərinə mədəni xalq deyirlər, amma insan hüquqlarını pozurlar, dünyanın qanunlarına qarşı gəlirlər. Belə halda kim onları dəstəkləyəcək? Bütün hallarda, hesab edirəm ki, dediyim kimi, Ermənistan nə qədər tez yola gəlsə, bir o qədər onlar üçün yaxşı olacaq.

Müəllif: Anar Bayramoğlu