Vanetsyan: "Bir neçə dəfə açıq şəkildə demişəm ki, artıq özümü parlamentdə görmürəm"
Ermənistan Parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri, Vətən Partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə deputat sosial şəbəkə hesabında yazıb.
“Bir çoxlarınız üçün qərarım təəccüblü olmadı: mən bir neçə dəfə açıq şəkildə demişəm ki, artıq özümü parlamentdə görmürəm. Səbəb bəllidir: Ermənistan vətəndaşları bizə bu hakimiyyətin destruktiv fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament fikrimcə, bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan bildirib.
Siyasətçi qeyd edib ki, rəhbəri olduğu partiya fəaliyyətini Ermənistan Parlamentinin divarlarından kənarda davam etdirmək qərarına gəlib: "Əslində, Vətən Partiyası de-yure və de-fakto Respublika Partiyasının da daxil olduğu “Şərəfim var” fraksiyasının üzvlüyünə xitam verir".
Qeyd edək ki, “Şərəfim var” bloku Ermənistanda 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində yaradılıb. Artur Vanetsyanın Vətən Partiyası və sabiq Prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının nümayəndələrindən ibarət vahid seçki siyahısı formalaşdırılıb. Blokun altı nümayəndəsi deputat mandatı qazana bilib.