Ermak Blinkenlə Kiyevin “Qələbə planı”nı müzakirə edib

Dünya

30.10.2024 - 15:01

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə cəbhədəki vəziyyət və dondurulmuş Rusiya aktivlərinin Ukrayna tərəfindən istifadə imkanları da müzakirə olunub

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Ermak Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb və onunla Kiyevin “Qələbə planı”nı müzakirə edib. AYNA xəbər verir ki, bu barədə Ermak öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, görüşdə cəbhədəki vəziyyət və dondurulmuş Rusiya aktivlərinin Ukrayna tərəfindən istifadə imkanları da müzakirə olunub.

Bundan əlavə, Ukraynanın hərbi potensialının gücləndirilməsi istiqamətində gələcək addımlar, Rusiyaya qarşı sanksiyalar rejiminin gücləndirilməsi və “Sülh formulu”nun həyata keçirilməsi üçün ABŞ-ın diplomatik səylərinin cəlb edilməsi məsələləri nəzərdən keçirilib.

Ukraynanın NATO-ya inteqrasiyasına xüsusi diqqət yetirilib. Ermak qeyd edib ki, Ukraynanın Alyansa üzvlük istiqamətində hərəkəti ölkənin strateji prioriteti olaraq qalır.

Siyasətçilər həmçinin payız-qış dövründə Ukraynanın enerji sisteminə dəstək, xüsusilə kritik infrastrukturun mümkün təhlükələrdən qorunmasını müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Ermak ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Ermak Rusiyanın müttəfiqlərinə təzyiq məsələsini də müzakirə etdiklərini qeyd edib.

Müəllif: Ayna.az