Türkiyə Prezidenti Suriyanın xalqının öz ölkəsinin gələcəyinə qərar verəcəyi bir dövrə girdiyini deyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl Nehammerə Suriyada fəaliyyət göstərən bütün terrorçu qrupların məhv edilməsinin vacibliyini bildirib. AYNA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə liderinin administrasiyası baş tutan telefon danışıqların yekunlarına dair məlumatında qeyd edib.
“Prezident Ərdoğan Suriyanın xalqının öz ölkəsinin gələcəyinə qərar verəcəyi bir dövrə girdiyini və ərazi bütövlüyünü qorumaq üçün PKK və İŞİD başda olmaqla bütün terror təşkilatlarının məhv edilməsinin vacib olduğunu bildirib”, - deyə məlumatda vurğulanıb.
Ərdoğan Nehammeri suriyalı qaçqınların vətənlərinə qayıtmağa başlaması ilə bağlı məlumatlandırıb və qeyd edib ki, bu proses “Suriyada davamlı həyat şəraitinin” yaradılmasından asılı olacaq.
“Prezident Ərdoğan həmçinin Suriyanın və vətəndaş müharibəsi nəticəsində dağılmış infrastrukturunun bərpası üçün beynəlxalq ictimaiyyətin dəstəyinin zəruri olduğunu bildirib”, məlumatda qeyd olunub.