Hökumət bu addımla biznesin mənfəətinin əhəmiyyətli bir hissəsinə şərik çıxır
Vergi Məcəlləsini təklif olunan dəyişikliklərdə maraqlı bir müddəa var. 13.2.12-ci maddəyə belə bir əlavə edilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlir hesab edilmir.
Bu, nə deməkdir? Deməli, indiyədək Bakı şəhəri ərazisində tikinti şirkətləri tikdikləri çoxmərtəbəli binalardan 10%-ni dövlətə təqdim edib. Məsələn, 500 mənzilin varsa, 50-si Bakı Şəhər İcra Hakimiyyətinin timsalında hökumətə çatır. Hökumət isə həmin mənzilləri sonradan müxtəlif imtiyazlı şəxslərə əvəzsiz qaydada verir.
Problem ondadır ki, biznesin üzərinə bu cür öhdəlik qoymaqla bağlı qanunvericilikdə hər hansı müddəa tapa bilmədim. Tikinti şirkətlərinin birindən öyrəndim ki, bununla bağl yalnız BŞİH-in məktubu var və onlar həmin məktuba istinad edərək mənzilləri təqdim edirlər.
Burda 2-ci problem odur ki, şəffaflıq olmalıdır, il ərzində nə qədər sərbəst mənzil fondu yarandığı ictimaiyyət üçün açıq olmalıdır.
Ən nəhayət, Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq həmin mənzillər sosial məsuliyyət müqaviləsi əsasında sosial kirayə fondunun yaradılmasına istifadə edilsə, cəmiyyət daha çox fayda götürərdi.
İndi isə belə görünür ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə tikinti şirkətlərinin dövlətə verdiyi pay-hissə öhdəliyi leqallaşır, hüquqi əsas yaranır. Və həmin pay üzrə dövriyyə vergidən azad edilir. Faktiki bu addımla hökumət biznesin mənfəətinin əhəmiyyətli bir hissəsinə şərik çıxır.
Sabah hökumət eyni mətinqlə istənilən biznes sahəsinə deyə bilər ki, məhsulunuzun hansısa bir hissəsini bizə əvəzsiz ödəməlisiniz. Amma belə görünür, bütün tikinti şirkətləri hallarından məmnundur.