Əliyevlə rəqabətin çətin olduğu seçkidə təşviqat: “Onlar mübarizə aparmalıdırlar”

Aktual

17.01.2024 - 14:03

Mərkəz rəhbəri: “Sosial vəziyyətlə bağlı xalqa yeni fikirlər, yeni vədlər verməklə səs qazanmaq mümkündür”

Yanvarın 15-dən etibarən fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Təşviqatın aparılması fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının (MCP) prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının (BAP) prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Təşviqat kampaniyası çərçivəsində namizədlər artıq bir dəfə İctimai Televiziyada ödənişsiz efir vaxtından istifadə edib, şüarlarını səsləndiriblər, seçicilərə çağırışlar ediblər.

Bəzi ekspertlər bildirirlər ki, təbliğat kampaniyası başlasa da, seçki aktivliyi, gərginliyi hiss olunmur. Bunun əsas səbibi kimi, YAP-ın prezidentliyə namizədi, hazırki Prezident İlham Əliyevin nüfuzunun çox olması və qələbəsinin şübhə yaratmadığı göstərilir. Bu halda, “növbədənkənar seçkilərə nə lüzum vardı?” sualı verənlər var. Lakin namizədlərin seçki təbliğatı zamanı prosesə canlanma gətirə biləcəyini düşünənlər də var.

Proseslə bağlı AYNA-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, növbədənkənar seçki keçirilməsinin səbəbi barədə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində aydın izah verdi:

- Seçki qərarı iki amillə bağlıdır. Birincisi, Qarabağ azad olunub, Azərbaycan suverenliyini tam bərpa edib. Bu o deməkdir ki, ölkədə yeni dövr başlayır. Yeni dövr növbədənkənar seçkini labüd etdi. İkincisi, bələdiyyə seçkiləri keçirilməli idi. Prezident konstitusion hüququndan istifadə edərək prezident seçkilərini daha əvvələ təyin etdi.

- Təşviqat kampaniyası başlayıb. Namizədlərin kampaniyasını necə qiymətləndirmək olar?

- Təbliğat kampaniyası zəif görünür, seçki ab-havası müşahidə olunmur. Amma tələsməməyin tərəfdarıyam. Təşviqat kampaniyası çərçivəsində cəmi bir teledebat keçirilib. Bundan sonrakı debatlarda canlanma ola bilər. Məsələ burasındadır ki, çox şey namizədlərdən asılıdır. Seçkilərin Prezident İlham Əliyevdən başqa, digər namizədlərlə zaman-zaman ünsiyyətim olub. Hesab edirəm ki, onlar mübarizə aparmalıdırlar. Təbii ki, xarici siyasət məsələlərində, təhlükəsizlik məsələlərində Prezident İlham Əliyevlə rəqabət aparmaq çətindir. Çünki uğurlar göz qabağındadır. Qarabağ hazırki Prezidentin Ali Baş Komandanlığı altında işğaldan azad edilib, xarici dövlətlərlə əlaqələr inkişaf etdirilib. Amma sosial sahələr var, iqtisadi sfera mövcuddur ki, bu istiqamətdə digər namizədlər təbliğatlarını apara, tənqidlərini səsləndirə və səs qazana bilərlər. Sosial vəziyyətlə bağlı xalqa yeni fikirlər, yeni vədlər verməklə səs qazanmaq mümkündür. Çünki bu sahələrdə kifayət qədər problemlər mövcuddur. Yenə deyirəm, İlham Əliyevlə rəqabət aparmaq çətindir, amma namizədlər səs qazanmaq üçün nələrsə edə bilərlər.

- Bu şüarlarla çıxış etsələr, nə qədər səs ala biləcəklər?

- Dəqiq rəqəm söyləmək çətindir. Əlbəttə, digər namizədlərin seçilməyəcəkləri ehtimalı yüksəkdir. Dediyim kimi, İlham Əliyev hazırda ən güclü dəstəyi olan namizəddir və qalib gələcəyi gözləniləndir. Bunu əminəm ki, digər namizədlər də başa düşürlər. Lakin namizədliklərini irəli sürüblərsə, qeydiyyatdan keçiblərsə, namizəd olaraq xalqa fikirlərini çatdırmalıdırlar. Namizədlər arasında əvvəlki seçkilərdə də namizəd olan şəxslər var. Tövsiyə edirəm ki, onlar şüarlarında dəyişikliklər etsinlər, yeni fikirlər ortaya qoymalıdırlar.

Bu vaxtadək keçirilən seçkilərdə namizədlərin platformalarındakı əsas tezis işğalda olan ərazilər, Qarabağın azad edilməsi idi. Bu gün həmin tezis yaxşı mənada əhəmiyyətini itirib. İşğala son qoyulub, suverenliyimiz bərpa edilib. Hesab edirəm ki, seçki kampaniyasında Prezident İlham Əliyevin özü də bu tezis ətrafında təbliğatda çox da maraqlı deyil. Ölkə başçısı özü müsahibəsində dedi ki, tarixi qələbəni istismar etmək olmaz. Yeni ideyalar qoyulmalıdır. İlham Əliyevə alternativ olan namizədlər düşünməlidirlər – yeni ideyalar, yeni hədəflər nədir, o istiqamətdə də xalqa çağırış etməlidirlər. Qarabağ qələbəsindən sonra “biz nə etməliyik ki, inkişaf edək?” sualı üzərində dayanılmalıdır.

- Bəzi namizədlərin şüarlarında sosial mesajlar var...

- Daha da inkişaf etdirməlidirlər, sosial problemlər üzərində təbliğatlarını dərinləşdirməlidirlər. Seçilməsələr belə, növbəti hökumətə təkliflər verməlidirlər.

Daha bir məsələ isə namizədlər insanların səsverməyə gəlməsini, seçkilərə marağının artırılmasını təşviq etməlidirlər. Məlumdur ki, bizim insanımızda seçkilərə o qədər də maraq yoxdur, seçkilərə yanaşma birmənalı deyil. Namizədlər fürsətdən istifadə edərək seçkilərin mahiyyətini də cəmiyyətə daha dolğun çatdırmağa çalışmalıdırlar.  

- Seçki institutunun güclənməsi üçün nələr edilməlidir?

- Seçki institutunun güclü olmasının birinci şərti şəffaf və ədalətli seçkilərdir. İkincisi, siyasi partiyaların seçkilərdə iştirakıdır. Təəssüf ki, bəzi müxalif partiyalar seçkilərdə iştirak etməmək qərarı verdi. Bu, düzgün deyil. Siyasi partiyanın əsas hədəfi məhz seçki olmalıdır. Təşkilat seçkidə özünü göstərə bilər. Əlbəttə, seçkiləri boykot etməklə bağlı müxtəlif səbəblər göstərmək olar. Hardasa, haqlı da ola bilərsən. Amma əgər sənin fəal tərəfdar qrupun varsa, elektoratın kifayət qədərdirsə, o eloktorat tərəfdarı olduğu partiyanın seçkidə fəal iştirakını istəyir. Ona görə də partiyalar seçkilərə hazırlaşmalı, hazır olmalı və bəhanələri bir kənara qoyub prosesə qatılmalıdırlar. Bunu etmədikləri üçün bizdə hər seçkidən sonra seçki institutu bir qədər də zəifləyir. Bu, təəssüf doğuran haldır. Ona görə deyirəm ki, hazırkı namizədlər seçki institutunun “ölməməsi” üçün, insanların seçkilərə marağının artması üçün də çalışmalıdırlar. Şüarlarının birində də insanları seçki məntəqəsinə gəlməyə, istədiyi namizədə səs verməyə çağırmalıdırlar.

Müəllif: Anar Bayramoğlu