Əlimizdən tutub həyata aparanlar: müəllimlər günündə düşüncələr

Cəmiyyət

05.10.2024 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Və ya:

Əldə qələm tutmağı bizə sən öyrətmisən,

Möhkəm addım atmağı bizə sən öyrətmisən.

İnsanın fitrətindən irəli gəlir: zaman-zaman dönüb keçdiyi həyat yoluna nəzər salır, xatirələrini yeniləyir. Xüsusən də bu xüsusiyyət orta və yaşlı nəslə xasdır. Və bu rəngarəng xatirələr toplusunda mütləq ilk müəllim, digər pedaqoqlarımız, ustadlarımız göz önünə gəlir. Bəzilərinə rəhmət diləyib, digərlərinə qəlbimizdə sağlam ömür diləyirik. İlin bir günündə, 5 oktyabr Ümumdünya Müəllimlər Günündə isə, bizə həyatda addımlamağa öyüd-nəsihətləri yardım edən o insanları daha çox xatırlayır, daha çox yad edirik.

Gələcəyi təyin edənlər

Müəllimlər cəmiyyətin formalaşmasında müstəsna rol oynayırlar. Hətta bir qədər də irəli gedərək mövzunu inkişaf etdirsək, bəşər tarixinin də bir başa pedaqoqların performansından aılı olduğunu söyləyə bilərik.

Təsəvvür edin: Hitlerə və ya Əmir Teymura müəllimləri daha çox humanizm, daha çox insansevərlik aşılasaydılar, neçə yüz min insanın həyatını xilas etmək mümkün olardı, neçə şəhərin, ölkənin viran qalmasının qarşısı alınardı?

Bir sözlə, müəllim - hər bir cəmiyyətdə maarifçilik missiyasını daşıyan, gənc nəslin formalaşmasına və onların gələcəyinə yön verən əsas şəxslərdir.

Zərdabidən bu günə

Azərbaycanda müəllim peşəsi tarixi köklərə malikdir. Hələ XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının öncülləri olan Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli və başqaları təhsilin və müəllimlik peşəsinin əhəmiyyətini vurğulayırdılar.

Sovet dövründə isə müəllimlərin cəmiyyətdə rolu daha da artdı və onlar yüksək hörmət sahibi oldular. Müəllim əsl ziyalı, ağsaqqal, sözünə dəyər verilən (özü də yaşından asılı olmayaraq) şəxs idi.

Bu gün əziz müəllimlərin peşə bayramıdır və pessimistik, bədbin notlara köklənmək istəməzdik. Sözsüz ki, müasir dövrdə də müəllimlik peşəsi Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Bu gün də sözün əsl mənasında ustadlarımız var ki, onların qarşısında hamımız bir cəmiyyət üzvü olaraq baş əyməyə və minnətdarlığımızı ifadə etməyə borcluyuq.

Lakin bu dəyər, müəllimlik anlayışının çəkisi, etiraf edək ki, əvvəlki zirvələrdə deyil. Səbəblər müxtəlifdir və təbii ki, onların hamısını bir kiçik yazıda əhatə etmək mümkünsüzdür. Dövlət tərəfindən müəllimlərin sosial müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, hələ də bəzi əhəmiyyətli problemlər mövcuddur.

Günümüz reallığı

Müəllimlərin sosial-iqtisadi vəziyyəti onların təhsil sektorunda səmərəli fəaliyyət göstərməsi üçün əsas amillərdən biridir. Bu, tək Azərbaycana aid deyil, ümumiyyətlə bütün dünya ölkələrində belədir. Ölkəmizdə müəllimlərin maaşlarının artması istiqamətində bir sıra islahatlar həyata keçirilib. 2019-cu ildən etibarən dövlət məktəblərində çalışan müəllimlərin əməkhaqqı orta hesabla 20% artırılıb.

Bununla yanaşı, müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün müəyyən sertifikasiya prosesləri də tətbiq olunur. Bu sistemə görə, sertifikasiyadan keçən müəllimlər daha yüksək maaş alır və onların peşəkar fəaliyyəti daha yaxşı qiymətləndirilir.

Lakin bununla belə, müəllimlər zamanın tələbi ilə ayaqlaşmaq üçün digər qazanc mənbələri arayırlar ki, bunun da çox böyük hissəsi repetitorluq fəaliyyətinin payına düşür. Təbii ki, sual oluna bilər: nə üçün orta məktəblərdəki tədris proqramı şagirdlərə daha sonradan sərbəst şəkildə ali məktəblərə qəbul olunmaq üçün kifayət etmir?

Çox aktual və gündəmdə olan sualdır. Amma bu, artıq tamamilə başqa bir mövzudur. Hələliksə müəllimlər (əlbəttə ki, daha bacarıqlı və daha savadlılar) maddi rifahlarını yaxşılaşdırmaq üçün əlavə olaraq məşğələlər keçmək məcburiyyətindədir. Bəzən məktəbdə saat 8.00-da işə başlayan pedaqoq repetitor olaraq sonuncu şagirdlərini saat 22.00-da, bəzən isə ondan da gec yola salır. Bu, olduqca ağır məsuliyyət və çətin bir iş qrafikidir. Hələlik Azərbaycanın təhsil sahəsinin reallığı budur.

Amma son illər aparılan islahatlar, görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir. Yəqin ki, artıq bir neçə ildən sonra nə şagirdlər əlavə məktəbdənkənar dərslərə ehtiyac duyacaqlar, nə də müəllimlərin daha yüksək maddi rifahı belə əlavə qazancların aranmasına zəmin yaradacaq.

Hərtərəfli yük

Azərbaycanda müəllimlərin iş şəraiti də müzakirə edilməli olan mühüm mövzulardan biridir. Uzun illər təhsil sektorunda aparılan tikinti və təmir işlərinə, sinif otaqlarının müasir texnologiyalarla təchiz edilməsinə, xüsusən də Heydər Əliyev Fondu tərəfindən görülən tədbirlərə rəğmən, hələ də bəzi məktəblərdə infrastruktur problemləri var. Xüsusilə, ucqar kəndlərdə yerləşən təhsil ocaqlarında istilik sistemləri, tədris materialları və sinif otaqlarının şəraiti kifayət qədər müasir standartlara cavab vermir.

Bununla yanaşı, şəhərlərdə yerləşən bəzi məktəblərdə də sinif otaqlarının sıxlığı ciddi problemlər yaradır. Çoxsaylı şagird qrupları ilə işləyən müəllimlər üçün bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

Müəllimlərin iş şəraitinə təsir edən digər bir mühüm amil isə onların iş yüküdür. Təhsil sistemindəki islahatlar və yeni tədris proqramları müəllimlərdən daha çox iş tələb edir. Tədris proqramlarının mürəkkəbliyi və yeni metodologiyalarla işləmək zərurəti bəzi müəllimlər üçün əlavə gərginlik yaradır.

Bundan əlavə, müəllimlərin administrativ işləri və sənədləşdirmə prosesləri də onların əsas tədris fəaliyyətindən vaxt ayırmasına səbəb olur. Amma, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın təhsil sistemində son illər aparılan effektiv islahatlar gələcəyə nikbin baxmağa əsas verir. Xüsusən də belə bir əlamətdar gündə.

Öyrədən və öyrənən müəllim

Müəllimlərin peşəkar inkişafı və təlim-tədris proqramlarının yenilənməsi təhsil sisteminin inkişafı üçün mühüm şərtlərdən biridir. Azərbaycanda son illərdə müəllimlərin peşəkarlığının artırılması məqsədilə müxtəlif təlimlər və kurslar təşkil edilir. Bu təlimlər vasitəsilə müəllimlər yeni tədris metodlarını, müasir texnologiyalardan istifadənin yollarını və pedaqoji yanaşmaları öyrənirlər.

Bununla yanaşı, Təhsil Nazirliyi müəllimlərin beynəlxalq təcrübəni mənimsəməsi və qlobal təhsil meyarlarına uyğunlaşması üçün müxtəlif beynəlxalq təhsil proqramlarına qoşulmalarını təşviq edir. Müəllimlərin xaricdə təhsil alma imkanları artırılır və onların xarici ölkələrdə təcrübə keçməsi üçün müəyyən proqramlar təşkil olunur. Sözsüz ki, bütün bunlar yalnız alqışlanası haldır. Ancaq sözügedən proseslərə əlçatanlığı bütün müəllimlər üçün eyni səviyyəyə gətirmək istiqamətində hələ görüləsi işlər çoxdur.

Sizə minnətdarıq!

Bir sözlə, Azərbaycanda müəllimlərin üzləşdiyi bəzi problemlər mövcuddur və bu, təbii ki, cəmiyyətin hər bir üzvünü qayğılandırmalıdır. Çünki cəmiyyətin hər üzvü müəllimlə bu və ya digər dərəcədə təmasda olub, olur və ya olacaq.

Eyni zamanda müəllimlərin fəaliyyətindən həm özünün, həm də xələflərinin taleyi bilavasitə asılıdır. Odur ki, bu problemlər nə qədər tez həllini tapsa, həm cəmiyyətimiz, həm də dövlətimiz üçün bir o qədər faydalıdır. Hələliksə... Bayramınız mübarək, əziz müəllimlər! Hər şeyə görə çox sağ olun!

Müəllif: Polad Xudayarlı