“Eks-prezidentin təqibi Kreml üçün böyük hədiyyədir”

Dünya

15.01.2022 - 10:19

Yevgen Maqda: “Zelenski səlahiyyət müddətinin yarısını keçsə də, dövlət xadimi ola bilmədi”

Ukraynalı politoloq Yevgen Maqda AYNA-ya müsahibəsində ölkəsinin daxilində yaşanan siyasi gərginlik, Rusiya ilə qarşıdurma və Moskvanın revanşist planlarından danışıb. Beləliklə:

- Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko yanvarın 17-də ölkəyə qayıdacağını açıqlayıb. Bu arada Kiyev məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Necə düşünürsünüz, Pyotr Poroşenko həbs olunacaqmı?

- Hesab edirəm ki, Petro Poroşenkonun həbs olunma ehtimalı kifayət qədər yüksəkdir. Xatırladıram ki, o, Rusiya tərəfindən işğal olunmuş ərazilərdə kömür alışını təşkil etməkdə ittiham edilərək, dövlətə xəyanətdə və terror təşkilatlarının fəaliyyətini təbliğ etməkdə ittiham olunur. Vətənə xəyanətdə ittiham edilməsi təsadüfi deyil, çünki Ukraynanın bir çox vətəndaşları, xüsusən də yaşlı vətəndaşlar sovet-alman müharibəsi paradiqmasında yaşayır, vəziyyəti ağ-qara kimi qəbul edirlər. Yanvarın 6-da Kiyev Peçersk Məhkəməsi Poroşenkonun əmlakına və aktivlərinə həbs qoyub, hakimiyyət tərəfindən ona hücum tamamilə göz qabağındadır. Maraqlıdır ki, son iki il ərzində, artıq Vladimir Zelenskinin prezidentliyi dövründə Ukrayna Rusiyadan bir neçə milyard dollar dəyərində kömür alıb, lakin bu halda heç kim ittiham olunmur.

- Ona qarşı irəli sürülən ittihamlar nə dərəcədə əsaslıdır?

- Maraqlı bir fakt var: Baş prokuror İrina Venediktova əsaslı bəhanə ilə Pyotr Poroşenkonun şübhəli bilinməsi barədə sanksiyanı imzalamaqdan imtina edib, bunu onun müavini edib. Mənə gəlincə, eks-prezidentin, indiki parlamentarinin məsələsində şübhə üçün hüquqi əsaslar qüsursuz olmalıdır, amma bir neçə həftədir ki, həm Ukraynada, həm də dünyada seçmə ədalətdən danışırlar. Biz Viktor Yanukoviçin dövrünə qayıdırıq və bu, son dərəcə narahatedici tendensiyadır.

- Poroşenkoya qarşı kampaniyanın əsas benefisiarı kimdir və ya kim ola bilər?

- Bu sualın cavabı Ukrayna siyasəti ilə maraqlanan hər kəs üçün aydındır. Prezident Vladimir Zelenski dəfələrlə açıq şəkildə bildirib ki, o, Poroşenkonu dəmir barmaqlıqlar arxasında görmək istəyir və indiki ittihamlar beşinci Prezidentə qarşı ilk ittihamlardan fərqlidir. Bu dəfə onu Rusiyayönlü Müxalifət Platforması Partiyasının liderlərindən olan Viktor Medvedçuka bağlamağa çalışırlar, hətta məhkəmə də onlar üçün eyni girovu - 1 milyard qrivna müəyyən edib. Zelenski və komandası nəzərəçarpacaq dərəcədə qıcıqlanır ki, Poroşenko 2019-cu ildə keçirilən prezident seçkilərində uduzduqdan sonra nəinki Ukrayna siyasətini tərk etmədi, həm də onun populyarlığı xeyli artdı və mövqelərini gücləndirdi.

Demokratik Təşəbbüslər Fondu və Razumkov Mərkəzinin 2021-ci ilin sonunda apardığı sosioloji sorğuya əsasən, əgər indi seçki keçirilsə, Poroşenko və Zelenskinin prezident seçkilərinin ikinci turunda qalib gəlmək şansları eynidir. Amma Poroşenkonun təqibindən daha bir benefisiarı haqqında susmaq düzgün olmazdı. Bu, Ukraynanın uğursuz dövlət olduğunu sübut etməyə çalışan Rusiyadır. Kreml üçün keçmiş Ukrayna Prezidentinin təqibi böyük hədiyyədir, istisna etmirəm ki, Poroşenkonun həbsi Ukrayna Prezidentinin israrla axtardığı Putinlə Zelenski arasında şəxsi görüşün keçirilməsi üçün şərtdir.

- Ukrayna mediası və siyasətçiləri Prezident Aparatının rəhbəri Andrey Yermaka qarşı konkret ittihamlar səsləndiriblər. İttihamlar çox ağır idi - dövlətə xəyanətə və Rusiyaya işləməyə qədər. Həbsi bir yana, nəyə görə Yermak hələ də tutduğu vəzifədən uzaqlaşdırılmır?

- “Onu kim əkəcək, o, abidədir”. Yermak barədə danışanda  yadıma dərhal köhnə sovet komediyasından bu sitat gəlir. Əslində, Andrey Yermaka qarşı ittihamlar onu Prezident Aparatının rəhbəri vəzifəsindən uzaqlaşdırmaq üçün kifayətdir. Ancaq, əksinə: Ukrayna Prezident Aparatının saytına daxil olan hazırlıqsız adamda belə bir təəssürat yarana bilər ki, Ukraynaya Vladimir Zelenski yox, Andrey Yermak rəhbərlik edir. Xatırladım ki, Zelenskinin səlahiyyət müddətinin əvvəlində Prezident Aparatının rəhbəri onun müşaviri olub, sonra isə o, Andrey Boqdandan Prezidentə təsir etmək hüququ uğrunda aparat mübarizəsində qalib gəlib. Ona görə də demokratik ölkə üçün paradoksal bir vəziyyət yaranır: Ukraynaya əslində heç kimin səs vermədiyi, bu hüququ ona həvalə etmədiyi bir şəxs rəhbərlik edir.

- Sizcə, Ukraynanın hazırkı rəhbərliyində rusiyapərəst personajların sayı nə qədərdir?

- Onların sayı az deyil. Artıq keçmiş daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvilinın Rusiya pasportuna sahib olduğunun aşkarlanması onların adının legion olduğunu başa düşmək üçün kifayətdir. Nəzərinizə çatdırım ki, Qoqilaşvili hər şeyə qadir olan Arsen Avakovun müavini təyin edilib, onun müşaviri Zoryan Şkiryakın sözlərinə görə, təyinatı “Prezident xahiş edib” deyə baş tutub. Buna görə də cənab Qoqilaşvili yoxlanışdan keçməyib və onun Rusiya vətəndaşlığı təsadüf nəticəsində aşkarlanıb. Belə hallar davam etdiyi halda, Ukrayna NATO və Aİ-yə üzv olmaq perspektivi barədə düşünməməlidir.

- Rusiyanın Ukrayna siyasi məkanında öz himayədarları vasitəsilə və onların bir çoxunun, “Həya uğrunda” Müxalifət Platformasından tutmuş, ayrı-ayrı marjinal personajlara qədər, ölkə daxilində sabitliyi pozmağa cəhd etməsi riski varmı?

- Məncə, bu risk çox yüksəkdir. Hibrid müharibə təkcə açıq döyüş deyil, bütün sahələrdə gözlənilməz zərbələr deməkdir. Poroşenkoya qarşı təqibləri təşkil etməklə Zelenski öz mövqelərini zəiflədir, Rusiya təhlükəsindən qorunmaq üçün möhkəmlənmək əvəzinə, güclü böhran üçün ilkin şərtlər yaradır. Təəssüf ki, altıncı Prezident səlahiyyət müddətinin yarısından sonra da dövlət xadimi ola bilmədi, bunu dərk etmək acıdır.

- İndi olmasa da, yaxın illərdə Ukraynanın inkişaf vektorunun qərbpərəstlikdən rusiyapərəstliyə dəyişməsi riski varmı?

- Sualınız bir neçə komponentə bölünməlidir. Birincisi, Rusiyanın Krımı işğal etməsindən və Donbasdakı müharibədən sonra Ukraynada rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsinin qanuni yolunu görmürəm, seçki mənzərəsi çox dəyişib. İkincisi, mən Zelenskinin Rusiyaya qarşı yeni təkliflərini istisna etmirəm. Üçüncüsü, milyonlarla ukraynalı Rusiyanın müstəmləkəsi olmaq istəmir və siyasi rəhbərliyin mövqeyindən asılı olmayaraq, ölkənin müstəqilliyini müdafiə edəcək.

Müəllif: Əkbər Həsənov