Əfqanıstanla bağlı “Moskva formatı” – “Taliban”la danışıqlar nə ilə nəticələndi?

Dünya

21.10.2021 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Əfqanıstana kömək etməyə hazırdır, amma “Taliban”ı tanımağa hazır deyil

Oktyabrın 20-də “Taliban” hərəkatının nümayəndələrinin iştirakı ilə Rusiyanın paytaxtında Əfqanıstanla bağlı “Moskva formatı” adlandırılan məsləhətləşmələr toplantısı keçirilib. AYNA Rusiya mediasına istinadən bildirir ki, danışıqlara “Taliban” və rusiyalı diplomatlarından başqa Çin, Pakistan, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri qatılıblar. ABŞ nümayəndələri görüşü dəstəkləsələr də, toplantıya qatılmayıblar.

Danışıqlarda Rusiyanı ölkənin xarici işlər naziri Sergey Lavrov təmsil edib. Əfqanıstan nümayəndə heyətinə rəhbərliyi isə “Taliban” hökumətində xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki edib.

Rusiya “Taliban”ı Əfqanıstanın qanuni hökuməti olaraq tanımayıb

Moskvada danışıqlar heç bir ölkənin, o cümlədən Rusiyanın “Taliban”ı Əfqanıstanın legitim hökuməti kimi tanımamasına baxmayaraq baş tutub. Lavrovun özü də dəfələrlə bildirib ki, Rusiya tərəfi hərəkat nümayəndələri ilə təmaslarını heç vaxt gizlətməyib. Çünki “taliblər” Əfqanıstan cəmiyyətinin bir hissəsidir.

Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında deyilir ki, Əfqanıstanla qarşılıqlı fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yeni Əfqanıstan hökumətini tanıyıb-tanımamasından asılı olmayaraq, yeni reallıq – “Taliban”ın hakimiyyətə gəlməsi nəzərə alınmaqla qurulmalıdır.

“Taliban” hərəkatı dünyanın əksər ölkələrində terror təşkilatı kimi tanınır, təşkilatın nümayəndələri ilə hər hansı rəsmi təmaslar Rusiya ərazisində qadağandır. Buna baxmayaraq, rəsmi Moskva hərəkatın liderləri ilə mütəmadi əlaqə saxlayır. “Taliblər” bir neçə dəfə danışıqlar aparmaq üçün Rusiya paytaxtına səfər ediblər. Rusiya hakimiyyəti Əfqanıstanın yeni hakimiyyəti ilə danışıqlara hazır olduğunu qəbul etsə də, “Taliban”ı terrorçu hərəkat siyahısından çıxarmağa tələsmir. Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci şöbəsinin müdiri Zamir Kabulov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmadan “Taliban” hərəkatını terrorçular siyahısından çıxarılmasından söhbət gedə bilməz.

Müttəfiqlər Əfqanıstan iqtisadiyyatını yenidən qurmaq üçün üzərinə düşəni etməlidirlər

“Moskva formatı”nda danışıqların vacib hissəsi Əfqanıstandakı iqtisadi vəziyyət olub: “Taliban” hakimiyyətə gəldikdən sonra ölkədə xarici banklardakı dövlətin maliyyə aktivlərinin dondurulması səbəbindən Əfqanıstanda iqtisadi böhran başlayıb. Moskva danışıqlarında tərəflər Əfqanıstanda sosial-iqtisadi və humanitar vəziyyətin pisləşdiyini və beynəlxalq birliyin əhaliyə kömək etmək üçün hər şeyi etməli olduğunu qəbul ediblər. Vəsait toplanılması üçün BMT-nin himayəsi altında beynəlxalq donor konfransının çağırılması təklif edilib. Eyni zamanda, qeyd edilib ki, Əfqanıstanın iqtisadiyyatının yenidən qurulması və inkişafını maliyyələşdirməyin əsas yükünü ABŞ da daxil olmaqla NATO ölkələri daşımalıdır. Çünki bu qüvvələrin son 20 ildə Əfqanıstanda hərbi kontingentləri mövcud olub.

“Taliban” əhatəli bir hökumət quracağına və ağıllı siyasət həyata keçirəcəyinə söz verdi

Rusiya XİN-in saytında qeyd edilib ki, danışıqlardan sonra tərəflər Əfqanıstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət etdiklərini bildiriblər. İştirakçılar onu da bildiriblər ki, terror təşkilatlarının Əfqanıstan ərazisində kök salmasının qarşısının alınmasında, ölkədə təhlükəsizliyin təmin edilməsində yardımçı olacaqlar.

İştirakçı ölkələr həmçinin “Taliban”ı dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görməyə, yəni ölkənin bütün etnosiyasi qüvvələrinin nümayəndələrinin daxil olacağı inklüziv hökumət formalaşdırmağa çağırıblar. Sənəddə deyilir: "Bu, Əfqanıstanda milli barışıq prosesinin tamamlanması üçün əsas şərt olacaq".

Bundan əlavə, iclas iştirakçıları “Taliban”ı mötədil və ehtiyatlı daxili və xarici siyasət yürütməyə çağırıblar. Bəyanatın mətnində ölkənin yeni hakimiyyət orqanlarının Əfqanıstanın qonşuları ilə dostluq siyasəti aparmalı olduğu xüsusi vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş