COVID-19 pasportu olmadığına görə 50 nəfər şənliklərə buraxılmayıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 8-də Bakıda və respublikanın digər ərazilərində 99 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinq 97 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 50 nəfər şənliklərə buraxılmayıb.