Dostluq bitdi, müttəfiqlik təhlükə altındadır

Dünya

20.06.2022 - 22:07

Bu gün nəvəsi Baydenlə qol-qola şəkil çəkdirdiyi kimi, vaxtilə babası da Vudro Vilsonla bağlı qapılar arxasında necə planlar qururdu

Üç il əvvəl, “Hürriyet” qəzetinin 1974-cü il tarixli, “Belə dostluq olmaz olsun” başlıqlı yazısını xatırlatmış, qəzetin bir ay boyunca Yunanıstanın Egey dənizində dostluğa yaraşmayan davranışlarından nümunələr gətirdiyini qeyd etmişdim.

Hər bir qəzet məqaləsi kimi həmin məqalədə də çağırış vardı: yunan dostlarımıza 1919-cu ildə baş vermiş “Smirna fəlakəti”ni xatırlatmaq və yeni fəlakətlər törətməmək üçün sağlam düşüncəyə dəvət edirdi.

Yunanıstanın 1919-cu ildə “Kiçik Asiyanı işğal etmək” cəhdi indiki Baş nazir Kiryakos Mitsotakisin ulu babası Elefterios Venizelosun “itirilmiş Yunanıstan torpaqlarını birləşdirmək” idealından irəli gəlirdi. Dədə Venizelos "Böyük dövlətlər indi Osmanlı İmperatorluğunu dəftərdən siliblər!" əhval-ruhiyyəsində idi. İngiltərənin Baş naziri onun qoluna girərək, “İzmirdən İstanbul və Trabzona qədər Anadolu sahillərini və adalarını Yunanıstanın almasının tərəfdarıyıq” deyə zəmanət verirdi. Yunan işğal ordusunu yola salan Venizelos “1453-cü ildə kəsilən tarixin gedişatını düzəltmək niyyətindəsiniz” deyə açıqlama verirdi.

Ötən ay ABŞ Konqresinin birgə iclasında çıxış edərkən Venizelos nəvəsi Mitsotakis Türkiyənin oxşar dünyagörüşü ilə tarixi səhvdə olduğunu söyləməyə cəsarət edib. O, Egey adaları ilə bağlı hüquqi müzakirələri nəzərə almadan, “Türkiyə adalarımız üzərində hərbi uçuşları dayandırmalıdır” deyərək amerikalı siyasətçilərdən kömək istəyirdi.

Lakin 1922-ci ildən Türkiyə bu ölkəyə dost, 1952-ci ildən isə müttəfiq kimi yanaşır. Türkiyədən iki kilometr aralıda olan adaların üzərində 10 mil hava sahəsi, onların ətrafında isə yüzlərlə kvadrat kilometrlik iqtisadi ərazi elan edilməsi və bunu özünün hesab etdiyi qonşu ilə qarşılıqlı danışıqlar aparmadan, birtərəfli məcburiyyətlə tətbiq etməyin heçmi nəticəsi olmayacaqdı? Amma Yunanıstan bu gün Türkiyənin ondan 6 dəfə böyük, 8 dəfə daha çox əhalisi və 7 dəfə daha zəngin olduğunu unudub.

Afina bu gün ABŞ və AB-nin təzyiqinə məruz qalır, 1914-cü ildə də eyni şəkildə sinəsinə döyürdü. Bu gün Mitsotakis ABŞ Prezidenti Co Bayden və AB Prezidenti Von der Leyenlə əl-ələ, qol-qola şəkil çəkdirdiyi kimi, o zaman da Venizelos Britaniya Baş naziri Lloyd Corc və ABŞ Prezidenti Vudro Vilsonla bağlı qapılar arxasında necə planlar qururdu. Osmanlının cənazəsini dəfn edəcəkdilər...

ABŞ Konqresinə "Türkiyə adalarımızın üzərində döyüş təyyarələri uçurur" deyən şəxsin Türkiyənin Egey maraqlarına zidd olan yunan planlarına qarşı hüquqi təşəbbüslərə toxunmadan, bağlı qapılar arxasında nə dediyini təxmin etmək çətin olmamalıdır.

Türkiyə 1919-cu ildə Parisdəki böyük dövlətlərin qəssabxanasında masaya qoyulan Osmanlı imperiyası deyil. Türkiyə nə Yunanıstandan üç ildir davam edən Anadolu işğalının hesabını soruşdu, nə də Meriçdən qaçan yunan ordusunu təqib etdi. Sentyabrın 9-da, Türkiyə İzmiri azad etdikdən bir gün sonra Türkiyə Yunanıstanı dost və müttəfiq elan etdi. Amma, deyəsən, bu dostluq çoxdan bitib. Görünən odur ki, Afina Fransa və ABŞ-la, Türkiyənin əleyhinə ittifaqlar qurmaqla artıq bu “müttəfiq” titulundan imtina etməyə hazırdır.

Müəllif: Hakkı Öcal

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli