Direktor silahlı görüntüyə görə cəzalandırılıb, bəs ov hanı – Foto-qalmaqal

Cəmiyyət

24.12.2021 - 13:37

Əliheydər Məmmədov: “Onlar nəinki özləri ilə silah gəzdirə bilərlər, hətta bu, onların vəzifə borcudur”

Hikmət Əlizadə: “Həm direktor, həm də müavinin əlindəki istifadəyə hazır yığılmış şəxsi silahlardır və belə silahlarla meşəyə, dağa gedirsənsə, qanunun nəzərində ovçusan”

İnternetin Azərbaycan seqmentində Meşələrin İnkişafı Xidmətinin Masallı Rayon Meşə Təsərrüfatı İdarəsinin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun əllərində silahla poz verdikləri foto yayılıb. Bu hadisə rezonans yaradıb və A.İsmiyevin vəzifəsini itirməsi, S.Şahmarovun isə son xəbərdarlıqla şiddətli töhmət alması ilə nətciələnib. Hər iki məmur inzibati qaydada cərimələnib.

Şəkillə bağlı vətəndaşların fikirləri bölünüb. Bəziləri cəzanın layiqli olduğuna inanır, digərləri isə əmindirlər ki, məmurlar səbəbsiz cəzalandırılıb. Çünki qanuna görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bəzi xidmətlərində çalışanlarda bu strukturun onlara verdiyi silahlar var. “Meşəni brakonyerlərdən başqa necə qorumaq olar?”, - deyə bəzi insanlar təəccüblənirlər.

Bu məlumat təkcə sadə vətəndaşlarda deyil, bəzi ekoloqlar arasında da suallar yaradıb. Mühafizə Olunan Ərazilərin Qorunması və Növlərin Bərpası üzrə Beynəlxalq Komissiyanın (IUCN) üzvü Əliheydər Məmmədovun AYNA-ya dediyinə görə, ETSN-in meşə təsərrüfatında və qoruqlarda çalışan əməkdaşları nəinki özləri ilə silah gəzdirə bilərlər, həm də onlar buna borcludurlar, çünki ərazi brakonyerlərdən mühafizə olunmalıdır.

“Bütün dünyada olduğu kimi bizdə də dövlət onlara xidməti silahlar verir. Bəs niyə silahla şəkil çəkdirməyək? Deyək ki, əsgərlər silahları olan şəkillər çəkdirmirlər? Yaxşı, əgər bu, şəxsi silahdırsa, bu halda da narahatlıq üçün heç bir əsas yoxdur. Bir fotoşəkilə görə əməkdaşları necə işdən çıxarmaq olar? Bu, hər bir vətəndaşın istifadə etmək üçün icazə ala biləcəyi adi bir hamar lüləli “Sayqaq” karabinidir. Qeyri-qanuni ov faktı olubsa, bu, başqa məsələdir, amma fotodan belə nəticə çıxarmaq olmaz. Bəs ovun nəticələri haradadır? Ümumiyyətlə, mediada yayılan məlumatlar cavab verməkdən daha çox suallar doğurur”, - deyə müsahibimiz bildirib.

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə də AYNA-ya açıqlamasında təsdiqləyib ki, Nizamnamədə Nazirliyin bir sıra sahələrinin əməkdaşlarının səlahiyyətlərinin icrası haqqında bənddə onların xidməti silah gəzdirmək hüququ təsbit olunub: “Amma bu zaman həm direktor, həm də direktor müavini artıq istifadəyə hazır yığılmış şəxsi silahlarla şəkil çəkdiriblər. Yığılan silah atəşə hazır silahdır və onunla meşəyə, dağlara və ya başqa yerə gedirsənsə, qanunun nəzərində ovçusan. Bu, ov qaydalarının pozulmasıdır. Müfəttişin ovçunu cinayət başında tutması vacib deyil. Fotodakı insanlar, hətta ova gedənlər kimi geyiniblər. Və qorumalı olduqları ərazidə ov ediblər. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi var ki, buna görə təqsirkarlar cərimələniblər. Əgər heyvan və ya quşun qanunsuz öldürülməsi faktı qeydə alınsa idi, cəza daha sərt olardı”.

O ki qaldı A.İsmiyevin işdən çıxarılmasına, H.Əlizadənin fikrincə, qanun pozuntusuna yol verən rəhbər vəzifə tutan şəxsdirsə, ondan daha ciddi şəkildə tələb olunmalıdır: “Bundan başqa, onun tərəfindən başqa qanun pozuntuları da olub. Son illərdə vəzifəli şəxsin qanunu pozması ilk dəfə deyil. Əməkdaşlar tərəfindən qanun pozuntusu faktları qeydə alınarsa, onların qarşısı ciddi şəkildə alınır. Bu cür qanun pozucuları ilə yumşaq rəftar edə bilməzsiniz, onların cəzası başqaları üçün dərs olmalıdır”.

“Təbii ki, işçilər müvafiq göstərişlər alır və öz vəzifələrinin miqyasını yaxşı bilirlər, lakin bu, bəzilərinin qanunu pozmasına mane olmur. Qanunsuz ovçuluğa, yerli və xarici qanun pozucularına qarşı mübarizə gücləndirilib. Belə ki, bu il ərzində ölkəmizdə qanunsuz ovla məşğul olan 30-dan çox əcnəbi cərimələnərək, ölkədən deportasiya edilib. Bu göstərici uzun illər ərzində ilk dəfədir ki, əldə olunub. Bu, o demək deyil ki, qanun pozuntuları daha çox olub, əksinə, qanunsuz ov hallarının sayı azalıb. Sadəcə, qaydanı pozanlar daha çox tutulub, cəzalandırılır”, - deyə ETSN rəsmisi vurğulayıb.

Müəllif: Elya Belskaya