“Dini radikalizmin doğurduğu təhlükələr” – Film təqdim olundu

Cəmiyyət

27.09.2023 - 16:53

Avrasiya Universitetində sənədli filmin təqdimatı keçirilib

Media və Mülki Cəmiyyət İctimai Birliyi sentyabrın 22-də Bakı Avrasiya Universitetində növbəti tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Dini radikalizmə qarşı mübarizədə maarifçilik tədbirləri” adlı layihəsi çərçivəsində baş tutub.

Tədbirdən öncə şəhidlərin ruhuna dualar oxunub. Sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov iştirakçılara layihənin məqsədləri haqqında məlumat verib.

X.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində dini radikalizmə qarşı mübarizə həmişə mövcud olmuşdur. Bu mübarizədə mətbuatın rolu, dövlət qurumlarının siyasəti, eyni zamanda qeyri-hökumət təşkilatlarının apardığı maarifləndirici tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Layihənin məqsədi də gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsinə və dini radikal ekstremizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirləri təşkil etməkdən ibarət idi. “Bu gün sizinlə birlikdə layihə çərçivəsində hazırladığımız “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli filmin təqdimatını edirik. Azərbaycan və ingilis dillərində olan filmdə gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsi üçün zərərli dini cərəyanların və destruktiv təriqətlərin mahiyyətindən danışılır və onların təbliğat metodları haqqında məlumatlar verilir”-layihə rəhbəri qeyd edib.

Daha sonra təşkilatın hazırladığı “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli film nümayiş etdirilib və filmin müzakirəsi ətrafında çıxışlarla tədbir davam edib.

Milli Məcisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, 1995-ci ildə bizim Konstitusiya qəbul edilərkən ulu öndər Heydər Əliyevə təklif olunmuşdu ki, orada İslam dininin üstünlüyü vurğulansın və bunun əsası var: “Məsələn, Gürcüstanda gürcü pravoslav kilsəsinin orada xüsusi statusu var, Ermənistanda bu var, İranda bu var, ayrı-ayrı ölkələrdə bu var. Amma Azərbaycan bunu etmədi, Azərbaycan burada belə bir yanaşmanı sərgilədi ki, bütün dinlərin Azərbaycanda yaşamasına, fəaliyyət göstərməsinə şərait yaradılacaq. Bu gün Azərbaycanda Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi fəaliyyət göstərir. Və bu multikultiralizm ənənələrinin qorunması üçün həm ölkə rəhbərliyi tərəfindən, cənab prezidentin bilavasitə rəhbərliyi ilə bu məsələlərə çox həssas bir yanaşma var. Eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə də biz bunu deyə bilərik ki, onların “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində təkcə məscidlər yox, kilsələr, katolik kilsəsi, rus provaslav kilsəsi və digər kilsələr dövlətin diqqəti və qayğısı ilə tam əhatə olunub”.

İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dini sülh dinidir, səmavi mədəniyyəti təmsil edir: “Tariximizdən günümzə qədər daim sevgini, ədaləti, insanlıq həyatında gözəllikləri tərənnüm edir. Ancaq son 50-60 il civarında findamentalizm və radikalizm adlı kəlmələrdə, maləsəf yaxın-yaxın işlədilməyə başlanmışdır. Allahın göndərdiyi yolda sərtlik, elə bir şey yoxdur. Bu din haqqın yoludur, ədalətin yoludur, sevginin yoludur. Yer üzündə cəhalətə qarşı, xurafata qarşı ən ideal mübarizəni təbii ki, İslam dini aparmışdır. Başda sevgili və sevimli peyğmbərimiz Həzrəti Muhəmməd Mustafa olmaq şərtilə. Məlumdur ki, Qurani-Kərim kimi 6232 ayəsi olan bir kitabın ilk mesajı “Oxu” Uca Rəbbimizin adı ilə başlamışdır. İslam dini elmə, irfana, mədəniyyətə açıq bir dindir. Çağlara, zamanalara bütün qucağını açmış bir vəhy Kitabınının təmsil etdiyi bir dindir. Bu dinin içərisində cəhalətə, xurafata yer yoxdur”.

Rəsul Mirhəşimli layihənin eksperti, araşdrımaçı jurnalist bildirib ki, bir çox cəmiyyətlərdə siyasətə, idarəçiliyə və iqtisadi münasibətlərə qarşı çıxan təbəqələr və qruplar olduğu kimi dində də, dini müstəvidə də radikal cərəyanlar və qruplar olur. Əslində dini radikalizmi dinin hikməti və ehkamına qarşı çıxmaqdır: “Orta əsr alimlərindən biri deyirdi ki, “bir dəlil ilə yüz alimə qalib gələ bildim, amma min dəlil ilə bir cahilə qalib gələ bilmədim”. Yəni cahilliyin kökü insanları daha çox radikalizmə sürükləyir. Bu da ilk növbədə Qurani-Kərimi bilməməzliyindən, Qurani-Kərim ehkamına riayət eləməməkdən və Allahın Yer üzünə göndərdiyi, peyğmbərə nazil elədiyi Kitabın hökmlərindən kənara çıxmaqla başlayır. Dinin tədrisi, bizə  təkcə islam dininin öyrədilməsinə imkan yaratmayacaq, eyni zamanda başqa dinlərin İslam dini ilə müqayisəsini tapa bilərik. Dinlər tarixini öyrənə bilərik. Beləkilə, maariflənmiş cəmiyyətdə heç bir radikallığa yer qalmır. Əgər biz dinimizi özümüz öyrənməsək, dinimizə özümüz sahib çıxmasaq kənardan kimsə o dini bizə “öyrətməyə” qalxacaq. Bunların qarşısını qalmaq üçün biz dinimiz öz dövlətimizin siyasətinin tərkibində öyrənməliyik”.

Tədbirdə digər tədbir iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Müəllif: Ayna.az