Ehsan Zahidov: “Polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib”
“Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının maaşlarının 2 dəfə artırılması barədə təşəbbüs irəli sürülməyib”. AYNA xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
DİN rəsmisi qeyd edib ki, Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur: “Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevrilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib. Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər”.
“Daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünkü gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”, - E.Zahidovun əlavə edib.
Qeyd edək ki, Milli Məclisin komitə iclasında deputat Qüdrət Həsənquliyev tərəfindən polis əməkdaşlarının maaşlarının 2 dəfə artırılması barədə təklif irəli sürülüb. Bu təklifin Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə səslənməsi barədə fikirlər səslənir.