Deputatlar toplaşdılar: Milli Məclisin xüsusi iclası keçirildi

Cəmiyyət

14.06.2023 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

İclas ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilib

Bu gün Milli Məclisin xüsusi iclası keçirilib. İclas ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilib. İclasa sədrlik edən spiker Sahibə Qafarova Heydər Əliyevla bağlı danışarkən deyib ki, ümummilli lider zamanın çağırışlarına cavab verən siyasətçi olub.

"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib. Ölkəmizi davamlı inkişaf yoluna çıxarıb. Heydər Əliyev Azərbaycanın dövlət müstəqiliyinin təməlini yaradıb. Bunlarla yanaşı, Ulu Öndər dövlətçilik ənənələrini 20-ci yüz illikdə təcəssüm etdirib. Bu gün onu dünyanın ən öndə gedən siyasətçiləri arasında görürlər”, - deyə Qafarova qeyd edib.

Spiker bildirib ki, bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir: “Azərbaycan Heydər Əliyev yolunda irəliləyir. Ulu Öndər hər zaman Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda, iclaslarında iştirak edib. Milli Məclis bu gün də Heydər Əliyevin irsini davam etdirir. Bununla yanaşı, deyə bilərik ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər sahədə təcəssüm edir”.

“Hər bir xalqın mövcud olması və inkişaf etməsi o xalqın milli xüsusiyyətlərinin güclü tərəflərinin tarixin çətin məqamlarında qalib qəlmək üçün həlledici olması və həlledici məqamlarda öz liderini yetişdirmək üçün milli potensialının olması hesabına baş verib. Güclü liderlərə və güclü milli xüsusiyyətlərə malik olmayan xalqlar güclü dövlət qura bilməməmiş, tarixin səhnəsindən silinmiş və ya sahib olduqları dövlət zəif inkişaf edib". Bu sözləri isə çıxışında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.

Deputat vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın taleyi köklü surətdə dəyişib: “20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran Azərbaycan xalqı 2 il sonra müstəqilliyini itirib və zorla Sovet İttifaqının tərkibinə qatılıb. Bütün resursların İttifaq məqsədinə xərcləndiyi bir şəraitdə keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85 faizi yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış region vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəraitdə SSRİ rəhbərliyində Azərbaycanın özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir şəraitdə Ulu Öndər Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirib və onu yox olmaqdan xilas edib".

"15 il sonra Azərbaycan artıq SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. 1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala gəlmişdi. Yaradılan iqtisadi potensial və iqtisadi infrastktur ölkənin gələcəyinə hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi”, - deyə komitə sədri əlavə edib.

T.Mirkişili qeyd edib ki, həmin vaxt üçün yüksək nəticələr möcüzə sayılıb: “Çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin”.

Toplantıda digər deputatlar da Heydər Əliyevlə bağlı fikirlərini səsləndirib, ümummilli liderin Azərbaycanın xilaskarı olduğunu vurğulayıblar.

Xüsusi iclasda həmçinin 3 cildən ibarət “Heydər Əliyev və Azərbaycan parlamenti” kitabının və “Heydər Əliyev - Zamanın fövqündə” filminin təqdimatı olub. “Heydər Əliyev və Azərbaycan parlamenti” kitabı Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibətilə nəşr olunub. Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru isə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də əks olunub.

Təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Zamanın fövqündə” filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi isə Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edir. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı, SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, bu dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi naminə parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində müstəqilliyin ilk illərində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirləri ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, ordu quruculuğu, neft strategiyası, demokratiyanın inkişafı sahəsində atdığı addımlar geniş əks olunub. Filmdə, həmçinin yüksək səviyyəli prezident-parlament münasibətlərindən və Heydər Əliyev siyasətinin təntənəsindən bəhs olunur.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş