"Dədə Qorqud" dastanının yeni boyu ilə bağlı iddialara professordan cavab

Mədəniyyət

16.07.2019 - 19:42

"Qorqud kitabı"nın günbəd əlyazması barədə...

 

"İranda tayfa halında yarımköçəri həyat sürən bütün türkdilli tayfalara XX əsrədək "türkmən" deyilirdi". AYNA xəbər verir ki, bu fikirləri özünün şəxsi "Facebook" profilində filalogiya elmləri doktoru, professor Kamil Allahyarov paylaşıb. Professor son zamanlar haqqında danışılan "Qorqud kitabı" barədə fikirlərə münasibətini bildirib. 

 

"Son dövrlərdə "Facebook"-da səs-küyə səbəb olmuş bu əlyazmanın mətni nəhayət ki, türk tədqiqatçısı, professor Mətin Ekici tərəfindən ərəb qrafikasından türk dilinə transliterasiya edilərək, çap olunmuşdur. Çox yaxşı ki, tədqiqatçı burada əvvəllər söylədiyi bir sıra yanlış fikirləri (guya əlyazma 14-cü əsrə aiddir, onu "Türkistan nüsxəsi" adlandırmaq lazımdır və s.) düzəltmişdir. Bu barədə "Facebook"-da paylaşdığımız bir sıra status və rəylərdə biz göstərmişdik ki, bu boy ozanlar tərəfindən son əsrlərdə düzəldilib və onun mətni Azərbaycan dilindədir. Həmçinin əlyazma, saxlanıldığı şəhərin adı ilə adlandırılmalıdır. Müəllif də onu "Günbəd" əlyazması adlandırıb və əlyazmanın 18-ci əsrin ikinci yarısında Cənubi Azərbaycanda və azəri dilində yazılmasını qeyd edib."

 


Filoloq yeni boyun Dədə Qorqud dastanına aid olub-olmaması məsələsinə də toxunub: "Ədalət naminə Metin Ekicinin əleyhdarları tərəfindən söylənilən bəzi yanlış fikirlər üzərində də dayanmaq istərdim. Onların dediklərinə görə guya bu yeni boy "Qorqud kitabı"na aid deyildir və türkmən dastanıdır. Birinci, bilmək lazımdır ki, İranda tayfa halında yarımköçəri həyat sürən bütün türkdilli tayfalara XX əsrədək "türkmən" deyilirdi. İndi bu mənada biz həmin sözün ərəbləşmiş "tərəkəmə" formasını işlədirik. Ona görə də əlyazmanın adındakı "türkmən dili" ifadəsi bizi çaşdırmamalıdır. "

 

"İkinci, bu boyu Azərbaycan və ya türkmən dastanı adlandırmaq da düzgün deyildir, çünki bu boy da ozanlar tərəfindən qədim oğuz ənənələri və personajları əsasında düzəldilibdir. Buna görə o da oğuz dastanı sayılmalı və bütün oğuzdilli xalqlara mənsub edilməlidir. Sadəcə dastan Azərbaycan ozanının dilindən yazıya alındığına görə Azərbaycan dilindədir və Azərbaycan coğrafiyasını əhatə edir. Əgər bu boyun başqa bir nüsxəsi türk və ya türkmən ozanının dilindən yazıya alınsaydı, o nüsxə də onların dilində olacaqdı və daha çox onların coğrafi adlarını əhatə edəcəkdi. Ona görə də dastanın hansı oğuz xalqına mənsub olması barədəki mübahisələr də mənasızdır. Oğuz boylarının hamısının guya Dədə Qorqud tərəfindən düzəldilməsini düşünmək də yanlışdır. Məsələn, "Qanlı qoca oğlu Qanturalı boyu" ozanlar tərəfindən 14-cü əsrdə baş vermiş bir tarixi hadisə əsasında düzəldilib. Ancaq o zaman Qorqud yox idi ki, onu da düzəltsin" deyə, - Kamil Allahyarov qeyd edib.

 

Картинки по запросу kamil allahyarov

Müəllif: Ayna.az