İlham İsmayıl: “Bakının tələbi yerinə yetirilməsə, Azərbaycan Ordusu hərəkətə keçməlidir, başqa yol yoxdur”
Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərində ordumuzun mövqeləri intensiv atəşə tutulur. Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar. Baş verən erməni təxribatlarına ordumuz tərəfindən layiqli cavab verilir, adekvat addımlar atılır. Lakin təxribatların ardı-arası kəsilmir. Ekspertlər hesab edirlər ki, baş verənlər Qarabağda antiterror əməliyyatını şərtləndirir.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-nın suallarını cavablandırarkən bildirib ki, bu cür təxribatların baş verəcəyi gözlənilən idi:
- Biz bilirdik ki, bu cür təxribatlar baş verəcək. Aydın məsələdir ki, Kişinyov görüşündən sonra perspektivdə gərginliyin baş verəcəyi proqnozlaşdırılırdı. XİN başçılarının Vaşinqton görüşü gözlənilir, sonra Brüsseldə liderlərin görüşü planlaşdırılır. Qərbdə danışıqlar baş verən kimi, Ermənistan-Azərbaycan sərhədində və Qarabağda silahlı qarşıdurma, erməni təxribatı baş verir. Açığını deyim ki, Laçın postunda təxribat gözləmirdim. Təxribat sadə insanlar tərəfindən ola bilərdi, bəhanə gətirə bilərdilər ki, “bizi incidirsiniz” və s. Amma posta silahlı hücum gözlənilən deyildi. Amma gərginliyi posta hücumla yaratdılar. Bunun da bir çox səbəbləri var.
- Səbəblər nələrdir?
- Birincisi, unutmaq olmaz ki, hazırda Azərbaycan ərazilərinin tamına nəzarət etmir. Faktiki olaraq Xankəndi, Əsgəran, Xocavəndin yarısı, Ağdərə tamamilə erməni separatçılarının işğalındadır. Orada Azərbaycan Ordusuna minlərlə erməni silahı tuşlanıb. Eyni zamanda, Qarabağda üçüncü qüvvə - Rusiya var. Həm də bu qüvvə əsas qüvvədir. Separatçılar da, Ermənistan da bu gün Rusiyaya arxayındır. Düzdür, İrəvandan sülhlə bağlı pozitiv bəyanatlar var, amma bunların heç biri reallaşmır. Real nəticənin olmaması gərginliyi artıran amillərdən biridir.
Başqa bir amil Kremlin mövqeyidir. Rusiya Qərbin vasitəçiliyini qəbul etmir. Tərəflərdən hansısa biri sülhlə bağlı pozitiv bəyanat verən kimi, silahlı gərginlik baş verir, ermənilər təxribat törədirlər. Dəfələrlə bildirmişik ki, burada Rusiya izi mövcuddur. Anlamaq lazımdır ki, Rusiya Qarabağdan çıxmaq niyyətində deyil. Ümumiyyətlə, sülhün olması o demək deyil ki, Rusiya sülhməramlılarını Qarabağdan çıxaracaq. Sülh imzalansa belə, Ermənistanla Azərbaycan arasında imzalanacaq. Rusiya Qarabağı bu sülhdən kənarda saxlamaq niyyətindədir. Qarabağ məsələsi isə bitməyibsə, o zaman sülhməramlı adlandırılan qüvvə necə çıxacaq? Sabah sərhədlər delimitasiya olunsa, kommunikasiyalar açılsa, o demək deyil ki, Azərbaycan Xankəndidə bayrağını qaldıracaq. Maksimalist olmaq lazım deyil, reallığa baxmaq lazımdır. Təbii ki, Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq, amma məsələ tam bitdikdən sonra. Diqqət edin, separatçı rejimin fikirləri ilə İrəvanın fikirləri üst-üstə düşmür. Separatçılar Rusiyanın təlimatı ilə hərəkət edirlər, sülhü yaxına belə buraxmırlar, inteqrasiyanı qəbul etmirlər. Bu o deməkdir ki, məsələni köklü həll etmək yaxın zamanda mümkün deyil. Məsələ tam bitməyibsə, demək təxribatlar da baş verəcək. Ermənistan ordusundakı Rusiyaya bağlı zabitlər də sərhəddə təxribatları törədəcəklər. Dediyim kimi, baş verən təxribatlar gözlənilən idi.
- Azərbaycan hansı addımları atmalıdır?
- Biz proseslərlə bağlı addımlarımızı paralel şəkildə aparmalıyıq. Sülhlə bağlı danışıqlar öz yerində, Qarabağda qalan məsələləri həll etməliyik. Məsələn, deyirik ki, Qarabağdan qanunsuz erməni silahlıları çıxarılmalıdır, yaxud da, bildiririk ki, sülhməramlılar çıxarılmalıdır. Amma bu sadəcə sözdür, əmələ keçməyin vaxtıdır. Bizim bu addımları atmaq üçün “yol xəritəsi” olmalıdır.
Nəzərə almaq lazımdır ki, Ermənistanla Rusiya kordinasiyalı siyasət aparırlar, sülhün əldə olunmaması üçün, zamanı uzatmaq üçün əllərindən gələni edirlər. Ermənistan anlayır ki, Rusiya zamanı uzatmaq istəyir. Bu, təbii ki, İrəvanın lehinədir. Düşünürlər ki, vaxt keçsin, bəlkə də beynəlxalq vəziyyət, şərtlər bunların xeyrinə olacaq. Həmçinin zaman uzandıqca, Ermənilərin “dili uzanır”. Fərqli bəyanatlar verirlər. Məsələ həll olunmadan ermənilər ruhlanacaqlar, daha fərqli bəyanatlar səsləndirəcəklər.
Bir sözlə, Müdafiə Nazirliyi konkret bəyanat verməlidir, vaxt qoymalıdır ki, filan tarixdə qanunsuz silahlı dəstələr çıxarılmalıdır.Əməl edilməsə, ikinci bəyanat antiterror əməliyyatı ilə bağlı olmalıdır. Nəticədə, Bakının tələbi yerinə yetirilməsə, ordumuz hərəkətə keçməlidir, başqa yol yoxdur. Məğlub Ermənistan şərt irəli sürə bilməz və buna imkan verilməməlidir.