Dağın yamacında silah-sursat aşkarlanıb

Xəbərlər

30.11.2023 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Lerik polisi tərəfindən silah-sursat götürülüb

Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az