“Crocus”a hücumun təşkilatçıları növbəti terroru Mərkəzi Asiyada planlayıbmışlar

Dünya

25.03.2024 - 15:56

Konkret ölkə adı çəkilmir, lakin terrorun Moskvadakı terrorla eyni vaxtda baş verməli olduğu vurğulanır

Martın 22-də Moskvada “Crocus City Hall”a terror hücumunun təşkilatçıları Mərkəzi Asiya ölkələrindən birində növbəti terror aktı hazırlayırmışlar. AYNA xəbər verir ki, məlumatı “İzvestiya”nın məlumatlı mənbəsi deyib.

Konkret ölkə adı çəkilmir, lakin terrorun Moskvadakı terrorla eyni vaxtda baş verməli olduğu vurğulanır.

Nəşrin həmsöhbəti onu da bildirib ki, cinayətkarlar qrupu ənənəvi mütəşəkkil terror təşkilatından deyil, onlar terror aktından cəmi bir neçə həftə əvvəl yaradılıb.

Məlum olub ki, “Crocus City Hall”a hücumda iştirak edənlərdən ikisi Türkiyəyə səfər edərkən təlimat alıb, digərləri isə artıq Rusiya ərazisində qrupa cəlb edilib. Hücum üçün əvvəllər İŞİD-ə bağlılığı bilinməyən şəxslər seçilib.

İlkin məlumatlara görə, terror aktını törədənlər 3-4 həftə əvvəl görüşüblər və əvvəllər ictimai məkanda radikal islamçı qruplarla əlaqəyə dair heç bir sübut buraxmayıblar.

Eyni zamanda, təqsirləndirilən şəxslərdən Şəmsidin Fəriduni fevral ayında Türkiyəyə səfər edib və sosial şəbəkələrdə İstanbuldan fotolar yayımlayıb. Yerləşdirilən fotoşəkillər arasında Fəriduninin özünün Sultan Əhməd məscidində çəkildiyi ehtimal edilən fotoşəkillər var.

Qeyd edək ki, martın 24-də Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən dörd nəfər barəsində həbs qərarı çıxarıb. 32 yaşlı Dalerjon Mirzoev, 30 yaşlı Raçabalizoda Saidakrami Murodali, 25 yaşlı Şəmsidin Fəriduni və 19 yaşlı Məhəmmədsobir Fayzov martın 22-də saxlanılıb. Məhkəmə bağlı qapılar arxasında hər bir şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Mövcud məlumatlara görə, təqsirləndirilən şəxslər hücumu törətdiklərinə görə onların hər biri üçün 500 min rubl almalı idilər. Məbləğin yarısı – 250 min rubl onların bank kartına köçürülüb.

Xatırladaq ki, “Crocus City Hall”a hücum martın 22-də “Piknik” qrupunun çıxışından əvvəl baş verib. Bir neçə nəfər otağa daxil olaraq mühafizəçilərə və tamaşaçılara atəş açıb. Bundan sonra onlar zalı yandırmağa başlayıblar. Son məlumatlara görə, 137 nəfər terror aktının qurbanı olub, 182 nəfər yaralanıb.

Müəllif: Ayna.az