Ceyhun Bayramov: “Delimitasiya ilə sülh müqaviləsi ayrı-ayrı məqamlardır”

Aktual

28.12.2023 - 18:07

Nazir Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri qaytarılması ilə əlaqədar müzakirələr getdiyini açıqlayıb

“Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır. Hesab edirik ki, bu delimitasiya ilə bağlıdır və delimitasiya prosesi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur. Hesab edirik ki, sülh müqaviləsi ilə delimitasiya prosesi ayrı-ayrı məqamlardır. Bu iki proses bir-birindən ayrı tutulmalıdır”.

AYNA Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri qaytarılması ilə əlaqədar müzakirələr getdiyini də açıqlayıb.

“Səkkiz kəndin də öz spesifikası var. Bu məsələ ilə bağlı Ermənistanın da müəyyən iddiaları var. Biz isə konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında, SSRİ zamanında həmin regionda kimlərin yaşamasına aid şübhələr yoxdur. Bizim mövqeyimiz ədalətlidir”, - deyə o əlavə edib.

Nazir deyib ki, Azərbaycanın yanaşması prosesdə müəyyən ardıcıllığa nail olmaqdan ibarətdir.

“Məsələlər qarşılıqlı müzakirə formasında davam edə bilər”, - deyə nazir bildirib.

Müəllif: Ayna.az