Çavuşoğlu Bakıya Ərdoğanın təlimat və tapşırığı ilə gəlib

Siyasət

01.11.2020 - 14:50

Türkiyənin XİN başçısı: “Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın”

 

“Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.

 

AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarlən deyib.

 

Çavuşoğlu ölkə başçısına deyib ki, bizim döyüş meydanındakı qələbələrimizlə fəxr edirlər: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır”.

 

“Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”, - deyə Türkiyənin XİN başçısı vurğulayıb.

Müəllif: Ayna.az