Tehrandakı təyyarə qəzası barədə: "Amerikalıları bir yerə yığaraq öldürüblər"

Siyasət

09.01.2020 - 19:24

Həmid Herisçi: "Amerika 40 ildən sonra 52 nəfərin intiqamını almaq istəyirdi, lakin İran o vaxt qaçan 6 nəfərin intiqamını aldı”

 

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanının yaxınlığında Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğraması barədə xəbərlər yayılar-yayılmaz, hadisənin baş vermə səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirildi. Belə ki, təyyarə qəzasının təsadüfən və ya texniki nasazlıq səbəbindən baş vermədiyi iddia olundu. Qəzanın məhz planlı şəkildə həyata keçirilməsi barədə mülahizələr irəli sürüldü.

 

O da qeyd olundu ki, təyyarə İraqdakı ABŞ hərbi bazasına atılan raketlərlə vurulub. İranlı rəsmilərin təyyarənin tapılmış “qara qutu”sunu heç kimə verməyəcəklərini, əvvəlcə özlərinin araşdıracağını bildirməsi isə bu ehtimalların daha da artmasına rəvac verdi.

 

İran məsələləri üzrə ekspert Həmid Herisçi sözügedən iddialara və ümumi mənzərəyə AYNA tutmağa çalışdıq.

Картинки по запросу Həmid herisçi

Həmsöhbətimiz baş vermiş qəzanı “Airbus” ilə “Boeing” arasında gedən rəqabətlə əlaqələndirir: “4 il əvvəl İranla Qərb ölkələri arasında müqavilə bağlandı. Bu sazişə görə, İran dünyaya öz neftini çıxarırdı, əvəzində isə Avropa sənayesinin məhsulu olan 300 ədəd “Airbus” təyyarəsini almalı idi. Yəni İran öz neftini satmağın müqabilində Avropa aerokosmik sənayesini maliyyələşdirirdi. Əlbəttə ki, bu da “Boeing” şirkətinin qətiyyən xouna gəlmədi. Xatırladım ki, qəzaya uğramış təyyarə də elə "Boeing 737"-dir. Hansı ki, bu təyyarənin adı bədnamdır, dəfələrlə qəzaya uğrayıb”.

 

“Yadınızdadırsa, bundan öncə də bir-birinin ardınca iki "Boeing 737" təyyarəsi qəzaya uğradı, ancaq nədənsə “qara qutu"lar adəti üzrə Nyu-Yorka yox, Parisə aparıldı, Avropa aerokosmik sənayesinin ixtiyarına verildi. O vaxtdan Avropa aerokosmik sənayesinin baş lobbisti Emmanuel Makron Donald Trampla "buynuzlaşmağa" başladı. Burada söhbət, məhz “Airbus” ilə “Boeing” arasındakı müharibədən gedirdi. Yəni biz indi Amerika ilə İran müharibəsini görürük, ancaq mən bunun arxasında “Boing”lə “Airbus” arasında, əslində Avropa ilə Amerika arasında qarşıdurma görürəm. Və əslində əsas ciddi mövzu budur”, - deyə müsahibimiz qeyd edib.

Картинки по запросу “Boing”lə “Airbus”

H.Herisçi İranda qəzaya uğramış təyyarənin “qara qutu"su ulə bağlı yayılmış məlumata da münasibət bildirib: “Məsələ orasındadır ki, bundan öncə qəzaya uğramış iki təyyarənin “qara qutu"ları deşifrə edilib, kompromat Emmanuel Makronun əlindədir və o, gizlincə bəzi işlər görür. Bu, Avropa mətbuatında açıq mövzudur, hamı da bilir ki, bunun arxasında nə durur. Bu dəfə dəfə də “qara qutu”nu özləri araşdıracaqlar və yenə də "qara qutu" əvvəlki qutuların yanına gedəcək".

 

"“Boeing” təyyarəsi artıq bütün yerlərdə qadağan olunub. Amerikanın özündə belə, bu təyyarə ilə uçuşa yaxşı baxmırlar. Maraqlıdır, nəyə görə Ukrayna hələ də bu təyyarədən istifadə edir? Bütün bunlar göstərir ki, əməliyyatı planlaşdıranlar çox ağıllı olublar”, - ekspert vurğulayıb.

 

Herisçinin fikrincə, baş verənlərdə konspiroloji nəzəriyyə də mövcuddur: “İran ABŞ-a hücuma keçəndə yenə də “Boeing”in adı hallandı və bu faciə baş verdi. Məsələ orasındadır ki, Donald Tramp İranın 52 nöqtəsinə zərbə vuracağını demişdi. O, 1979-cu ildə İranın Amerika səfirliyində ələ keçirdiyi 52 amerikalını nəzərdə tuturdu, yəni 40 ildən sonra onların intiqamını alacağını deyirdi. Xatırladım ki, həmin vaxt 52 girovdan əlavə 6 nəfər amerikalı Kanada səfirliyinin köməyi ilə Kanada pasportu ilə oradan qaçmışdı. Bu haqda, hətta Hollivud 1997-ci ildə “Arqo əməliyyatı” adlanan film də çəkib. Filmdə həmin hadisələrin bütün detallarını göstəriblər”.

 

"Hamı bilir ki, Kanada hökuməti, ümumiyyətlə İslam dünyası ilə mübarizdə həmişə müəyyən gizli qurumlara öz pasportlarını verib. Bu barədə "Mossad"ın Kanadadakı köhnə agenti Viktor Ostrovski də özünün məhşur “Yalan yolu ilə” xatirələr əsərində yazıb. İndi də belə bir fikir var ki, həmin “Arqo əməliyyatı”nın intiqamı alınıb. Yəni bu dəfə Kanada pasportu ilə qaçmalarına imkan verilmədi. Onu da deyim ki, bu əməliyyatın rəsmi adı “Kanada hiyləsi”dir, sənədlərdə də belə gedir. Bu, məşhur “İvan Susanin” məsələsinə bənzəyir. Belə ki, XIV əsrdə bir rus Polşa əsgərlərini azdıraraq meşəyə aparmışdı və orda öldürmüşdü. İndi də görünür ki, amerikalıları bir yer yığaraq öldürüblər”, - həmsöhbətimiz əlavə edib.

 

Onun sözlərinə görə, İranla Amerika arasında açıq müharibə yox, hibrid müharibəsi gedir: "Bu müharibənin də öz qanunları var, orada açıq zərbələr olmur. Mən belə düşünürəm ki, necə olur, bu təyyarə Ukraynaya uçur və sərnişinlərinin əksəriyyəti məhz kanadalılardır? Bu işi anlayanlar çox yaxşı bilirlər ki, Kanada pasportunun olması nə deməkdir. Ancaq bunu heç bizim hüquq-mühafizə orqanlarının əməkdaşları belə, bilmirlər. Hesab edirəm ki, bu qəza təsadüfi deyil, Amerika 40 ildən sonra 52 nəfərin intiqamını almaq istəyirdi, Tramp da bu barədə rəsmi məlumat vermişdi. Ona qarşılıq olaraq da İran o vaxt qaçan 6 nəfərin intiqamını aldı”.

Картинки по запросу “Arqo əməliyyatı”

Mütəxəssis qeyd edir ki, baş verən hadisələri tarixi bilmədən, rəsmi sənədlərlə tanış olmadan, Hollivud filmlərinə baxmadan, ancaq bu günün xəbərlərinə istinadən şərh etmək olmaz: “Çünki elə Amerika ilə İranın qarşıdurması 40 illik tarixə malikdir. Əslində qarşıdurma Avropa ilə Amerika, NASA ilə Avropa aerokosmik sənayesi arasında gedir. Əsas qarşıdurma ondan ibarətdir ki, mülki aviasiya parkı necə olacaq, kim təyyarəni buraxacaq. Burada Tramp artıq uduzub, “Boeing” təyyarəsinin rəhbəri işdən çıxarılıb, bəzi şəxslərin dediyinə görə, məhkəmə işi də başlana bilər, şirkət çoxsaylı məhkəmə iddiaları ilə üz-üzədir. Gördüyünüz kimi, hadisə o qədər də sadə məsələ deyil”.

 

Herisçi “Proseslərin davamı olaraq yenidən hər hansı hadisə baş verə bilərmi” sualımıza isə belə cavablandırıb: “Tarixə baxaq, Qriboyedovun öldürülməsi 1829-cu ildə baş verib, sonra 1979-cu ildə Rusiya səfirliyinə hücum baş verib. Yəni hadisələr müəyyən tarixi ardıcıllıqla baş verir. İndi də tarix təkrarlanır. Politoloqlarımıza məsləhət görərdim ki, bu hadisələri şərh etməsinlər, mikrofonları tarixçilərə uzatsınlar”.

 

Qeyd edək ki, İran mediası faciənin texniki səbəblərə görə baş verdiyi barədə məlumat açıqlayıb. İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində deyib ki, qəzanın səbəbi texniki nasazlıqdır, başqa heç bir variant yoxdur. Lakin mütəxəssislər bildiriblər ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Ukrayna Prezidenti Vladimir Zelenski isə ukraynalı ekspertlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyətini qəza yerinə göndərib.

Müəllif: Rumiyyə Miraslan