“Bura uşaqların, qocaların və kasıbların ölkəsidir” – <font color=red> İLHAM AXUNDOV</font>

Maraqlı

23.04.2021 - 21:11

Vaterlu Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru: “Mer açıqladı ki, polisin küçədə vətəndaşları sorğu-sual etmək hüququ var, lakin polis buna etiraz etdi və vətəndaşların hüquqlarını pozmayacağını bildirdi”

 

AYNA müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızla silsilə müsahibələrə davam edir. Həmin müsahibələr zamanı qonaqlarımız dünyanı cənginə alan koronavirus pandemiyası və onun doğurduğu nəticələr barədə danışırlar. Yaşadıqları dövlətlərdə koronavirusa qarşı mübarizə tədbirləri, yoluxma səviyyəsi, karantin qaydaları və s. mövzulardan bəhs edirlər.

 

Növbəti müsahibimiz dünyaca məşhur Kanadanın Vaterlu Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru, professor, soydaşımız İlham Axundovdur. Onunla diaspor quruculuğu, koronavirus və onun doğurduğu nəticələr, 44 günlük Vətən müharibəsinin dünya miqyasında təbliği və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq.

 

Xatırladaq ki, professor İlham Axundov Vaterlu Universiteti ilə yanaşı, Azərbaycanın ADA Universitetində də çalışır və burada riyaziyyat fənninin incəliklərini distant formada tədris edir. 1999-cu ildən uzaq Amerika qitəsinə köçən həmsöhbətimiz əvvəlcə Texas Universitetində, ardınca Kanadanın Makmaster (Hamilton) Universitetində işləyib. 2007-ci ildə  yolunu Vaterlu Universitetindən salıb və 2009-2013-cü illərdə bu elm ocağının Dubaydakı filialının direktoru postunu tutub. Hazırda o, Vaterlu Universitetinin Riyaziyyat və Biznes Proqramları direktorudur.

 

Beləliklə:

No description available.

- İlham müəllim, hazırda dünyanı məşğul edən əsas mövzu koronavirus pandemiyasıdır. Bu sahədə Kanadada vəziyyət nə yerdədir?

 

- Əvvəlcə xəstəliyin yaranma tarixinə nəzər salmaq istəyərdim. Bilirsiniz ki, 2019-cu ilin sonlarında Çində yayılan bu infeksiyanı ilkin dövrlərdə qəribə pnevmoniya adlandırırdılar. Çünki xəstəliyin dəqiq adı məlum deyildi. 2020-ci ilin fevralında Çində bir həkim bu virus haqqında məlumat verdi. Həmin dövrdə yaşadığı ölkədə ciddi tənqidlərə məruz qaldı və bir müddət sonra dünyasını dəyişdi. Bu günə qədər də onun ölüm səbəbi bəlli deyil. Kanadada isə koronavirus ilk dəfə 2020-ci ilin yanvar ayında qeydə alınıb. O zaman Çinin Uhan şəhərindən qayıdan Kanada vətəndaşı bu xəstəliyin ilk yoluxucusu oldu. İkinci dəfə isə İrandan Kanadaya gələn bir iranlı bu infeksiyanı gətirdi və bundan sonra infeksiya ölkəboyu yayılmağa başladı. Bunları xatırlatmaqda məqsədim bu virusun Çindən sonra İranda yayıldığını diqqətə çatdırmaqdır. Hesab edirəm ki, virusun Azərbaycana ayaq açması da məhz İran amili ilə bağlı idi.

 

Kanada hökuməti ilk günlərdən bu virusa qarşı ciddi mübarizəyə başladı. Əhali arasında ciddi maarifləndirmə işləri aparıldı, müəyyən qaydalar tətbiq edildi. Lakin bəlli deyildi ki, nə baş verir. Sonradan mübarizə tədbirləri sosial məsafənin qorunması üzərində aparıldı.

 

Burada haşiyəyə çıxaraq bildirim ki, Kanadada bu məsələdə problem yoxdur. Çünki burada hər kəs sosial məsafəni onsuz da qoruyurdu. Hələ virusdan çox-çox qabaq marketlərdə növbələr zamanı hamı bir-birindən ən azı bir metr məsafədə dayanırdılar. Bu ənənə artıq var idi.

 

Digər yandan Kanada ərazisinə görə Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsi olsa da, əhali sayı bir o qədər də çox deyil. Yəni qətiyyən sıxlıq yoxdur. Pandemiyadan qabaq 5 km piyada yol qət etsən, maksimum 5-10 adamla qarşılaşa bilərdin. Ancaq müəyyən yerlərdə - universitetlərdə, əyləncə mərkəzlərində müəyyən sıxlıq görünə bilər. Bu, təbiidir. Kanadalıların qanuna ciddi şəkildə əməl etməsini də bu sıraya əlavə etsək, o zaman Kanadada ilkin dövrlərdə ciddi fəsdlar yaşanmadı.

 

- Hazırda sutkalıq yoluxma sayı nə qədərdir və necə qarşısı alınır?

 

- Birinci dalğa sürətlə yayılsa da, vaxtında qarşısı alındı. Yeni il dövründə ikinci dalğa gəldi və onun da qarşısı alındı. Üçüncü dalğa zamanı - son həftələrdə, əsasən də Ontario vilayətində ciddi yoluxma sayı müşahidə olunur. Rəqəmlər təxminən 10 min civarındadır. Düzdür, bu, Kanada əhalisinin say nisbətinə görə böyük rəqəm deyil, lakin bundan öncə günlük yoluxma sayı maksimum 2-3 min ətrafında idi. İlk dəfədir ki, Torontonun meri bəyan etdi ki, polisin vətəndaşları sorğu-sual etmək hüququ var. Yəni, küçəyə hansı səbəblə çıxdığını dəqiqləşdirə bilərlər. Bu zaman maraqlı məqam da yaşandı, merin bu açıqlamasından sonra polis buna etiraz etdi və vətəndaşları saxlamayacağını bəyan etdi. Bu, Kanada demokratiyasının möhtəşəmliyindən xəbər verirdi.

 

Ölüm sayı isə bir o qədər də çox deyil. Çünki Kanada səhiyyəsi tam təchizatlı və hazırlıqlıdır. Ən çox yayılma bizim əyalətdə olduğu üçün digər əyalətlərdən peşəkar həkim briqadası cəlb edilir. Hazırda orta məktəblər, uşaq bağçaları, qeyri-ərzaq dükanları qapalıdır. Yalnız ərzaq dükanları və apteklər fəaliyyət göstərir. Bu məqamda qeyd edim ki, son dövrlərə qədər orta məktəblər bağlanmadı. Çox maraqlı üsula əl atıldı və şagirdlərə yalnız sinif yoldaşları ilə təmas icazəsi verildi. Yanaşma bundan ibarət idi, məktəb şagirdləri qorumaq üçün ən yaxşı məkandır. Buna ən yüksək səviyyədə nail oldular. Son günlər isə yoluxma sayının ciddi şəkildə artması ümumtəhsil məktəblərinin də qapanmasına gətirib çıxardı.

 

- Azərbaycanda belə iddialar var ki, onlayn təhsil effektsizdir və faktiki olaraq itirilmiş illərdir. Kanadada distant təhsil hansı formada həyata keçirilir?

 

- Təbii ki, ditant təhsilin çətinlikləri və çatışmazlıqları çoxdur. Onu heç bir halda əyani təhsillə müqayisə etmək olmaz. Lakin müəyyən üstünlükləri də olmamış deyil. Misal üçün, çalışdığım universitetdə ən böyük problem imtahanlarla bağlıdır. Dürüstlük mədəniyyətini təmin etmək faktiki olaraq mümkün deyil. Köçürmə və bu kimi neqativ hallar yaşanmaqdadır. Digər aspektlərdən hər hansı problem yoxdur. Hazırda mən Bakıdakı ADA Universitetində də dərs deyirəm. Baxmayaraq ki, bu təhsil ocağının rəqəmsal potensialı çox yüksəkdir, amma başqa universitetlərdə, o cümlədən orta məktəblərdə bu sahədə ciddi çətinliklər mövcuddur. Bakıda olduğum zaman aydın şəkildə bunu müşahidə etdim. Kanadada isə distant təhsil yüksək səviyyədə qurulub və aparılan sorğular hazırda onlayn-qarışıq təhsilin davam etdirilməsinə daha çox maraq olduğunu göstərir.

No description available.

- Kanada hökuməti pandemiyadan zərər çəkənlərə kompensasiya ödənilməsini hansı formada həyata keçirir?

 

- Əlbəttə, kompensasiya ödənilir. Qeyd edim ki, pandemiyadan sonra böyük biznes subyektləri tam gücü ilə işlədi. Hətta əvvəlkindən daha yaxşı səviyyədə gəlir əldə etdilər. Çünki kiçik bizneslər faktiki olaraq fəaliyyət göstərmirdi və bu da böyük biznesin işinə yarayırdı. Dövlət müxtəlif fondlar vasitəsilə vətəndaşlara, o cümlədən kiçik sahibkarlıq subyektlərinə kompensasiyalar ödədi və bu, hələ də davam edir.

 

Pandemiyadan ən çox zərər çəkən sahə xidmət sektoru oldu. İstər ictimai iaşə sahəsi, kafe-retoranlar olsun, istərsə də ticarət obyektləri, avtosalonlar və s. faktiki olaraq uzun müddətdir fəaliyyətsizdir. Son dövrlər tikinti sektoru da fəaliyyətini dayandırıb və əhalinin inşaat materialları istehlakında ciddi problemlər yaşanır. Bu səbəbdən əhali daha çox onlayn şəkildə məhsul almağa üstünlük verir. Sifarişlər çox olduğundan çatdırılma zamanı müəyyən gecikmələr olur. Ümumi götürdükdə dünyada baş verən iqtisadi geriləmələr Kanadadan da yan ötməyib. Və hər yerdə olduğu kimi, Kanadada da hər kəs pandemiyanın bitəcəyi günü səbirsizliklə gözləyir.

 

- İctimai nəqliyyat fəaliyyət göstərirmi? Bilirsiniz ki, Azərbaycanda həftəsonları ictimai nəqliyyat işləmir, metro isə, ümumiyyətlə aylardır bağlıdır

 

- Kanadada ictimai nəqliyyat tam gücü ilə işləyir. Sosial məsafə və gigiyenik normalara ciddi şəkildə əməl olunur. Qeyd edim ki, Kanadada demək olar, hər kəsin şəxsi avtomobili var. Bir ailədə 3-4 maşın var. Bu səbəbdən əksər hallarda ictimai nəqliyyata ehtiyac olmur. Əvvəllər tələbələr daha çox ictimai nəqliyyatdan istifadə edərdilər. Hazırda onların da çoxunun öz şəxsi avtomobilləri var. Mənim yaşadığım Toronto şəhəri akademik şəhərdir deyə, burada belədir. Böyük şəhərlərdə ictimai nəqliyyata ehtiyac var. Avtobuslar, tramvaylar, trolleybuslar, metrolar və s. tam gücü ilə işləyir. Yəni, bu məsələdə heç bir problem yoxdur.

 

- Kanadanı sosial dövlət adlandırırlar. İddialar var ki, yaşamaq üçün dünyanın ən yaxşı ölkələrindən biri Kanadadır. İstərdik bu barədə danışasınız.

 

- Tamamilə haqlısınız. Kanada doğrudan da sosial dövlətdir. Burada elə bir şərait yaradılıb ki, sosial dəstəyə arxalanmaq vətəndaşın öz ziyanınadır. Çünki işləyərək daha çox gəlir əldə etmək mümkündür. Düzdür, ölkəyə yeni gələnlərə dövlət yardım edir. Lakin dövlət bu pulu havayı vermir. Məcbur edir ki, dil öyrənəsən və iş müsahibələrinə qatılasan. Aylıq hesabatlar tələb olunur. Bu hesabatlarda aylıq fəaliyyətin, gördüyün işlər öz əksini tapmalıdır. Lakin yaşlılar, uşaqlar, dul qadınlar üçün sosial təminat çox yüksəkdir. Dövlət hesabına fəaliyyət göstərən müxtəlif fondlar var ki, onlar ianələr yolu ilə ehtiyaclı insanlara yardım edirlər.

No description available.

Belə bir deyim var: Kanada birincisi uşaqların, ikincisi qocaların, üçüncüsü kasıbların ölkəsidir. Eyni zamanda tələbələr üçün də kredit imkanları var. Təhsil üçün açıq ölkədir və heç bir maneədən söhbət gedə bilməz. Misal üçün, burada qocalara 4-5 min dollar təqaüd verilir. Rəqəmlərə bir o qədər də fikir verməyin. Çünki burada qiymətlər bahadır. Lakin bu rəqəmlər də kiçik rəqəmlər deyil. Faktiki olaraq Kanadada ac qalmaq mümkün deyil. Bunun üçün yalnız tüfeyli olmalısan. Çox istərdim ki, Azərbaycanda da belə bir sistem qurulsun.

 

- 44 günlük Vətən müharibəsi zamanı Kanada azərbaycanlıları hansı işləri gördülər, fəaliyyətiniz nədən ibarət oldu?

 

- Müharibə başlayan ilk gündən bütün diaspor təşkilatları bir araya gəldi və yeni bir təşkilatın əsası qoyuldu - Kanada Azərbaycanlılar Şəbəkəsi adlanan qurum vahid birlik platforması olaraq ərsəyə gəldi. Bu günə qədər diaspor fəaliyyətində aktiv iştirak etməyən şəxslər də bu quruma qoşuldular. 44 günlük Vətən müharibəsi zamanı gecə-gündüz fəaliyyət göstərdik. Böyük müvəfəqiyyətlər də əldə etdik. Toronto şəhərində izdihamlı yürüşlər keçirdik, Kanada televiziyaları və KİV-ləri bunu geniş şəkildə işıqlandırdı. Bu gün də bu proses davam edir. Əsas hədəfimiz lobbiçilik siyasəti ilə bağlıdır. Kanada rəsmiləri ilə, millət vəkilləri ilə, mətbuatla, ictimai-siyasi fəallarla mütəmadi görüşlər keçiririk.

 

Bu yaxınlarda Kanadanın xarici işlər naziri bizim şəbəkənin rəhbərinə zəng edib, onu görüşə çağırdı. Bundan öncəki nazirlə də görüşümüz olmuşdu. Yeni nazirlə də görüş olacaq. Toronto meri də bizi qəbul etdi və Novruz tədbirinə qoşuldu. Çox gözəl də nitq söylədi. Artıq Kanadada yaşayan azərbaycanlı biznesmenlər Şəbəkəyə ianələr köçürməyə başlayıblar. Halbuki əvvəllər bu, yox idi. Bu ianələrin əsasında təşkilati struktur formalaşdıra bilmişik. Mərkəzi ofisimiz də fəaliyyətə başlayıb.

 

Bizim bir gözümüz Azərbaycandadır və bizimlə görüşən Kanada rəsmiləri artıq Azərbaycanın haqq işini müdafiə etdiklərini bəyan edirlər. Bilirsiniz ki, mina təmizləmə məsələsində Kanadanın böyük təcrübəsi var. Kanada Federal orqanlarını bu məsələyə cəlb etməyə çalışır və bu istiqamətdə mütəmadi təmaslar yaradırıq. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Şübhəsiz ki, qarşıda görəcəyimiz işlər daha çoxdur.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə