Builki buraxılış imtahanlarının “sirri” çözüldü

Cəmiyyət

14.01.2020 - 21:40

Və ya buraxılış imtahanı məktəbin “sonu”dur, yoxsa məktəblinin?

 

İndi ölkə məktəblisi qarşıdan gələn 9-cu sinif buraxılış imtahanına hazırlıq qaçhaqaçındadır. Şagirdlər yorğun, müəllimlər tələbkar, amma hər ikisi gərgindir. Buraxılış imtahanına hazırlaşan şagirdlərin çoxu imtahan və seçdikləri qrup üzrə imtahanı hədəf aldıqlarından, məktəbin tədris proqramını tam mənimsəməyə can atmırlar.

 

Psixoloqlar şagirdlərin bu tədris proqramına və imtahana fiziki və zehni cəhətdən güclərinin çatmayacağını dəfələrlə səsləndiriblər. Bildiriblər ki, imtahan yükü azaldılmalıdır. Qeyd edək ki, builki buraxılış imtahanlarında bəzi yeniliklər var.

 

Təhsil üzrə ekspert Kamran Əsədov AYNA-ya həmin yenilikləri şərh edib: “Ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanının birinci (yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci (maksimal 400 bal) mərhələsində topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır”.

Raminə Eyvazqızı