Maliyyə naziri Milli Məclisə gəldi: deputatlar bu ilin dövlət büdcəsində dəyişiklik layihəsini birinci oxunuşda qəbul ediblər
Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib. Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın ilk iclasını açıq elan edib və Dövlət Himni səsləndirilib. Əvvəlcə “2024-cü il dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Spiker Sahibə Qafarova deyib ki, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə bu ilin 4 ayı ərzində istehsal edilən ÜDM 4,3 faiz çox olub. Milli Məclis sədri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi məqsədilə 2024-cü ilin büdcə zərfinə daxil olan qanunlarda dəyişiklik edilməsi zərurətini yaradıb.
Komitə sədri: “Göstəricilər dövlət büdcəsi gəlirlərinin ilin sonuna proqnozlaşdırılan göstəricidən daha çox olacağını deməyə əsas verir”
Layihəni təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili vurğulayıb ki, Qarabağ və Şərgi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılması, infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə vəzifələrin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3 796,1 milyon manat maliyyə tələbatı yaradıb: “Qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, büdcə kəsirinin böyüdülməsi, təsdiq olunmuş büdcənin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur. Bütün bu deyilənləri nəzərə alaraq yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərinin 2 milyard 944.3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata, kəsirin 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyard manata çatdırılması təklif olunur. Eyni zamanda, qeyd etmək istərdim ki, komitə iclasında aparılan müzakirələr, tərəfimizdən aparılan təhlillər, bu ilin 4 ayının dövlət büdcəsi icrası göstəriciləri dövlət büdcəsi gəlirlərinin ilin sonuna proqnozlaşdırılan göstəricidən daha da çox olacağını deməyə əsas verir. Komitə iclasında deputatlar proqnozlar ilə gəlilərin hesablanmasında daha dəqiq metodların tətbiq edilməsinin vacibliyini qeyd ediblər”.
“Eyni zamanda, qanun layihəsinə dair izahatda 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ilin sonuna gözlənilən icra göstəriciləri nəzərə alınaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti müəyyən edilmiş hədlər daxilində təmin olunacağı göstərilib", - deyə T.Mirkişili əlavə edib.
Nazir büdcəyə yenidən baxılmasının səbəblərini açıqladı – 3 milyardlıq artım
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə xərcləri 3,3 milyard manat artacaq: “Yenidən baxılma ilə büdcənin 852 milyon manat xərcləri optimallaşdırılaraq investisiya yönümlü infrastruktur layihələrinə, şəhərətrafı sərnişin daşınması üçün subsidiyaların verilməsi və s zəruri xərclərin maliyyə təminatı yaradılacaq. Əsaslı xərclər mövcud büdcə ilə müqayisədə 3 milyard 307 milyon manat artacaq. İcmal büdcənin kəsrinin məbləği təsdiq edilmiş büdcə ilə müqayisədə daralacaq, İşsizlikdən Sığorta Fondunun büdcəsi isə təsdiq olunmuş məbləğdə saxlanacaq. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcəkdir. Büdcə zərfinə dəyişikliklərin əsas hədəfi ölkənin artan gəlirləri hesabına Prezident İlham Əliyevin müəyyən etdiyi məsələlərin həlli üçün əlavə maliyyə təminatı yaradılmasıdır”.
“Yenilənmiş proqnozlar cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib”
“Dünya neft və qaz bazarında qiymət konyukturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib. 2024-cü ildə dünya bazarında neftin bir barelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 27.3 ABŞ dollarından çox olub. ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb. Yenilənmiş proqnozlar cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib”, - Şərifov əlavə edib.
Nazir vurğulayıb ki, cari ilin ötən 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub: “Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 4,3 faiz artıb. Dünya neft-qaz bazarlarında mövcud olan münbit qiymət 2024-cü ilin dövlət büdcəsində neft-qaz gəlirlərinin proqnozdan çox olmasına səbəb olub. Dövlət büdcəsinin artan gəlirləri əlavə vergi daxilolmaları, əlavə gömrük və idxaldan vergi daxilolmaları, dövlət büdcəsi tərkibində nəqliyyat vasitələrinin utilizasiyası fonduna daxilolmalar, dövlət borc kağızlarının emissiyası və s. hesabına təmin olunacaq. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9%-i neft qaz sektoru, 51,1 faizi isə qeyri-neft qaz sektorunun payına düşəcək. Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği dəyişməyəcək”.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Spikerdən irad: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıblar”
İclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır. DSMF-nin 2024-cü il büdcəsinin gəlirlər və xərcləri 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qaldırılır. Layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata qaldırılır. Bu artım qeyri-büdcə sektoru üzrə sosial sığorta haqlarının artımı hesabına olacaq. Qeyri-büdcə sektoru üzrə məcburi sosial sığorta haqları 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata qaldırılacaq. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata endiriləcək.
Müzakirə zamanı spiker S.Qafarova deputatlara irad səsləndirib: “Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur. Mən deputat həmkarlarımızı qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıram. Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıblar. Xahiş edirəm, bir-birinizə qulaq asın”.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti azalır
Toplantıda “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklik də müzakirə olunub. Layihəyə əsasən, 2023-cü ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 57 953 200,0 manatdan 53 253 200,0 manata endirilir. Eyni zamanda layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığorta haqlarının 179 976 800,0 manatdan 184 676 800,0 manata qaldırılması proqnozlaşdırılır. Bu, qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 134 600 000,0 manatdan 139 300 000,0 manata qaldırılması hesabına təmin ediləcək. Beləliklə, İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitində 4 700 000 manat azalma və qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 4 700 000 manat artırılması nəticəsində İşsizlikdən sığorta fondunun gəlir və xərcləri dəyişmir.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsinin gəlirləri 238 000 000,0 manat, xərcləri 238 000 000,0 manat məbləğində təsdiq edilib.
Müzakirələrdən sonra dəyişiklik birinci oxunuşda qəbul olunub.