Bu il pensiyaların orta aylıq məbləği 12 faiz artıb

Cəmiyyət

19.11.2022 - 14:47

Nazirlik pensiya artımları ilə bağlı məlumat yayıb

2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb.

Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, o cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.

2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub.

Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.

Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az