Böyük dövlətlər sonrakı peşmançılığın acısını yaşayır

İqtisadiyyat

23.03.2020 - 20:08

Neft bazarındakı mövcud qiymət kimsə üçün faydalı deyil

 

"Qara qızıl"ın gələcək taleyi ilə bağlı analitiklərin fikirləri bir-birinə ziddir. Eyni zamanda, neft bazarındakı hazırkı qiymət müharibəsi, Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ da daxil olmaqla, heç kimə fayda vermir.

 

Bunu AYNA-ya İqtisadi Tədqiqatlar Mərkəzinin (Qazaxıstan) direktor müavini Oljas Tuleuov deyib. “Buna görə də, neft indekslərinin çökməsinə səbəb olan qarşıdurmanın tezliklə başa çatacağını güman edir və buna inanırıq. Təsadüfi deyil ki, neft bazarının həddən artıq şişkinliyinin fəsadlarından birbaşa təsirlənən müxtəlif tərəflər artıq qiymət müharibəsinin sona çatmasına çalışı”, - o bildirib.

 

Ekspertin sözlərinə görə, Rusiyanın neft sektorundakı nüfuzlu oyunçuların heç də hamısı OPEC+ sisteminin dağılması və Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı dəstəkləmir: “Xüsusilə, ən böyük özəl neft şirkəti "Lukoil" Rusiya ilə OPEC arasında danışıqların bərpa olunmasının tərəfdarıdır və hesab edirlər ki, bir barel üçün 25 dollar səviyyəsi fəlakətdir. “Lukoil”a görə, Səudiyyə Ərəbistanı və Rusiya OPEC+ formatını bərpa edə bilsə, koronavirus pandemiyasını da nəzərə alsaq, neftin qiyməti bir barel üçün, təxminən 50 ABŞ dollarına qalxa bilər”.

 

Tuleuov qeyd edib ki, neft şirkətlərinin maraqlarını müdafiə edən bir sıra amerikalı senatorlar da hazırkı vəziyyətdən narahatdırlar: “Onlar ABŞ-ı qiymət müharibəsinə müdaxilə etməyə çağırırlar. Həmin maraq qruplarının təmsilçiləri Səudiyyə Ərəbistanının səfiri ilə danışıqlar aparır və Trampdan tələb edirlər ki, Səudiyyə və Rusiya neftinin böyük istehlakçılara sata bilməmələri üçün sanksiyalar tətbiq etsin. Bundan əlavə, ABŞ Rusiyanın hasilatı azaltmasını təmin etməyə yönəldiləcək sanksiya siyasətinin yenilənməsi və gücləndirilməsi imkanlarını nəzərdən keçirir. Bütün bunları nəzərə alaraq, qiymət müharibəsinin yaxın vaxtlarda sona çatma şansının olduğunu düşünmək olar”.

 

Bu arada, Rusiya Baş Nazirinin birinci müavini Andrey Belousovun son açıqlamasına görə, Moskva neft qiymətlərinin belə kəskin şəkildə enməsini və OPEC+ sazişinin dağılmasını istəmirdi. "Bu, ərəb tərəfdaşlarının təşəbbüsü idi", – deyə o bildirib. Belousov qeyd edib ki, Rusiya heç vaxt neftin qiymətinin aşağı düşməsinin tərəfdarı olmayıb.

 

Qeyd edək ki, hazırda dünya bazarında neftin qiyməti 25 dollar civarında “oynayır”. Sonuncu dəfə bu göstərici 2003-cü ildə qeydə alınmışdı. Əksər ekspertlər neftin qiymətindəki enişin hələ bitmədiyini düşünürlər. Hətta, yaxın gələcəkdə neftin bir barelinin 10 dollar və daha da aşağı düşəcəyinə inananlar var.

Müəllif: Tanya Samsonova