Böhrandan üç çıxış yolundan birincisi: "Vardanyan Qarabağdan rədd olmalıdır”

Aktual

14.12.2022 - 14:17

Deputat: “Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları ilə yanaşı, Azərbaycanın nəzarət-keçid postları olmalıdır”

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası üçüncü gündür ki, davam edir. Əksəriyyəti gənclər olan yüzlərlə etirazçı əllərində plakatlar tutaraq rusiyalı sülhməramlılarla üzbəüz dayanıb. Etiraz aksiyası Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər. Volkov isə üç gündür ki, əraziyə gəlmir.

Ermənistan tərəfi və Qarabağdakı qondarma qurum beynəlxalq təşkilatlara müraciətlər edərək bildirirlər ki, Azərbaycan yolu bağlamaqla humanitar böhran yaratmaqdadır. Aksiyaçılar isə iddia edirlər ki, yolu onlar yox, Rusiya sülhməramlı kontingenti ağır texnikaları ilə bağlayıb. Yəni ki, yoldan faktiki olaraq humanitar məqsədlər üçün istifadə edilməsi mümkündür.

Gedən prosislə bağlı AYNA-nın suallarını Milli Məclisin deputatı Rasim Musabəyov cavablandırıb. Millət vəkili bildirib ki, birincisi Azərbaycan tərəfi yolu bağlamayıb:

- Aksiya keçirilən yerdən görüntülərə yaxşı-yaxşı baxsınlar, o zaman yolu kimin bağladığını görəcəklər. İkincisi, qondarma qurum özünü “dövlət” adlandırır, amma Azərbaycan ərazisində ikinci bir dövlət yoxdur, ola da bilməz. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində dövlətə qarşı üsyan qaldırmış erməni əsilli vətəndaşlar mövcuddur. İndi dünyaya haray çəkirlər ki, “qoymayın, Azərbaycan bizi humanitar çətinliklə sınağa çəkir” və s. Onların artıq şoularına, yalanlarına da reaksiya verilmir. Rusiya Prezidenti Azərbaycan liderinə zəng etdi, sonra da Paşinyanla telefon əlaqəsi saxladı. Nə isə dəyişdimi, yox. Demək ki, qanun pozan erməni əsilli vətəndaşlarımızın hay-harayını ciddi qəbul etmirlər. Hamı bilir ki, ermənilərin qışqır-bağırının arxasında nə dayanır.

- Hay-həşirlərinin arxasında nə dayanır?

-Bir neçə ay əvvəl erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa gəlib. Yeri gəlmişkən, onun gəlişi də qanunsuzdur. Vardanyan Rusiyada müəyyən dairələrlə əlaqələrə malikdir, o dairələr tərəfindən təlimatlandırılıb. Hansısa vədlər alıb, hansısa işlər görmək istəyir. Bəli, yolu biz bağlamamışıq, aksiyaçılar bağlamayıb. Amma faktiki olaraq, bağlıdır. Rusiya sülhməramlıları bağlayıb. Amma bunun da səbəbkarı məhz Vardanyandır. Bu ünsür Qarabağa gəldikdən sonra qızıl yatağının qanunsuz istismarı ilə məşğul olmağa başlayıb, orada filiz yataqlarını istismar etməyə başlayıb. Nəzərə almaq lazımdır ki, filizi çıxarmaq üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur ki, bunlar ekologiyaya ciddi zərərdir. Təbii ki, Azərbaycan buna imkan verməyəcəkdi və vermir. Mən əminəm ki, Azərbaycan tərəfindən onlara çatdırılmışdı ki, bu işlərə son qoyulsun. Amma eşitmədilər, qulaqardına vurdular.

- Birinci dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Xocalıya getdilər, sülhməramlılarla müzakirələr apardılar. Volkov bizim rəsmilərlə görüşdü, müzakirə edildi. İndi isə Volkov ortaya çıxmır...

-Bilirsiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri yox, digər dövlət qurumlarının rəsmiləri də getdilər. Monitorinqə ona görə razı deyillər ki, bizim mövqeyimiz haqlıdır. Onlar qanunsuzluqla məşğuldurlar. İndi çıxıb nə desinlər? Diqqət edin, bizim rəsmiləri oraya buraxmayanda etiraz edənlər kimlər idi. Təbii ki, Vardanyan, onun təlimatlandırdığı adamlar. Vardanyan ilk dəfə belə hesab edirdi ki, Azərbaycan rəsmiləri onunla qabaq-qabağa oturacaq, yatağın istifadəsi ilə bağlı müzakirə aparacaq. Amma bizimkilər bundan imtina etdilər. Bu mümkün olacaq bir şey deyil. Vardanyan kimdir ki, onunla nəsə müzakirə aparılsın.

- Dediniz ki, ermənilərin hay-həşirinə diqqət edilmir, amma bu gün Fransa yolun açılması ilə bağlı çağırış edib...

- Fransanın mövqeyi onsuz da bizə bəllidir. Fransanın parlamentləri də qətnamələr qəbul ediblər, Prezident Makron çağırışlar edir. Parisdən gələn çağırışlar o qədər də əhəmiyyətli deyil. İkincisi, yenə deyirəm, Fransa bizə yox, yolu bağlayan Rusiya sülhməramlılarına çağırış etsin. Bizim ictimaiyyətin tələbləri haqlıdır, buna görə də çağırışlar yersizdir. Biz nə deyirik ki... Təbii sərvətlərimizin talanmasına göz yummuruq, etiraz edirik. Ekologiyanın çirklənməsinə etiraz edirik. Fransa ekologiyanın çirklənməsini istəyir?! Parisin yanaşması həmişəki kimi absurddur.

- Vəziyyətdən çıxış yolu nədədir?

- Böhran var, amma bu böhrandan sadə çıxış yolu da mövcuddur. Birincisi, Vardanyan Qarabağdan rədd olmalıdır. İkincisi, bizim rəsmilərə faydalı yataqlarımızda monitorinq keçirməsi üçün şərait yaradılmalıdır. Üçüncüsü və ən əsası, Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları ilə yanaşı, Azərbaycanın nəzarət-keçid postları olmalıdır. Sülhməramlılar da öz öhdələrinə düşən vəzifələri icra etməlidirlər. Bunların adları sülhməramlıdırsa, zəhmət çəksinlər, Qarabağdakı erməni vətəndaşlarımızla Azərbaycan hökuməti arasında rabitə yaratsınlar, sülhün əldə olunması üçün müəyyəna addımlar atsınlar. Sülhməramlılar isə əksinə, cinayətkarlıqla məşğul olan, separatizmi alovlandıran insanları himayə edirlər, onları qoruyurlar. Buna son qoyulmalıdır.

Müəllif: Anar Bayramoğlu