“...Biz buna məcbur edilmişik” – 44 günlük müharibədən 44 günə yazılan kitabın müəllifi ilə SÖHBƏT

Cəmiyyət

12.09.2021 - 18:05

Nurlan Salamov: “Ölkəmizi qucağımıza alıb başqa yerə apara bilmədiyimizə görə də reallıqları yazmalıyıq”

Bu günlərdə Türkiyə Atatürk Universitetinin azərbaycanlı doktorantı Nurlan Salamovun İkinci Qarabağ müharibəsindən bəhs edən kitabı işıq üzü görüb.

AYNA kitabın müəllifi ilə həmsöhbət olub:

- Nurlan bəy, əvvəla, sizi təbrik edirəm. İkinci kitabınız – “İkinci Qarabağ savaşı Türkiyə televiziyalarının müzakirə masasında” işıq üzü görüb. İstərdim, bir qədər kitab haqqında ilkin məlumat verəsiniz.

- “İkinci Karabağ Savaşı Türkiye Televizyonlarının Tartışma Masasında” kitabım 2018-ci ildə nəşr olunmuş “15 iyul” və media”dan sonrakı ikinci kitabımdır. İstanbulda “Mihenk Yayınları” nəşriyyatında nəşr olunub. Bu əsər mənim doktorantura təhsilim müddətincə yerinə yetirməli olduğum mərhələlərdən biri olan doktorantura seminarımın təkmilləşdirilmiş və əlavələr edilmiş versiyasıdır. Normalda doktorantura seminarı 30-50 səhifəlik bir mətn olmalıdır, amma mənim mətnim 140 səhifə olduğuna, aid olduğum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun bazasından başqa bir yerdə qalmayacağına görə bu əsərin daha böyük kütləyə çatması üçün kitaba çevirməyə qərar verdim.

Oxucular əsəri Türkiyənin “ButikKitap”, “D&R”, “İdefix”, “Kitapyurdu”, “KitapKoala”, “Sözcü Kitabevi”, “A-101”, “Migros”, “CarrefourSA” və bir çox satış platformalarından əldə və ya sifariş edə bilərlər.

Kitab son halı ilə 184 səhifədir. Əsər üç fəsildən, hər fəsil isə müəyyən alt başlıqlardan ibarətdir. Kitabın mətn hissəsi ümumilikdə demək olar ki, 29 bölümə ayrılıb. Bunlarla yanaşı, İkinci Qarabağ müharibəsi vaxtı Azərbaycan torpaqlarının işğaldan azad olunması xronologiyası, Birinci Qarabağ müharibəsində beynəlxalq jurnalistika ritorikasındakı xəbər başlıqları və s.-lə bağlı əlavələr var. “Ritorika anlayışı, media və diskussiya proqramları” (tərcümələri belədir) adlı birinci fəsil araşdırmanın ana metoduna uyğun olaraq ritorikanın tarixi, nəzəriyyəsi, diskussiyanın inkişafı, bugünkü vəziyyəti, nəzəri təhlilindən bəhs edir. “Qarabağ müharibələri və onların mediadakı ümumi yansımaları” adlı ikinci fəsil Dağlıq Qarabağ probleminin tarixi, mərhələləri, Birinci və İkinci Qarabağ müharibələri, müharibələrin beynəlxalq mediada, o cümlədən, Türkiyə mediasında yerini izah edir. “Problemlə bağlı Türkiyə mediasındakı TV diskussiya proqramlarında mövzudan yayınma ünsürləri” adlı üçüncü fəsildə isə orijinal analiz gedir. Bu əsər İkinci Qarabağ müharibəsi zamanı seçilmiş periodda Türkiyənin “Habertürk” və CNN Türk TV kanallarında efirə getmiş diskussiya proqramlarından (hər kanaldan iki proqram) seçilmiş bölümlərdə mövzunu bilərəkdən yayındırma məsələləri təhlil olunub. Əsas elmi tədqiqat metodları ritorika analizi, semiotika və kontent analizdir.

- Bu mövzunu seçməkdə ilham qaynağınız nə idi?

- Birinci kitabın mövzusu da dönəminin yeni və aktual məsələsi idi. 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhd baş vermişdi, sentyabrda isə mövzu olaraq götürüb işləmişdim. O mövzu da Azərbaycanda bu problemin media ölçüsünə həsr olunmuş ilk kitab idi. Bu kitabın “Ön söz”ündə də yazdığım kimi, akademik yazı qələmə alan birinin qayğısı olmalıdır, onu narahat edən, gözündə yolunda getməyən bir şeylərin olmağı gərəkdir.

Mənim doktorantura seminarı mövzum başqa idi: “Rəqəmsal mühitdə cəsarət anlayışı: Ayasofiyanın ibadətə açılışı örnəyində”. Rəqəmsal cəsarəti özüm düşünmüşdüm, elmi rəhbərim də Ayasofiya örnəyini təklif edərək mövzunu tamamlamışdı. Yeri gəlmişkən, Türkiyədəki akademik fəaliyyətimdə mənə hər zaman dəstək vermiş elmi rəhbərim, Prof. Dr. Hüseyn Köse müəllimə də təşəkkürümü bildirirəm.

Müharibə vaxtı, təxminən, 2020-ci ilin oktyabrın ortalarında həmin müddət ərzində TV-dən izlədiyim diskussiya proqramlarındakı anlaşmazlığı görürdüm. Qarabağda qaynar müharibə ocağı varkən, gündəm bu mövzu ilə zəbt olunmuşkən, proqramların ana başlığı da bu müharibə ikən, televiziyalara çağırılmış və seçilmiş qonaqların – ekspertlərin mövzunu öz siyasi düşüncələrinə gətirib Qarabağ üzərindən siyasi davalara çevirmələri, öz ideologiyalarını boğuşdurmaları məni narahat edirdi. Sonunda elmi rəhbərimə mövzumu dəyişmək, diskussiya proqramlarında ritorika – mövzunu bilərəkdən yayındırmaq ünsürlərini işləmək istədiyimi dedim, o da çətinlik çəkməyəcəyim təqdirdə belə bir qərar dəyişikliyinə etiraz etmədiyini bildirdi. Başlıq seçildi, plan-prospekt hazırlandı və mən ədəbiyyat toplamağa başladım. Aristoteldən İbn Sinaya, Platondan “Qabusnamə”yə, diskussiyalardan Qarabağ tarixinə qədər kitablar, məqalələr, qəzet materialları, onlayn mənbələr toplandı. Kitabın hazırlıqları üç şəhərdə: İstanbul, Antalya və Ərzurumda getsə də, ən əsas mərhələ olan yazılış məhz Ərzurumda gerçəkləşib.

Mənə elə gəlir ki, yaradıcı insan özfəaliyyətinə başlaması üçün tənhalığı hiss etməlidir. Bu tək olmaq anlamında tənhalıq deyil. Həmin mərhələdə mənə inanan və dəstək olan ailəm, dostlarım, müəllimlərim – həm Azərbaycan, həm Türkiyədəki, elmi rəhbərim, kitaba çevrilməsində müstəsna rolu olan Maral Nəcəfli hər zaman yanımdaydı. Lakin yazmaq üçün təcrid gərəkdir. Gündə 6-7 saatımı bu işə ayırırdım. 2021-ci ilin 10 yanvarında başladığım yazı 23 fevralda bitdi və 44 gün çəkdi, mən sonda müddəti hesablayanda öz-özümə çox qəribə olmuş, bunu təsadüf adlandırmamışdım. Ərzurumun qar-qışında, hüzur dolu aurasında, müəyyən müddətlik yerləşdirildiyim və yalnız yaşadığım Kazım Qarabəkir adına Yataqxananın bir sakit otağının köşəsindəki çalışma masamda başlayan bu proses bu gün buralara gəlib çıxdı. Anladım ki, mənim əsas tədris-yaradıcılıq emalatxanam nə doğma Bakı, nə mədəniyyətlər qovşağı İstanbul, nə də Aralıq dənizi sahili Antalya deyil, məhz Şimal-Şərqi Anadolunun mərkəzi – Ərzurumdur.

İnsanın zəhmətini əli ilə tuta bilməyi çox xoşdur. Sözsüz ki bütün yazılarımda, məqalələrimdə, kitablarımda mənim ürəyim var, mənim səsim var, mənim nəfəsim var.

- Kitabın hədəf auditoriyası kimlərdir?

- Kitabın ünvanlandığı auditoriya genişdir. Ritorika tarixi və diskussiya proqramları araşdırmaçıları, ritorika və media paralelləri aparanlar, ümumilikdə, media araşdırmaçıları, diskussiyalarda mövzu yayındırmaları ilə maraqlananlar, Dağlıq Qarabağ münaqişəsi tarixi, müharibələr, xüsusən, İkinci Qarabağ müharibəsi və onun jurnalistikadakı yerini araşdıranlar, tələbələr və müəllimlər üçün mənbə olacaq gücə malikdir demək olar.

- Qarabağ bizim üçün daim həssas bir mövzu olub. Qalibiyyətdən əvvəl də, indi də bu, belədir. Mövzu olaraq Qarabağ müharibəsini seçmisənsə, deməli, tarixi proseslərə kifayət qədər bələd olduğuna güvənmisən. Kitabı yazmaq üçün hazırlıq prosesi necə keçdi?

- 2020-ci ilin iyulunda vəziyyət gərginləşdiyi vaxt kafedra müdirim Prof. Dr. Hakan Temiztürk məndən Dağlıq Qarabağ mövzusunda bir məqalə istədi, mən isə nəzakətli bir şəkildə bilmədiyim, daha doğrusu, dərindən araşdırmadığım mövzular haqqında danışmadığımı və yazmadığımı bildirərək təklifi üçün təşəkkür etdim. Düşünürəm ki, elmlə məşğul olanlar hər şeydən öncə prinsipial insanlar olmalıdırlar. İxtisası, araşdırma sahəsi olmadığı halda hər mövzudan danışanları hər gün görürük, yaxşı ki onlardan olmadıq. Amma indi ən azından bu mövzu düşsə, yenə də yeri illərini bu mövzuya həsr edənlərə verərəm, yanaşı olaraq bu dəfə daha ürəkli danışaram.

Qarabağ münaqişəsinin tarixinə dair ciddi mənbələr topladım, təkcə Atatürk Universiteti Mərkəzi Kitabxanasından (indiki Prof. Dr. Fuad Sezgin adına Kitabxana) beş qaynaq seçdim, Azərbaycandan olan nə qədər qaynağı elektron yüklədim. Ərzurumdan əldə etdiyim, 1992-ci ildə yayımlanmış “Dış Basında Karabağ Sorunu” adlı ikicildlik nəşr Birinci Qarabağ müharibəsinin beynəlxalq jurnalistikadakı yeri ilə bağlı olduqca dəyərli mənbə idi. Burada Birinci Qarabağ savaşı haqqında Fransa, Almaniya, Britaniya, İtaliya, Rusiya, Kipr, Yunanıstan, Belçika, Avstriya, Rumıniya, Pakistan və digər ölkələrin yayımladığı xəbər, məqalə, müsahibələr yer alıb. Həmin nəşrlərdən seçilmiş başlıqlar və digər məlumatlar kitabımın iki və üç nömrəli əlavələrində cədvəllərlə göstərilib. Yəni hazırlıq zəhmətli və zövqlü idi. Bu, qeyri-adi bir şey də deyil, gerçək araşdırma üçün tələb olunan da bu idi.

- Bu kitab həm də bir jurnalist qələminin məhsuludur. Elə məqamlar oldumu ki, jurnalistikanın təlqin etdiyi prinsiplərlə vətəndaş mövqeyiniz üz-üzə qaldı, seçim etmək məcburiyyəti ilə üzləşdiniz?

- Təbii ki, oldu. Hətta bu mövzuda elmi rəhbərimlə bir səhər yeməyində kiçik anlaşmazlıq da yaşadıq. Lakin mən həmişə reallıqdan yana olmuşam. Müharibə çox ağrılı bir şeydir, kim nə deyir, desin, bu, təsəvvür edilə bilməyəcək dərəcədə ağırdır, insanlıq bir daha bu millətə, ümumiyyətlə, dünyaya müharibələr göstərməsin, amma gerçək də var ki, müharibəni ayaqda tutmaqdan, o ocağı alovlu saxlamaqdan yararı olanlara, güc də onlarda olduğuna görə bu ocaq sönməyəcək. Mənə görə belədir və biz nə qədər də xoş gələcək arzulasaq, Xalidə Ədibin dediyi kimi, millətlər yox, hökumətlər düşmənimizdir deyənlərimiz olsa da, necə olursa olsun, bir yolla biz buna məcbur edilmişik, ölkəmizi qucağımıza alıb başqa yerə apara bilmədiyimizə görə də reallıqları yazmalıyıq. Mişel Houlbekin yazdığı kimi, problemləri göstərmək, təhlil etmək onları həll etmək demək deyil. Təəssüf ki, belədir.

- Mövzu Qarabağ müharibəsi olduğuna görə düşünmək olar ki, kitab azərbaycanlı auditoriya üçün daha maraqlıdır. Siz özünüz necə dəyərləndirirsiniz?

- Bəli, elədir, lakin Türkiyə auditoriyası da bu mövzuya heç yad deyil və nəzərə alsaq ki, Azərbaycandan Türkiyədə nə qədər tələbə təhsil alır, yaxında bu mövzunu nə qədər işləyənlər olacaq, bu onlar üçün bir qaynaqdır. Azərbaycanda təhlilçilər üçün də qaynaqdır, indi elə bir vaxtdır ki, Türkiyədən asanlıqla kitab və digər şeylər gətirtmək olur, istək olduqdan sonra əldə etmək olar. Nə deyək, istinadımız bol olsun (gülür).

- Kitabı Azərbaycan dilinə tərcümə edərək yenidən nəşr etdirməyi düşünürsünüzmü?

- Türkiyə oxucusu üçün Azərbaycan dili hələ də müəyyən qədər anlaşmaz olsa da, Azərbaycan oxucusu üçün elə deyil. Çünki bizdə Türkiyəyə meyil çoxdan başlayıb və bu hər sahədə özünü göstərir, hətta film-serialların dublyajları belə yersiz görülür, eyni şeyi kitab üçün də demək olar. İngiliscə və ya başqa dillərə tərcümə daha perspektivli bir şeydir, məncə, amma bunun üçün də kömək və sponsorluq lazımdır. Ümidimiz var, amma nə qədərdir, baxın, onu deyə bilmirəm...

Müəllif: Aləmdə Nəsib