Bir vandalizmin pərdəarxası

Aktual

08.08.2022 - 10:13

və ya mahnıdan sözləri çıxara bilməzsən

Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub. Sonradan məlum olduğu kimi, bu vandalizm aktının arxasında radikal şiə qruplaşması olan “Xuddam əl-Mehdi” (“Mehdi xidmətçiləri” və ya “Mehdinin nökərləri”) dayanır. Hücum edənlər binaya soxularaq yollarına çıxan hər şeyi məhv ediblər.

Amma baş verənlərin ən küfredicisi Azərbaycanın dövlət bayrağının binadan qoparılaraq ayaqlar altına atılmasıdır. Çox gec müdaxilə edən Britaniya polisi hücum edənləri binadan qovub, bir neçə nəfər saxlanılıb. Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.

Diplomatik nümayəndəlik hazırda normal rejimdə fəaliyyət göstərir, bayraq öz yerində dalğalanır. Amma sözləri, necə deyərlər, mahnıdan atmaq olmaz. Bu hadisə baş verdi və cavablandırılması lazım olan bir sıra suallar doğurdu.

Bu dəfə İransız

Dərhal qeyd etmək istərdim ki, bəzi siyasətçilərin və jurnalistlərin baş verənlərin hansısa siyasi mənşəyi ilə bağlı tələsik gəldiyi qənaətlərin heç bir əsası yoxdur. Şərhlər arasında hətta İrana qarşı ciddi ittihamlara da rast gəlmək olar ki, bu da sadəcə olaraq kinayəli təbəssüm yaradır. Bir sıra səbəblərə görə.

Yuxarıdakı qruplaşmanın əsas ideoloji ilhamçısı Londonda yaşayan vaiz Yasir əl-Həbibdir. O, radikal baxışları ilə məşhurdur. Vaxtaşırı “Fədək” televiziyasında çıxış edərək Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişə, eləcə də ilk üç saleh xəlifəyə qarşı son dərəcə ədəbsiz ifadələrə yol verir. Onun çox az tərəfdarı var, onların böyük əksəriyyəti Böyük Britaniyada yaşayır və müsəlmanların adi məskunlaşdığı ərazidə - Yaxın Şərq və Şimali Afrikada praktiki olaraq dəstəyi yoxdur.

Bu qrupun mənəvi müəllimi Qumda yaşayan Ayətullah Sadiq Şirazidir. O, İran teokratik rejiminin qatı əleyhdarıdır və “Vilayəti-fəqih” nəzəriyyəsini – şiələrin siyasi-hüquqi doktrinasını qəbul etmir. Ayətullah Ruhullah Musəvi Xomeyninin irəli sürdüyü bu doktrina, on ikinci imam Məhəmməd əl-Mehdinin qeyb olduğu böyük dövrdə şiələrin rəhbərliyinin səlahiyyətli füqəhlərə və müctəhidlərə keçməsini nəzərdə tutur. Və təkcə bu fakt baş verənlərdə İran izinin olması ehtimalını aradan qaldırmaq üçün kifayətdir.

Amma inandırıcılıq üçün İranın hazırkı Ali dini lideri Ayətullah Xameneyinin 2015-ci il avqustun 17-də çıxışı zamanı dediyi sözləri misal çəkək: “Mərkəzi və bazası London olan şiəliyi tanımırıq. Bu, imamların görmək və yaymaq istədikləri şiəlik deyil. Fitnə, intriqa, İslam düşmənlərinin gəlişinə hazırlıq üzərində qurulan şiəlik şiəlik deyil, azğınlıqdır”.

Amma diqqətçəkən odur ki, səfirliyə hücumdan sonra hətta Sadiq Şirazi özü də Londondakı tərəfdarlarından uzaq durmağa tələsdi. Belə ki, Ayətullah Şirazinin London ofisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qasım Fəhd bəyan edib ki, “hücum edənlərin Sadiq Şirazinin tərəfdarları olmasına baxmayaraq, onlar müstəqil hərəkət ediblər və Ayətullahın London ofisi ilə heç bir əlaqəsi yoxdur”.

Heç bir siyasət yoxdur: sadəcə savadsız garagüruh

Bəzi Qərb kəşfiyyat xidmətlərinin bu aksiyada iştirakı ilə bağlı xəyali versiyalar da əsassızdır. Sırf gündəlik müstəvidə baş verənləri siyasi motivləri bir kənara qoyaraq nəzərə alsaq, bu, sadə xuliqanlıqdır. Və məsələn, bu hadisəni 8 il əvvəl, 2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankara Müasir İncəsənət Mərkəzində fotosərgisinin açılışı zamanı güllələndiyi hadisələrlə eyni miqyasda qoymaq olmaz. O zaman çox düşünülmüş, uzaq siyasi məqsədləri olan əməliyyat planlaşdırılmışdı. Düzdür, iki ölkə başçılarının səyi nəticəsində qarşıdurmanın qarşısı alındı. Amma fakt faktlığında qalır: bu, siyasi terror aktı idi, indi baş verənlər isə...

Doğrudan da, ortada xuliqanlıq və garagüruh var. Və yəqin ki, az adam fərq etdi ki, səfirliyin eyvanında təcavüzkarlar niqablı qadının şəkli olan pankart asıblar. Əslində bu aksiyaya səbəb məhz o, Fərəcova Şəhla, daha doğrusu bir neçə gün əvvəl mərkəzində olduğu hadisələr olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Binə kənd sakini Ş.Fərəcova yaşadığı evin hasarına ərəbcə “Ya Hüseyn” yazıb. Hüquq-mühafizə orqanlarının göstərişi ilə hasar qırmızı rəngə boyanıb və qadının özü izahat söhbəti üçün polis bölməsinə dəvət edilib. Ancaq geri qayıdanda yenə eyni sözləri hasarın üstünə yazıb və marginal dindarlardan bəziləri bu hadisəni az qala Kərbəla faciəsinin miqyasına çatdırıblar.

Hücum edənlərin divarlara və mebellərə “Ya Hüseyn” sözləri yazması da məhz bununla izah olunur. Beləliklə, hər şey siyasi sui-qəsdlərdən daha çox adi meşşanlıq səviyyəsində baş verir.

Bəs Azərbaycandakı şiələr necə?

Təbii ki, başqa bir sualın cavabı maraqlıdır: Azərbaycanda dindarlar, şiələr bu hadisəyə necə reaksiya verdilər? Sosial şəbəkələrin təhlili və ölkənin aparıcı ilahiyyatçılarının açıqlamalarından da göründüyü kimi, baş verənlər birmənalı olaraq vandalizm aktı və bütün xalqa qarşı təhqir kimi qiymətləndirilir.

Ümumiyyətlə, dindarların mövqeyini belə formalaşdırmaq olar: bayraq bizim namusumuzdur, ləyaqətimizdir, onun üçün çoxlu qanlar tökülüb, minlərlə can verilib. 44 günlük müharibədə isə istisnasız olaraq bütün Azərbaycan vətəndaşları - istər dindarlar, istərsə də dinsizlər, müsəlmanlar, başqa dinlərin nümayəndələri bu bayraq altında döyüşə çıxdılar, Şuşa və digər işğal olunmuş ərazilər üzərində onun ucaldılması üçün canlarından keçdilər.

Bir qrup əclafın belə açıq-aşkar vandalizm törətməyə cəsarət etdiyi bu gün də istisnasız olaraq, bütün Azərbaycan vətəndaşları bu qanunsuzluğu pisləyir və günahkarlara qarşı ən sərt tədbirlərin görülməsini istəyirlər.

Müəllif: Vüsal Əliyev