Bir siyasi təlxəyin çıxışının izi ilə

Aktual

14.08.2021 - 15:19

Rusiyanın “hansı xoş niyyətindən” danışmaq olar?!

 

Qədim Romanın Sezar və Avqust dövrünün mimik şairi Publiliy Sir dünyanın sonunadək aktual olacağına əmin olduğum bir ifadənin müəllifidir: "Ağılsız danışmaqdansa ağıllı susmaq daha yaxşıdır".

 

Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabzadə bütün postsovet məkanını həyəcanlandıran açıqlamaları ilə bunu bir daha sübut etdi. Bu hekayənin bütün təfərrüatını yenidən danışmağın yəqin ki, heç bir mənası yoxdur. Yalnız xatırlayaq ki, keçmiş diplomat Kremlin klounu Vladimir Jirinovskinin Azərbaycan və şəxsən ölkə Prezidenti haqqında təhqiramiz sözlərinə cavab olaraq, onu "qoca eşşək" adlandırsa da, şəxsiyyəti ilə kifayətlənməyərək rus millətinin də ünvanına bir neçə təhqiramiz ifadə işlətdi.

 

Özününkünü döy ki, başqaları da qorxsunlar

 

İ.Vahabzadənin axmaqlıq edərək, bütün milləti təhqir etməsi müzakirə mövzusu deyil, burada hər şey aydındır. Və keçmiş diplomata birtəhər bəraət qazandırmaq fikrimiz yoxdur. Ancaq digər bir məsələ də tam aydın deyil.

 

Özümüzdən başlayaq. İ.Vahabzadəyə qarşı “səlib yürüşü”nə başlayan bəzi soydaşlarımızın reaksiyası mənə tam aydın deyil. Bəli, səhvləri göstərmək, pisləri müəyyən etmək və tənqid etmək lazımdır. Amma...

 

Bağışlayın, Moskvadan dövlətimizə və prezidentimizə bir-birinin ardınca təhqir yağanda hamı harada idi? Siyasi təlxəklik ustası evlərinizi Rusiyanın təsir zonası elan edərkən niyə susdunuz? Bəli-bəli, məhz sizin evlərinizi, mənzillərinizi, şəxsi sahələrinizi, sizin və atalarımızın dəfn olunduğu qəbiristanlıqları. Yoxsa bütün bunlar Volfoviçin söylədiyi kimi Cənubi Qafqazda deyil?

 

O zaman bu veteran təlxəyə əslində nəyin və necə olduğunu izah edəcək yüksək əxlaq və mənəviyyat keşikçilərinin xorunu eşitmək xoş olardı. Yəni o zaman siz Rusiyanın Rusiya İmperiyası və SSRİ-nin bütün keçmiş ərazilərinə qayıtması lazım olduğunu bəyan edən Jirinovski ilə həqiqətən razılaşmışdınız ki, səsiniz gəlmirdi?

 

Maraqlıdır, günahkar diplomatın atası, Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadə bütün bu qalmaqalda hansı rol oynayır? Azərbaycan ədəbiyyatında iz qoymuş görkəmli şair idi. Bu, ümumi qəbul edilmiş bir həqiqətdir. İndi də oğlunun bu qədər yanlışından və axmaqlığından istifadə edərək, Bəxtiyar Vahabzadənin yaradıcılığına çamur atmaq əxlaqsızlığın və mənəviyyatsızlığın dibidir.

 

Amma ən maraqlısı budur ki, bu "poeziya mütəxəssisləri"nin ön sıralarında ədəbiyyatla, hətta uzaqdan belə, heç bir əlaqəsi olmayan insanlar dayanır. Bəxtiyar Vahabzadə Sovet illərində insanların millət tarixinin bu faciəli səhifəsi haqqında düşünməyə belə, cəsarət etmədikləri zaman Azərbaycanı ikiyə bölən Gülüstan müqaviləsi haqqında poema yazmışdı. Və bu gün Ərdoğanın sitat gətirdiyi çox az azərbaycanlıdan biridir Bəxtiyar Vahabzadə.

 

Heç nəyi unutmamışıq

 

Rusiya rəsmilərinin reaksiyası da başadüşülən  deyil. 2016-cı ildə fəal diplomatik fəaliyyətdən təqaüdə çıxan İsfəndiyar Vahabzadədən fərqli olaraq, Vladimir Volfoviç Jirinovski rəsmi şəxs, Dövlət Dumasının deputatıdır. Və Azərbaycana və onun rəhbərinə qarşı çox düşməncəsinə, aqressiv danışanda, Kremldə bu təlxəyin cilovunu dartanların olması lazım idi. Amma heç bir reaksiya olmadı.

 

Burada istəsən də-istəməsən də, Jirinovskinin təxəllüslərini xatırlayırsan - "Kremlin carçısı", "Putinin ruporu" və s. Rusiya rəhbərliyinin sıfır reaksiyasını başqa cür necə izah etmək olar? Axı hamıya çoxdan bəllidir ki,  "sükut razılıq əlamətidir".

 

Amma İ.Vahabzadə ön plana çıxanda (daha doğrusu, onu Azərbaycanın bədxahları bu mövqeyə dartıb çıxardılar) Kremldə  tərpəniş başladı. Üstəlik, verilən reaksiya Jirinovskinin ifadələrinə bənzəyirdi, sadəcə sözlər fərqli seçilmişdi. Yaxşı, burada Dövlət Duması sədrinin müavini Pyotr Tolstoyun Azərbaycanın "Rusiyanın xoş iradəsi ilə gənc, lakin müstəqil bir dövlət" halına gəlməsini necə yaxşıya doğru şərh etmək olar? Maraqlı mövqedir, elə deyilmi?

 

Məsələ ondadır ki, Rusiyada çoxları hələ də Azərbaycana BMT-nin üzvü olan və müstəqil xarici siyasət yürüdən tam bir bərabər tərəfdaş kimi baxmır, əksinə, "öz layiqli yerinə qoyulması"nın vaxtı gəldiyi keçmiş bir koloniya kimi yanaşırlar. Rusiyanın “hansı xoş niyyətindən" danışırıq? Sovet-Rusiya pulemyotlarının güllələri ilə vurulan, tankları ilə əzilən yüzlərlə azərbaycanlının öldürüldüyü qanlı Yanvar şahidləri hələ də sağdır. Rusiya Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qulluqçularının erməni cəza dəstələrinin önündə gedərək, Xocalı qətliamını törətməsini heç kim unutmayıb. Qarabağ münaqişəsi ətrafında danışıqların getdiyi onilliklər ərzində Rusiyanın xoş niyyətindən heç nə görmədik. Deməli, başqasının gözündə saman çöpü axtarmağın yeri yoxdur. Üstəlik, əgər bu göz artıq çox şey görübsə.

 

"Ağır cəza”

 

İ.Vahabzadənin məlum açıqlamalarından sonra Rusiya tərəfi 67 yaşlı keçmiş diplomatın ölkəyə 50 (!) il müddətinə girişini qadağan etdi. Bu qərarı şərh etməyəcəyik. Sadəcə qeyd edək ki, sosial şəbəkələrin rus seqmentində belə, bu addım yumşaq desək, gülüş və qıcıq yaratdı.

 

Və demək olar ki, bütün istifadəçilər bir sözlə bütün qalmaqalın təşəbbüskarı - Vladimir Jirinovskinin adını çəkməyi unutmadılar. Volfoviçin nəinki ölkəmizdə, hətta Rusiyanın özündə də "sevildiyini" görmək olar.

 

"Canavarı nə qədər yemləsən də, yenə bir gözü meşəyə baxar”

 

Və nəhayət. Bir neçə il əvvəl indi sərhədin o tayından bizi təhdid edən bu təlxək Azərbaycana dəvət olunmuşdu. Azərbaycan qonaqpərvərliyinin bütün qanunlarına görə onu çox təmtəraqla qarşıladılar.

 

Tarixin göstərdiyi kimi, bu demarş Azərbaycan tərəfi üçün istənilən nəticəni vermədi. Rus atalar sözündə əbəs yerə deyilmir ki, "canavarı nə qədər bəsləsən də, yenə bir gözü meşəyə baxır". Göründüyü kimi, yəqin ki, qədim Rusiyada Volfoviç kimi insanlar kifayət qədər olub ki, onlar milli folklorda belə silinməz izlər buraxa biliblər...

Müəllif: Vüsal Əliyev