Bir dəli quyuya daş atdı, buyurun, ağıllılar

Aktual

22.06.2023 - 21:19

Heç ermənilər də bizdən belə “hədiyyə” gözləmirdilər

“Mənim milisim məni qoruyur”. Çoxları bu ifadəni eşidib, lakin heç də hamı bilmir ki, bu ifadə ilk dəfə 1927-ci ildə sovet şairi Vladimir Mayakovskinin “Xoroşo” poemasında yer alıb. Yarandığı günlərdən bu ifadə sovet xalqında qürur və təhlükəsizlik hissi oyatsa da, çox keçmədən kinayəli xarakter almağa başladı.

Söz yox ki, sovet quruluşunun mövcud olduğu dövrdə hüquq-mühafizə orqanlarının əməkdaşları o qədər “effektiv işləməyi” bacarırdılar ki, əhali tərəfindən onlara inamsızlıq tamamilə başadüşülən idi. Eyni zamanda, məziyyətləri də az deyildi: qanun keşikçilərinin tərəddüd etmədən başqalarını xilas etmək naminə özünü qurban verməsi halları da çox idi.

İllər keçdi, Sovetlər İttifaqı dağıldı, milis polis oldu, amma ifadə ironik mənasını heç vaxt itirmədi. Postsovet ölkələrinin polisləri (nadir istisnalarla) sovet milisinin şərəfli ənənələrini mənimsədilər.

Təəssüf ki, Azərbaycan da istisna deyil. Və nəinki istisna deyil. Azərbaycan polisləri çox vaxt... çox “çalışqan” olduqlarına görə ictimaiyyətin və medianın qınaq obyektinə çevrilirlər. Təbii ki, işdə çalışqanlıq yaxşı şeydir, amma bu dünyada hər şeyin bir əndazəsi olmalıdır.

Amma bizim bəzi hüquq-mühafizə orqanları əməkdaşlarını (xüsusən də aşağı rütbəlilər) bəzən lazımsız yerə öz başlarını ağrıdırlar, bizim halımızda isə özgəsinin başını. Sözün hərfi mənasında.

Ən çox adıçəkilən ifadə müxalifətin mitinq və etiraz aksiyaları keçirəndə yada düşür. Sıravi polislər və polis serjantları rəislərin əmrlərini yerinə yetirməyə canfəşanlıqla tələsir, öz rezin “demokratizatorlar”ını fitnə-fəsad törədənlərin başına endirirdilər. Amma müxalifətin mitinqlərinin qaynar vaxtı çoxdan keçib və bu gün daxili siyasi arenada sükut hökm sürür. Polis dəyənəklərini toz basıb və qanun keşikçilərimiz melanxolik darıxdırıcı həyat yaşamağa başlayıblar. Onlar həyatdan zövq ala bilmirlər. 5-10 nəfərlik nadir piketlər və dişsiz aksiyalar onların sönük həyatına rəngarənglik gətirə bilmir. Tənqid demək olar ki, səngidi və həyat onlar üçün darıxdırıcı oldu.

Lakin bugünlərdə Gədəbəy rayonunun Söyüdlü kəndində bu cansıxıcılığı dağıdan hadisə baş verib. Polis təkcə özünü deyil, bütün ölkəni, yəni Azərbaycanı ciddi şəkildə rüsvay etməyi bacardı. Belə ki, kənd sakinləri Gədəbəy yatağında qızıl filizi hasilatı zamanı tullantıların boşaldılması üçün qəsəbənin yaxınlığında süni su anbarının tikintisinə etiraz olaraq aksiyada iştirak ediblər.

“Kəndimizin yaxınlığında qızıl hasil olunan Gədəbəy yatağı yerləşir. Tullantıların kimyəvi emaldan sonra boşaldılması üçün bir neçə il əvvəl yataqda su anbarı tikilib və oraya turşulu su axıdılıb. Bu da təbii ki, ətraf mühitə və insan sağlamlığına pis təsir edir. Müxtəlif instansiyalara müraciət etsək də, heç bir tədbir görülmədi. İndi bu gölməçə artıq dolub və indi kəndin çox yaxınlığında - bizim otlaq torpaqlarımızda yeni su anbarı tikməyə başlayıblar. Biz etiraz etdik və polisi bizim üstümüzə saldılar”, - deyə yerli sakinlərdən biri mətbuata danışıb.

Bu biabırçılığın görüntüləri artıq sosial şəbəkələrdə yayılıb. Onlar “həyatlarını fədakarlıqla riskə ataraq” qalxan və dəyənəklərlə yaxşı təchiz olunmuş polislərin... yaşlı qadınlarla necə vuruşduğunu göstərirlər. “Düşmən”in zərərsizləşdirildiyini daha inandırıcı etmək üçün polislərdən ən “qeyrətli” və görünür, qanunun parlaq keşiyində olmayanlardan biri qaz balonunu birbaşa aksiya yerini tərk edən kəndli qadınlardan birinin üzünə sıxır.

Görünüş, əlbəttə, iyrəncdir. Bəli, bəzi polislərimiz ilk dəfə deyil ki, etiraz edən qadınlara qarşı kobudluq edirlər, amma bu dəfə ciddi siyasi səhvə yol veriblər. Səhv isə ekoloji təhlükəyə etiraz edən insanlara qarşı kobudluq və zorakı hərəkətlərdən istifadə olunması idi.

Gədəbəydəki polis “qəhrəmanlığının” Azərbaycanın imicinə necə mənfi təsir göstərə biləcəyini (əgər indiyə qədər təsir etməyibsə) anlamaq üçün çox yaxınlarda baş verənləri xatırlamaq lazım gələcək.

12 dekabr 2022-ci il tarixindən 28 aprel 2023-cü il tarixədək azərbaycanlı ekoloji fəallar Laçın-Xankəndi yolunda dinc aksiya keçiriblər. Qeyd edək ki, onlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi zonada faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bununla bağlı ekoloji fəsadlara etiraz ediblər.

Daha sonra ekoloji fəallarımız qeyri-qanuni istismarı və ekoloji təhlükəni dayandırmağa nail oldular. Dünyanın aparıcı ölkələrindən onlara havadar olan ermənilərin bütün fəryadlarına baxmayaraq, vətəndaşlarımız inadkarlıq nümayiş etdirdilər. Bu aksiyanın məntiqi nəticəsi Laçın yolunda sərhəd buraxılış məntəqəsinin yaradılması oldu.

Və belə bir uğurdan sonra bəzi qanun qoruyucularımız Azərbaycan dövlətinin imicinə “ayı xidməti” göstərərək, ölkəmizi dünya ictimaiyyətinin gözündə nüfuzdan saldılar. Artıq erməni mediası və “Telegram” kanalları bu xəbəri götürüb şar kimi şişirtməyə başlayıblar.

Sözsüz ki, onlar Azərbaycana qarşı böhtan kampaniyası üçün özümüzdən belə “kozır”-hədiyyə  gözləmirdilər. O da ola Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən. Digər ölkələrdən olan erməni kuratorlar da fürsətdən istifadə edərək ölkəmizi növbəti dəfə neqativ şəkildə təsvir etməyə ciddi-cəhdlə çalışacaqlar.

Bəli, Gədəbəy polisləri xüsusi “qəhrəmanlığa görə təşəkkürə” layiqdirlər, onların bişirdiyi sıyığı isə diplomatlarımız “qaşıqlamalı” olacaqlar. Atalar necə də dəqiq deyib: bir dəli quyuya daş atdısa, on ağıllı adam onu oradan çıxarmaq barədə düşünməli olacaq...

Müəllif: Fed Bakinski