Bərdədə “bardak”

Cəmiyyət

01.06.2020 - 19:40

Ağıla gəlməzdi ki, Fenimor Kuperin qəhəramanları Azərbayanda peyda olacaqlar

 

Bir zamanlar bu sətirlərin müəllifi Fenimor Kuperin əsərlərinə yaman aludə olmuşdu. Kuper ağdərili olsa da, “qırmızıdərili” hinduların taleyinə obyektiv baxışı ilə seçilirdi. O zaman ağlıma da gəlməzdi ki, Kuperin qəhəramanları Azərbayanda da peyda olacaqlar.

 

Düzdür, yumşaq kreslolarda oturan indiki “ağdərililər” elə də qaniçən deyillər, amma qan iyi bir az gəlir. Zaman keçib, amma bu insanların şakəri dəyişmir ki, dəyişmir. Tamahkarlıq – heç zaman azalmayan bir bəladır.

 

Obrazlı desək, Kuperin qəhrəmanları XXI əsrdə Azərbaycanda baş qaldırdılar. Və indi azərbaycanlılar da XIX əsrin hindularının üzləşdikləri problemlə üz-üzədirlər.

 

Bir neçə gün əvvəl Bərdənin Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün otlaq tələbi ilə aksiya keçirdilər. Polis aksiyanı dağıtdı və kəndin 14 sakini saxlanıldı. Zaman-zaman İsmayıllı, Zərdab, Quba, Biləsuvar, Ağstafa, İmişli, Şamaxı, Kürdəmir, Balakən və Qax rayonlarının sakinləri də mal-qaralarını otarmaq üçün otlaqların olmamasından şikayətçi olublar.

 

Yerli mətbuatın yazdığına görə, bərdəliləri aksiya keçirməyə məcbur edən səbəb rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qaradırnaqlılara məxsus olan 40 hektar torpağı mənimsəməsi olub. Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə şöbəsinin müdiri Bəxtiyar Əliyev isə AYNA-ya deyib ki, bir neçə il əvvəl bəzi iş adamları Qaradırnaq bələdiyyəsinin fondunda olan torpaqları icarəyə götürüblər.

 

“İndi isə yerli fermerlər tələb edirlər ki, həmin torpaqlar alınıb, maq-qara otarmaq üçün onlara verilsin. Axı bu torpaqların qanuni yiyələri var! Onlar qanuni şəkildə bu torpaqları əldə ediblər. Biz qanunu necə pozaq?”, - RİH nümayəndəsi bildirib.

 

Azərbaycan Fermerlər Birliyinin (AFB) rəhbəri Sadıx Murtuzayev isə Bəxtiyar Əliyevin dedikləri ilə razılaşmır: “Hansı qanundan gedir söhbət? Məmurlar bələdiyyə torpaqlarını zəbt ediblər. İndi də insanlar mal-qaralarını otarmağa otlaq tapa bilmirlər. Hesab edirəm ki, onların tələbləri haqlıdır”.

 

Bələdiyyə.az saytının baş redaktoru Vüqar Tofiqli deyir ki, hər bir vətəndaş auksion vasitəsi ilə bələdiyyə fondunun satışa çıxarılmış torpaqlarını ala və ya icarəyə götürə bilər.

 

Bərdə RİH başçısının Qaradırnaq kənd üzrə icra nümayəndəsi Ərşad Abdullayevin AYNA-ya dediyinə görə, bu problem məhkəmə yolu ilə həllini tapacaq. Bələdiyyə torpaqlarının iş adamlarına verilməsini tam qanuni hesab edən Abdullayev, bununla belə, məhkəminin bu qərarı dəyişdirəcəyini də istisna etmir. 

 

Ümid etmək istərdik ki, məhkəmə ədalətli qərar qəbul edəcək, və kəndlilər öz mal-qaralarını otarmaq üçün otlaq yeri əldə edəcəklər. Amma, təəssüf ki, Azərbaycan məhkəmə sistemi idealdan çox uzaqdır və Femida qulluqçularının bəzən “gözlərindəki sarğını açmaları” faktları da tez-tez müzakirə predmeti olur.

 

P.S. Kuperə qayıdaq... Hinduların ədalət varədə öz təsəvvürləri vardı – onlar düşmənlərin skalpını (baş dərisini) çıxarırdılar. Amma, indi dövr dəyişib...

Müəllif: Rəşad Rüstəmov