Rusiya müdafiə naziri Pentaqonun rəhbərinə Ukraynanın “gizli əməliyyat” hazırlamasından şikayət edib
Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də Moskvanın təşəbbüsü ilə Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı zamanı amerikalı həmkarına Rusiya Federasiyasına qarşı “gizli əməliyyat hazırlayan” Ukraynadan şikayət edib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” adlarını açıqlamamaq istəyən üç ABŞ rəsmisinə istinadən yazıb.
Söhbət zamanı Rusiya Müdafiə Nazirliyinin rəhbəri iddia edib ki, Ukrayna tərəfinin hazırladığı xüsusi əməliyyat guya Vaşinqtonla razılaşdırılıb.
“Pentaqon Kiyevin bu cür planları barədə heç nə bilmirdi və Belousovun təqdim etdiyi məlumatdan təəccübləndi”, mənbələr deyiblər.
Bununla belə, rusiyalı nazirin çağırışı “olduqca ciddi” qarşılanıb: amerikalılar Ukrayna ilə əlaqə saxlayıb, əgər həqiqətən planlaşdırılıbsa, əməliyyatı həyata keçirməməyi xahiş ediblər. Kiyevin konkret olaraq nə etmək niyyətində olduğu və təhlükənin nə dərəcədə real olduğu barədə nəşr məlumat vermir.
İyulun 12-də Lloyd Ostin Andrey Belousovla telefon danışığı aparıb. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Pentaqonun məlumatına görə, Ostin söhbət zamanı Vaşinqton və Moskva arasında rabitə kanallarının saxlanmasının vacibliyindən danışıb. Pentaqon başqa təfərrüatları açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi öz növbəsində bildirib ki, söhbət zamanı “təhlükəsizliyə təhdidlərin qarşısının alınması və mümkün eskalasiya riskinin azaldılması məsələsi müzakirə olunub”.
Bundan əvvəl Ostin və Belousov iyunun sonunda bir-birlərinə zəng ediblər. Daha sonra Pentaqon məlumat verib ki, söhbət zamanı ABŞ müdafiə naziri Ukraynadakı münaqişə kontekstində kommunikasiya xətlərinin əhəmiyyətindən danışıb. Rusiya Müdafiə Nazirliyi danışıqlardan sonra bildirib ki, nazirlər “Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”.